16/12/2019 00:35
728 x 90

Hər yerindən qalxanın açıq deputatlıq iddiası – MM üzvlüyü bu qədər sadələşdirildimi...

Ramil Hüseynov: “Bir çoxunın təsəvvüründə deputat olmaq rahat iş və böyük nüfuz sahibi olmaq anlamına gəlir”

img

Məlum olduğu kimi, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub. Yəni artıq qanunverici orqan yola salınır.

O da məlumdur ki, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisə deputat seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Ancaq çox qəribədir ki, YAP-ın məlum qərarından sonra, deputat olmaq istəyənlərin sayı sürətlə artır. Daha dəqiq desək, bu istəklə çıxış edənlərin sayı artmaqdadır. Kim gəldi deputat olmaq istəyir. Şou müğənniləri, müxtəlif sənət adamları, işi-gücü ancaq “Facebook”u izləməkdən ibarət olan şəxslər deputat olmaq eşqinə düşüblər. Sanki deputat seçilmək, bunun məsuliyyətini daşımaq o qədər asandır. Bütün hallarda, cəmiyyətdə deputat olmağa meylin artması nə ilə bağlıdır?

  • “Hansısa tanınmış müğənni olmaq o demək deyil ki, belələri mütləq deputat olmalıdır”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, belə meyllərin artması bir sıra məqamlardan irəli gəlir: “Məsələ ondadır ki, cəmiyyətdə millət vəkili olmaqla bağlı təsəvvürlər fərqlidir. Bir çoxunun təsəvvüründə deputat olmaq rahat iş və böyük nüfuz sahibi olmaq anlamına gəlir. Ən başlıcası, kənardan elə təəssürat yaranır ki, millət vəkili olmaq məmur olmaqdan daha asandır. Çünki məsuliyyəti azdır. Əsasən bu səbəbdən son günlər bir çoxu deputat olmaq istəyinə düşüb. Əslində, əvvəllər də belə tendensiya var idi. Yəni əvvəlki parlament seçkilərində də deputat olmaq istəyənlər çox olub. Xüsusən də 2005-ci il seçkilərində bu özünü daha qabarıq formada göstərdi. Həmin il namizədlərin qeydiyyata alınması proseduru sadələşdirildi. Bu səbəbdən, necə gəldi, bir çoxu namizədliyini verdi. Sonrakı parlament seçkilərində bu tendensiya bir qədər azaldı. Ancaq yenə də buna meyl var idi. Son günlər isə bu tendensiyanın yenidən aktivləşdiyini müşahidə edirik. Əslində, deputat olmaq o qədər də asan deyil. Bunun üçün gərək namizədin yaşadığı seçki dairəsində nüfuzu, tərəfdarları olsun. Cəmiyyət bu şəxsi ciddi qəbul etsin. Bunun üçün cəmiyyətlə işləmək, imza toplamaq lazımdır. Hansısa tanınmış müğənni olmaq o demək deyil ki, belələri mütləq deputat olmalıdır. Bunlar tamam fərqli məsələlərdir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər