12/12/2019 09:17
728 x 90

Ermənipərəst ABŞ konqresmenləri Ermənistana yardım qanunu üçün lobbiçiliyə başladı...

Ramil Hüseynov: “Düşünmürəm ki, yaxın perspektivdə ABŞ-da Ermənistana yardımla bağlı qanun qəbul edilsin”

img

Erməni mətbuatının yazdığına görə, ABŞ-da Ermənistana yardım qanununun qəbul edilməsi ilə bağlı proseslər başlayıb. Bununla bağlı qeyd olunur ki, ABŞ Konqresində ermənipərəst konqresmenlər bu yöndə aktivliklərini artırırlar.

ABŞ-da səfərdə olan Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri Lilit Makunts bildirib ki, Ermənistan-ABŞ dostluq qrupu Birləşmiş Ştatların Ermənistana yardım qanununun qəbul edilməsi prosesinə təşəbbüs göstərir. Belə ki, Vaşinqtonda keçirilən ekspert forumunda çıxış edən L.Makunts bir az da irəli gedərək, belə bir qanunun qəbulunun tezləşdirilməsi ilə bağlı fikirlər səsləndirib. O iddia edib ki, belə bir qanun qəbul edilsə, bu, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq: “Bəyanatlardan öhdəliklərə keçmək lazımdır. Bu akt hər iki tərəfin öhdəliklərini əhatə edir”.

L.Makunts onu da qeyd edib ki, Ermənistana yardım aktı strateji əlaqələrin məntiqi davamıdır: “Təşəbbüs Konqresdəki tərəfdaşlardan dəstək aldı”.

Görünən odur ki, erməni lobbisi indiki şəraitdə fəallığını artıraraq ABŞ-dan daha çox yardım qoparmaq və bunun miqyasını genişləndirmək istəyir. Bunun üçün də sözügedən məsələ ilə bağlı səylərini artırıblar. Hesab edirlər ki, ABŞ-Türkiyə münasibətlərində yaranan fikir ayrılıqları buna əlverişli zəmin yaradır.

Maraqlıdır, bəs ekspertlər ABŞ-da Ermənistana yardım qanununun qəbul edilməsi perspektivini necə dəyərləndirirlər?

  • “Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanla bağlı Vaşinqtonun gözləntiləri özünü doğrultmadı”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, erməni lobbisi çoxdan bu yöndə səy göstərir: “Bu çox təhlükəli tendensiyadır. Nəzərə almaq lazımdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edəndən sonra ermənilərin bununla bağlı ümidləri artıb. Hesab edirlər ki, bununla bağlı təşəbbüslərin yenidən qaldırılması üçün ən uyğun vaxtdır. Ancaq düşünmürəm ki, yaxın perspektivdə ABŞ-da Ermənistana yardımla bağlı qanun qəbul edilsin. Məsələ ondadır ki, hər şey Konqresdəki ermənipərəst konqresmenlərin istəyi ilə ölçülmür. Super güc olaraq ABŞ-ın özünün də dövlət maraqları var. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanla bağlı Vaşinqtonun gözləntiləri özünü doğrultmadı. ABŞ ümid edirdi ki, Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxaracaq. Yaxud da, ən azından, bu yöndə səylərini artıracaq. Ancaq gözləntilərin əksinə olaraq, Paşinyan Rusiya ilə daha da yaxınlaşma kursu götürdü. Belə olan halda, ABŞ Ermənistana yardımı niyə artırsın ki? O üzdən, bu təşəbbüslərin reallaşacağını düşünmürəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər