9 fevral 2020-ci il tarixinə təyin olunan növbədənkənar parlament seçkilərində müxalifət partiyası olan Müsavat Partiyası da iştirak edəcək. Belə ki, sözügedən partiya parlament seçkilərinə 78 dairədən 81 namizədlə gedir.
Ancaq namizədlərin tərkibinə nəzər saldıqda məlum olur ki, orada tanınmış, cəmiyyətdə hansısa çəkisi olan şəxslərin sayı barmaqla sayılacaq qədər azdır. Müqayisə üçün qeyd edək ki, Müsavat Partiyası 2000-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində proporsional seçki sistemi üzrə 25 nəfərlik deputatlığa namizədlə iştirak etməsinə rəğmən, həmin siyahıda olan şəxslər daha populyar idi və cəmiyyətdə tanınırdılar. Namizədlərin içərisində çoxsaylı tanınmış ziyalı var idi. Ancaq Müsavatın hazırkı siyahısında olan namizədlərin böyük əksəriyyəti tanınmayan şəxslərdir. İctimai rəydə hansısa çəkiyə malik deyillər. Müsavatın 2000-ci ildəki məşhur 25 nəfərlik namizədlər siyahısındakılardan hazırda cəmi 6 nəfər partiyada qalır. Əksəriyyət partiya sıralarını tərk edib. Bir zamanlar partiyada olan ziyalıların çoxu artıq oradan uzaqlaşıb. Bu baxımdan Müsavatın 2000-ci və 2019-cu ildəki deputatlığa namizədlər siyahısını müqayisə etdikdə yaranan hazırkı mənzərəni ekspertlər necə dəyərləndirirlər?
“...bu cür zəif siyahının ortaya çıxması gözlənilən idi”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı partiyanın zəif namizədlərlə seçkiyə getməsini bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi Müsavat Partiyasının son illər əhəmiyyətli dərəcədə zəifləməsidir. Nəzərə almaq lazımdır ki, ötən illər ərzində sözügedən partiya bir neçə dəfə parçalanmaya məruz qalıb. Zamanla bir çox tanınmış şəxs partiyanı tərk etdi. Bu da səbəbsiz deyildi. Çünki partiya gözləntiləri doğrultmadı. Ölkədə keçirilən seçkilərdə heç bir uğur əldə edə bilmədi. Digər tərəfdən, 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı başqan olandan sonra partiya parçalandı. Qubad İbadoğlu və onun tərəfdarları partiyadan ayrıldılar. Digər tanınmış şəxslər də Müsavatdan ayrılaraq başqa bir siyasi təşkilat yaratdılar. Nəticədə Azərbaycan ictimaiyyəti tərəfindən tanınmış şəxslərin bir çoxu, xüsusən də ziyalılar partiyadan getdilər. Onların yerinə yeni simalar gəlsə də, həmin şəxslər ictimaiyyətdə elə də tanınmır. O üzdən, bu cür zəif siyahının ortaya çıxması gözlənilən idi. Hər halda, tanınmayan şəxslərin partiyadan namizədliyinin irəli sürülməsi onların seçkidə uğur qazanmasına kölgə sala bilər. Bu indidən aşkar görünür”.
Vidadi ORDAHALLI