12/12/2019 18:31
728 x 90

Lavrov Mehriban Əliyevanın Moskvada əldə etdiyi razılaşmaların birini də açıqladı

Fikrət Sadıqov: “Gənclər Forumunun müntəzəm keçirilməsi iki ölkə münasibətlərinin inkişafında strateji baxımdan mühüm əhəmiyyətə malik ola bilər”

img

“Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin daha bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu”. Bu sözləri Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Rusiya Xarici İşlər naziri bununla bağlı bir sıra məqamlara toxunub: “Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir. Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza gəldikdə, biz sıx qarşılıqlı fəaliyyəti, həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik”.

Lavrov görüşdə onu da qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi sürətlə artır. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir.

Bütün bunlarla yanaşı, Rusiya-Azərbaycan Gənclər Forumunun müntəzəm keçirilməsi barədə razılaşmanın əldə olunması iki ölkə əlaqələrində keyfiyyət baxımdan yeni imkanlar yaradacaq. Ümumilikdə, sözügedən forumların müntəzəm keçirilməsi Rusiya-Azərbaycan münasibətlərində strateji baxımdan nə kimi rola malikdir?

  • “Gənclər nəinki bundan xəbərdar olmalı, həmçinin, bu prosesdə yaxından iştirak etməlidirlər”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov buna bir neçə kontekstdən yanaşdı: “Məsələ ondadır ki, yeni nəslin nümayəndələri baş verən hadisələr, ikitərəfli münasibətlərin müxtəlif aspektləri haqqında bilməlidirlər. Onlar nəinki bundan xəbərdar olmalı, həmçinin, bu prosesdə yaxından iştirak etməlidirlər. Ona görə də bu istiqamətdə cavan nəslin iştirakı mütləqdir və labüddür. Çünki bu, hər iki ölkənin cavanları üçün lazımdır. Bütün bunlar təbii ki, forumlar çərçivəsində, ikitərəfli və çoxtərəfli görüşlər zamanı həyata keçirilməlidir. Bununla bağlı müxtəlif konfransların keçirilməsinə ehtiyac var. Tək bəyanatlar verməklə iş bitmir. Bununla bağlı birgə tədbirlər təşkil edilməlidir. Həmçinin, birgə aksiyalar keçirilməlidir. Bu cür aksiyalar ənənəvi xarakter daşıyan ikitərəfli münasibətlərin göstəricisi olmalıdır. Sözügedən münasibətlərin bundan sonra da inkişafına təkan verilməlidir. Hesab edirəm ki, sözügedən prosesdə cavanların rolu, iştirakı ölkələr arasında münasibətlərin inkişafına böyük töhfələr verəcək. Ona görə də Rusiya-Azərbaycan Gənclər Forumunun müntəzəm keçirilməsi iki ölkə münasibətlərinin inkişafında strateji baxımdan mühüm əhəmiyyətə malik ola bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər