15 ölkədən (Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Seneqal, Serbiya, Ruanda, Uruqvay, Vyetnam və Yəmən) olan diplomatların iştirak etdiyi proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr, işçi seminarlar təşkil edilib. Həmçinin proqram çərçivəsində əcnəbi diplomatlar Azərbaycan Respublikasının Milli Məclisində, Xarici İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.
Proqramın bağlanış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılarla görüşüb və onlara proqramı müvəffəqiyyətlə bitimələrinə dair sertifikatlar təqdim edib. Əcnəbi diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik və bacarığın, təcrübənin onların gələcək fəaliyyətləri üçün faydalı olacağını bildiriblər.
Məlumat üçün qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency – AIDA) 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi və xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.