12/12/2019 02:43
728 x 90

Qafqazda həm Rusiyanın, həm də Azərbaycanın marağında olan böyük hədəf - İlham Əliyevin din xadimləri ilə görüşündən dünyaya daha bir diqqətçəkən mesaj...

Arzuxan Əlizadə: “Dinlərarası dialoq formatı hər iki ölkənin maraqlarına uyğun davam etdirilməlidir”

img

“Mövcud sabitliyi qoruyub inkişaf etdirmək üçün qarşılıqlı birgə fəaliyyət davamlı olmalıdır”

Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Bunu Prezident İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Ölkə başçısının sözlərinə görə, görüşlər və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir: “Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir". Dövlət başçısı deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə çoxsaylı görüşləri iki ölkənin dostluq, mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsində çox mühüm rol oynayır: “Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük. Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır”. Görünən odur ki, sadalanan məsələlərlə bağlı iki ölkə arasında qarşılıqlı əmkdaşlıq inkişaf edir. Qafqazda çoxşaxəli qarşılıqlı fəaliyyət, əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundur.

Sözügedən məsələni dəyərləndirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, sadalanan sahələrdə Rusiya ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, Qafqazın etnik tərkibi çoxşaxəlidir. Xüsusən də Şimali Qafqaz regionu. Şimali Qafqazda çox sayda müxtəlif azsaylı millətlər yaşayır. Bunların büyük hissəsi müsəlmanlardır. Ona görə də bölgədə sabitliyin qorunması hər iki ölkə üçün vacib əhəmiyyət kəsb edir. Sabitlik olmadan regionun sosial-iqtisadi inkişafını təmin etmək, bir sıra irimiqyaslı nəqliyyat və enerji layihələrini həyata keçirmək çətindir. Ona görə də mövcud sabitliyi qoruyub inkişaf etdirmək üçün qarşılıqlı birgə fəaliyyət davamlı olmalıdır. Bütün sahəlrdə dialoq olmalıdır. O cümlədən, dinlərarası dialoq formatı hər iki ölkənin maraqlarına uyğun davam etdirilməlidir. Bu kimi təmaslar hər zaman lazımlı əhəmiyyət kəsb edir. O baxımdan hesab edirəm ki, bundan maksimum səmərəli istifadə etmək lazımdır. Dinlərarası dialoq ümumi işin xeyrinədir. Nəzərə almaq lazımdır ki, Qafqaz çox həssas bir regiondur. Bir sıra geosiyasi maraqlar burada kəsişir”.

Vidadi ORDAHALLI

Son xəbərlər