Ölkədə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinin daha demokratik şəraitdə keçəcəyinə inam çoxdur. Məhz buna görədir ki, bu seçkidə daha çox namizəd deputat olmaq istəyini ortaya qoyub.
Artıq 11 siyasi partiya da seçkidə iştirak edəcəyini bəyan edib. Ancaq seçkilərdə iştirak etmədiyini bildirən fərdlər və təsisatlar da var. Onlar seçkidə iştirak etməmələrinin başlıca səbəbini MSK-da islahatların aparılmaması ilə izah edirlər. Həmin dairələr belə arqumentlə çıxış edirlər ki, köhnə MSK ilə yeni seçkiləri tam demokratik keçirmək mümkün olmayacaq.
Dolaşan bu versiya ilə bağlı hakim partiyanı təmsil edən deputatların mövqeyi necədir?
Elman Nəsirov: “9 fevral tarixində məhz indiki MSK-nın təşkilatçılığı ilə ölkədə demokratik seçki keçiriləcək”
Millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə ittihamların heç bir halda real əsası yoxdur: “Bəli, ölkədə cənab Prezidentin iradəsi ilə çox ciddi islahatlar həyata keçirilir. Prezident özünün inauqurasiya mərasimində bu islahatların anonsunu vermişdi. Həmin islahatlar parlamenti də əhatə edir. İndidən bəzi dairələr seçkilərin nəticələrinə şübhə salan təbliğata start veriblər. Azərbaycan hakimiyyəti seçkiləri azad, şəffaf və demokratik qaydada keçirmək iqtidarındadır. Sizin dediyiniz şayiələri yayanlar öz güclərinə və sosial bazalarına yaxşı bələd olanlardır. Bilirlər ki, demokratik seçkidə önə çıxmaq şansları yoxdur. Bu səbəbdən də əsası olmayan fikirləri dövriyyəyə buraxırlar. Onlar özlərini yalnız sosial şəbəkələrdə böyük görə bilərlər. Ancaq real həyatda, seçkidə real güc ortaya qoymaq lazımdır. Artıq dünyanın ən nüfuzlu reytinq agentlikləri belə Azərbaycanın irəliləyişini təsdiqləyir”.
Millət vəkilinin sözlərinə görə, bu gücü yaradan Azərbaycan xalqıdır və ondan mandat alan Azərbaycan iqtidarıdır: “Həmin siyasətin nəticəsi olaraq biz islahatlara da qorxmadan gedirik. MSK öz səlahiyyətləri daxilində seçkinin tam qanuni keçirilməsini təmin edəcək. Həmin qurumun işinə kölgə salmağa da ehtiyac yoxdur. Boykot yolunu seçənlər bilsinlər ki, xalq onları çoxdan boykot edib. Elə buna görədir ki, üzə çıxa bilmirlər. Əsas məsələ budur ki, MSK-nın işinə kölgə salmaq istəyənlərin seçkidə qalib gəlmək şansları tam sıfıra bərabərdir. Bu da bulanıq suda balı tutmaq sevdasına bənzəyir. 9 fevral tarixində məhz indiki MSK-nın təşkilatçılığı ilə ölkədə demokratik seçki keçiriləcək. Həmin seçkinin də şəriksiz favoriti YAP-dır. Bu, ətrafında 750 min insanı birləşdirən bir siyasi təşkilatdır. Sizcə, ondan önə keçmək olarmı? YAP-ın yarandığı vaxtdan indiyə kimi seçkilərdə əldə etdiyi zəfər bu dəfə də təkrarlanacaq”.
Məhəmmədəli QƏRİBLİ