12/12/2019 17:44
728 x 90

Nazirlər Kabinetində struktur islahatları nazirlərin də dəyişdirilməsi ilə nəticələnəcək...

İlqar Hüseynli: “Bu, olmayacaqsa, islahatların uğurundan danışa bilmərik”

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəni qəbul edən zaman aparılan islahatların Nazirlər Kabinetini də əhatə edəcəyini bildirib: "Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi.

Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən, struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".

Prezidentin Nazirlər Kabineti ilə də bağlı islahatların aparılacağına dair verdiyi anonsdan bu nəticəni çıxarmaq olarmı ki, bu proses bəzi nazirlərin dəyişdirilməsi ilə nəticələnəcək?

  • “Nazirlər Kabinetini əhatə edəcək islahatların fonunda, bəzi nazirlər portfeli ilə vidalaşmalı olacaq”

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetində gözlənilən islahatların dalğası ciddi yeniliklər vəd edir: “Birbaşa Nazirlər Kabinetinə tabe olan bəzi komitələrin yenidən qurulması və ya birləşdirilməsi prosesi baş verə bilər. Eyni zamanda, Nazirlər Kabinetinin bəzi funksiyalarının artırılması məsələsi gündəmə gələ bilər. Bütün bunlar da bizə struktur islahatlarının elementlərinin olduğunu söyləməyə əsas verir. Bir ekspert kimi mənim qənaətim ondan ibarətdir ki, bir neçə komitənin başqa strukturlara birləşdirilməsinə zərurət var. Elələri var ki, onların, ümumiyyətlə, ləğvi təşəbbüsü irəli sürülməlidir. Bu sırada  Diasporla İş Komitəsi və ya ailə, qadın, uşaq problemləri ilə məşğul olan komitənin adını çəkə bilərəm. Çünki bu qurumların ayrıca bir dövlət qurumu şəklində fəaliyyətinə ehtiyac yoxdur. Bəzi ölkələrin təcrübəsindən görürük ki, diaspor işi ilə səfirliklər məşğul olur. Hesab edirəm ki, bu islahatlar həm də büdcə vəsaitlərinin qənaətinə gətirib çıxara bilər. Həm də daha çevik və daha operativ fəaliyyət göstərən mexanizm qurula bilər. Bu islahatlarda əsas hədəf ondan ibarət olmalıdır ki, həm gəncləşmə siyasəti olsun, həm də çeviklik təmin olunsun. Eyni zamanda, yeni yaradılan qurumlara geniş səlahiyyətlər verilməlidir. Bu olmayacaqsa, islahatların uğurundan danışa bilmərik. Hesab edirəm ki, Nazirlər Kabinetini əhatə edəcək islahatların fonunda, bəzi nazirlər portfeli ilə vidalaşmalı olacaq. Proses bu şəkildə davam edirsə, bir çox qurumda rəhbərlərin əvəzlənməsinə şübhə qalmır. İslahatların dərinləşməsi bunu mütləq mənada tələb edir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər