12/12/2019 17:04
728 x 90

Azərbaycan və Ermənistan XİN başçılarının Bratislava görüşündən nəsə gözləməyə dəyərmi...

Əli Orucov: “Bratislava görüşündən ciddi bir nəticə gözləmirəm”

img

Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutacaq.

Məlumat üçün qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib. Bundan başqa, bu il oktyabrın 11-də MDB-nin Aşqabad sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti və gərginliyin azaldılması imkanlarını müzakirə ediblər. Bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 15-dən 17-dək Ermənistan və Azərbaycanda səfərdə olublar. Onlar hər iki ölkənin rəhbəri və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının təmsilçiləri ilə görüşüblər.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsələr də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabərhüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır. Ancaq bütün bunlara baxmayaraq, danışıqlarda heç bir irəliləyiş yoxdur. Bütün bunları nəzərə alsaq, XİN başçılarının Bratislava görüşündən nə gözlənir?

  • “Nikol Paşinyan hakimiyyətə gələndən aqressiya daha da artıb, ritorika tamamilə dəyişib”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu görüşdən hansısa ciddi nəticə gözlənilmir: “Bü günədək Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı müxtəlif səviyyələrdə və formatlarda onlarla görüş keçirilib. Hər dəfə Ermənistanın destruktiv mövqeyi səbəbindən konfliktin həlli istiqamətində hansısa irəliləyişə nail olunmayıb, sülh prosesi dalana dirənib. Nikol Paşinyan hakimiyyətə gələndən aqressiya daha da artıb, ritorika tamamilə dəyişib. İrəvan və Moskva Azərbaycana təzyiq göstərərək separatçı rejimi də müstəqil tərəf kimi sülh prosesinə qatmaq istəyirlər. Rusiya Xarici İşlər naziri Lavrovun “Dağlıq Qarabağ “xalqnın” iradəsindən kənar hər hansı həll variantı mümkün deyi” deməsi təhlükəli planlardan xəbər verir və bu, ciddi siqnal kimi qəbul edilməlidir. Yeri gəlmişkən indi də Rusiya təzə bir əcaib termin çıxarıb - Dağlıq Qarabağ tənzimlənməsi. Bu terminin gündəmə gətirilməsinə Azərbaycan siyasiləri də ilkin etirazlarını bildiriblər. Bu, Moskvanın hiyləgər bir gedişidir ki, buna qətiyyən imkan vermək olmaz”.

Ə.Orucovun fikrincə, hazırkı situasiyada müsbət irəliləyiş gözlənilmir: “Bratislava görüşündən ciddi bir nəticə gözləmirəm. Çünki Ermənistan Dağlıq Qarabağı öz ərazisi hesab etməkdən çəkinməyib və işğalçı siyasətindən imtina etməyib. İşğal olunmuş ərazilərimizdə məskunlaşma siyasətini davam etdirir, infrastruktur yaradır. Görüş nəticəsiz olacaq. Tərəflər ümumi bəyanatlar verməklə işlərini bitmiş hesab edəcəklər. Dəfələrlə deyilib ki, Azərbaycan hərbi-siyasi vasitəyə əl atmalı, təcavüzkarı nəticəli danışıqlara oturmağa məcbur etmək üçün gücdən istifadə etməlidir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər