Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra vacib bəyanatlarla çıxış edib. V.Zelenski deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətinin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edib:
“Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm”.
Faktiki olaraq görünür ki, Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulanıb. Ukrayna Prezidentinin Bakıda dediyi “söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir” cümləsi Dağlıq Qarabağ münaqişəsində Ukraynanın, birmənalı olaraq, Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. Bununla Zelenski, faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistanın isə işğalını pislədiyinə dair konkret mövqe ortaya qoymuş olub. Zelenskinin bu korrekt mövqeyi nə anlama gəlir və bunun Ermənistan üçün hansı əhəmiyyəti ola bilər?
Qabil Hüseynli: “Artıq Ermənistan əyani şəkildə görməlidir ki, dünya ölkələri və onların başçıları separatizmi, işğalı, ilhaqı qəbul etmir və onunla barışmırlar”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zelenski, əslində, həqiqəti danışıb: “Ermənilərin onun çıxışından dərin narahatlıq keçirdikləri aydındır. Ancaq gərək bu narahatlığı əməllərində də ifadə edib, işğaldan, separatizmdən əl çəksinlər. Ukrayna Prezidenti beynəlxalq hüququn göstərdiyi bütün müddəaları daha geniş şəkildə, ətraflı izah edib. Onun dediklərinin hamısı beynəlxalq hüququn normalarıdır və dünya tərəfindən, birmənalı olaraq, qəbul edilir. O öz ölkəsi və Azərbaycanın timsalında baş verənləri aqressiv separatizm, dövlətlərin ərazi bütövlüyünü hansısa ölkələrə söykənərək pozmaq cəhdi kimi dəyərləndirib. Üstüörtülü şəkildə hər iki ölkəyə dəyən zərbənin eyni mərkəzlər tərəfindən istiqamətləndirildiyini söyləmək istəyir. Artıq Ermənistan əyani şəkildə görməlidir ki, dünya ölkələri və onların başçıları separatizmi, işğalı, ilhaqı qəbul etmir və onunla barışmırlar. Bilsinlər ki, proses daha çox özünə tərəfdar toplayacaq. Bilirsiniz ki, Ukrayna da separatizmdən ciddi əziyyət çəkir. Ölkənin böyük bir ərazisinə, faktiki olaraq, nəzarət edə bilmir. Yəni eyni dərdli ölkələrik. Postsovet məkanında olan ölkələrin Ermənistandan bu və ya digər səbəblərə görə üz döndərməsi İrəvanın təklənməsi və daha çox tərəfdar itirməsi anlamına gəlir”.
Məhəmmədəli QƏRİBLİ