15/12/2019 17:31
728 x 90

Yeni Milli Məclisdə kimlər olmasın…

Arzuxan Əlizadə: “Hesab edirəm ki, Milli Məclis yaşlı, bir dəfə də olsun danışmayan, passiv fəaliyyət göstərən deputatlardan qurtulmalıdır”

img

Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclasın çağırılmasını xahiş edib. O. Əsədov qeyd edib ki, Azərbaycanda Nazirlər Kabineti, idarəetmə orqanları, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri edib.

Daha sonra müzakirələr başlayıb. Müzakirələrdən sonra Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsini oxuyub. Layihə səsə qoyularaq qəbul edilib.

Məlum məsələdir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi cəmiyyətdə böyük maraqla izlənir. Cəmiyyət buna aparılan islahatların tərkib hissəsi kimi yanaşır. O baxımdan seçiləcək yeni parlamentdən, ən başlıcası, onun tərkibinin formalaşmasından gözləntiləri çoxdur. Arzuolunandır ki, parlamentin tərkibində keyfiyyət baxımından ciddi yeniliklər olsun. Heç vaxt parlamentdə danışmayan, hansısa məsələyə münasibət bildirməyən şəxslərin Milli Məclis üzvü olması arzuolunmazdır. Biznes fəaliyyəti ilə bu və ya digər formada məşğul, yaxud da bağlı olan şəxslərin parlamentdə yer alması yolverilməzdir. Çünki belələrinin orada olması qanunverici orqanı hörmətdən salır. Sabiq millət vəkili Rəfail Cəbrayılovun timsalında yaşanan biabırçılıq deyilənlərə əyani sübutdur. Digər tərəfdən, elələri var ki, 25-30 ildir mandat sahibidirlər. Belələrinin parlamentdə olması cəmiyyətdə ikrah hissi yaradır. Çox yaxşı olardı ki, belələri yeni MM-də yer almasınlar. Mətbuatdan alət kimi istifadə edənlərin yenidən orada olması arzuedilən deyil.

Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər?

  • “Hansısa oliqarxla bağlılığı olan şəxslərin yeni parlamentdə olmasına yol verilməməlidir”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, yeni parlament dinamik olmalıdır: “Bunun üçün də bir sıra məqamlar nəzərə alınmalıdır. Ən başlıcası, daha dinamik və bacarıqlı şəxslərin parlamentə düşməsinə şərait yaradılmalıdır. Hansısa oliqarxla bağlılığı olan şəxslərin yeni parlamentdə olmasına yol verilməməlidir. Çünki belələri qanunverici orqanın imicinə, qurumun müstəqil fəaliyyət göstərməsinə kölgə salır. Oliqarxların maraqlarına uyğun qanunların qəbul olunmasına çalışırlar və s. Bir sözlə, belələri müstəqil fəaliyyət göstərə bilmirlər. Hesab edirəm ki, Milli Məclis yaşlı, bir dəfə də olsun danışmayan, passiv fəaliyyət göstərən deputatlardan qurtulmalıdır. Cəmiyyət illərlə parlamentdə oturan, amma heç bir fəaliyyəti ortada olmayan deputatlardan bezib. O üzdən, parlamentdə yeni simalar olmalıdır. Digər tərəfdən, real və sağlam müxalifət partiyalarından olan namizədlərin MM-də olmasına ehtiyac var”.

Vidadi ORDAHALLI

Son xəbərlər