14/12/2019 11:12
728 x 90

Trampla Ərdoğanın söhbətləri ABŞ-da erməni lobbisinin “burnunu ovdu”

img

ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı məlum qətnamədən sonra İrəvan bunu mühüm diplomatik qələbəsi kimi bayram edərək, Vaşinqtonda yeni nailiyyətlər əldə edəcəyini iddia edirdi. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri ermənilərin bu sevincinin uzun sürməsinə imkan vermədi.

Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, erməni məsələsindən ABŞ, sadəcə, öz niyyətləri üçün istifadə etməyə çalışdı və reallıqda Türkiyənin onun üçün ön planda olduğunu göstərdi. O da vurğulanır ki, bu hal erməni lobbisinin ABŞ-da daha bir uğursuzluğu oldu: “Bundan əvvəl də erməni lobbisi ABŞ-ın Azərbaycana daha çox yardım ayırmasını əngəlləyə bilmədi. Soyqırım məsələsində də sevinc uzun sürmədi. Buna qarşı aparılan işlər Türkiyə üçün müsbət nəticələrini versə də, bizim lobbi üçün yeni məğlubiyyət oldu. Türkiyə və Azərbaycan lobbisi ABŞ-da xeyli fəallaşıb və onlar yəhudilərdən də dəstək alır”.

Xatırladaq ki, erməni lobbisi prosesin qarşısını almaq üçün Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərini əvvəldən əngəlləmək istəyirdi. Belə ki, bu səfərin qarşısını almaq üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının, 15-i Demokratlar Partiyasından olmaqla, 17 üzvü Donald Trampa məktub yazaraq Türkiyə liderinin səfərini ləğv etməyə çağırmışdı: “Ərdoğanın ABŞ-a səfər etməsi son dərəcə yersiz hadisədir. Bu dəvət geri çəkilməlidir”. Müraciəti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, Demokratlar Partiyasının üzvü Eliot Engel hazırlamışdı. Məktub müəllifləri hesab ediblər ki, Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı antiterror əməliyyatı ABŞ-ın milli təhlükəsizliyi baxımından fəlakətlə nəticələnər: “Bu, NATO daxilində dərin çatlar yaradar”. Məktub müəllifləri Donald Trampı inandırmaq üçün NATO müttəfiqi olan Türkiyənin S-400 almasını, Rusiya ilə yaxınlaşmasını da vurğulayıblar. Rəcəb Tayyib Ərdoğan isə səfərdən əvvəl hava limanında bildirmişdi ki, Türkiyə-ABŞ əlaqələri sancılı bir dövrdən çıxacaq.

Hər halda, bütün maneələrə baxmayaraq, Donald Trampla Rəcəb Tayyib Ərdoğanın görüşü gerçəkləşdi. 1 saat 15 dəqiqə davam edən görüşdən sonra prezidentlər  problemli məsələləri əsaslı surətdə aradan qaldırdılar. Bura “erməni soyqırımı” ilə bağlı məsələ də daxil oldu. Konqresdəki erməni lobbisinin irəli sürdüyü layihə iflasa uğradı. Xatırladaq ki, ABŞ-ın Cənubi Karolina ştatından senator, Respublikaçılar Partiyasının üzvü Lindsi Qrehem Senatda “erməni soyqırımı” qətnaməsinə veto qoyub. Bununla da Nümayəndələr Palatasının  qəbul etdiyi layihə qəbul olunmayıb. Senator məsələ ilə bağlı deyib: “Mən bu məsələni və Türkiyənin Suriyadakı hərbi əməliyyatlarla bağlı üzləşdiyi problemləri prezident Rəcəb Tayyib Ərdoğan və Ağ Evin başçısı Donald Trampla bir neçə saat müzakirə etdim. Ümid edirəm ki, Türkiyə və Ermənistan 1915-ci il hadisələrini öz aralarında danışa bilər. Senatorlar tarixi yenidən yazmamalı və tarixi reallığı olduğu kimi qəbul etməlidirlər“. O, konqresmenləri qərar qəbul edərkən Türkiyə-ABŞ münasibətlərinin perspektivini nəzərə almağa çağırıb.

Bütün bunlardan sonra Rəcəb Tayyib Ərdoğan ABŞ-da erməniləri qəzəbləndirən növbəti gediş edərək mühüm açıqlamalar verib. ABŞ-da Dəyanət Mərkəzində çıxışı zamanı Türkiyə prezidenti “erməni soyqırımı” ilə bağlı maraqlı məqamalara toxunub: “Ermənistana “ortaq tarix komissiyası quraq, tərkibində üçüncü tərəflər də olsun” dedik. Bu məsələnin həllilə bağlı bütün xoş niyyətimizi və siyasi iradəmizi ortaya qoyduq. “Arxivləriniz varsa, siz də açın” dedik və biz arxivlərimizi açdıq. Bizim təkcə Türkiyə Silahlı Qüvvələri arxivində 1 milyon sənədimiz var. “Buyurun, gəlin” dedik, amma gəlmədilər, gələ bilmirlər. Niyə? Çünki çalışmağa başladıqları zaman axtardıqlarını tapa bilməyəcəklərini özləri də bilirlər. “Buyurun, Harvardın, Fransanın belə bir kiçik arxivi var”, - dedik, amma onu da qəbul etmədilər”. Ərdoğan qeyd edib ki, “erməni soyqırımı” məsələsi gündəmə gələndə siyasətçilər yox, tarixçilər önə çıxmalıdır: “Ermənistan onsuz da dünənin dövlətidir. 1991-ci ildə dövlət olublar. Bundan öncə müxtəlif yerlərdə köçəri olaraq dolaşırdılar. Türkiyədə də eyni şəkildə köçəri olaraq yaşarkən məcburi köç məsələsi gündəmə gəldi, bu addımlar atıldı. Bu gün Türkiyədə 100 minə yaxın erməninin olduğunu bilirsinizmi? Bunun 60 mini vətəndaşımızdır, 40 mini qeyri-qanuni şəkildə ölkəmizdə yaşayır. Biz bu 40 mini ölkəmizdən deport etməmişik. Bunları Ermənistana göndərə bilərdik, amma göndərmədik. Məhz bu, türk millətinin insani keyfiyyətini ortaya qoyur. Bunu görmürlər və görmək istəmirlər. Ermənistan ölkələrimiz arasında 2009-cu ildə imzalanan protokolları ratifikasiya etməkdən qaçdı. Erməni diasporu isə yalan və iftiralarına davam edərək, ölkəmizə qarşı qara piarını davam etdirdi. Bunların işi və pulu çoxdur. ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərar, təəssüf ki, siyasi revanş halına gətirilib. Alınan qərarın tarixi reallıqlarla heç bir əlaqəsi olmadığı aşkardır. Bu qərar bizim nəzərimizdə yox hökmündədir. Bu cür siyasi qərarlarla ölkəmizi basqı altına alacağını düşünənlər tez, ya da gec yanıldıqlarını anlayacaqlar”.

Məsələnin bu tərəfini şərh edən rusiyalı ekspert Yevgeni Mixaylov qeyd edir ki, Ərdoğanın gedişləri və Vaşinqtonun mövqeyi ABŞ-dakı erməni lobbisinin nüfuzuna sarsıdıcı zərbə vurub: “Osmanlı imperiyasında guya baş vermiş “erməni soyqırımı“nı tanıyan qətnaməyə veto qoyulması ABŞ-ın xarici siyasətində Ermənistanın həqiqi yerini ilk dəfədir bu qədər əyani şəkildə ortaya qoydu. Bütün bu məsələ yalnız və yalnız türklərə təzyiq göstərmək məqsədi daşıyır. Vaşinqtonda ağlı başında olan adamlar da var. Oradakılar erməni məsələsinin türklər üçün ABŞ tərəfindən qoşulan qulpdan başqa bir şey olmadığının fərqindədir. Türkiyə ilə münasibətlərin pozulması Vaşinqtona çox baha otura, ilk növbədə də, NATO-dakı ən böyük müttəfiqinin əldən çıxmasına gətirib çıxara bilər”. Ekspert dünyanın təkcə “soyqırımı” qətnaməsini qəbul etdirməyə çalışan erməni lobbisinin məğlubiyyətinə yox, həm də prezident Donald Tramp və administrasiyasının ABŞ-dakı erməni diasporuna açıq ismarıcına şahid olduğunu qeyd edib. Rusiyalı politoloqun fikrincə, qətnaməyə qoyulan vetoda yəhudi icması da mühüm rol oynayıb: “Nasistlər tərəfindən yəhudilərə qarşı törədilmiş Holokost hamı tərəfindən qəbul edilən tarixi fakt olduğuna görə yəhudilər başlarına gələnlər müqabilində haqlı olaraq təzminat alıblarsa, ermənilərin türkləri “cəzalandırmaq” cəhdlərinin arxasında, fikrimcə, hansısa təzminatla yanaşı, “böyük Ermənistan”ın xəyali ərazilərini qaytarmaq istəyi də gizlənir ki, bu da əslində qeyri-mümkündür”. Politoloq Osmanlı imperiyasında 1915-ci ildə baş verənlərin tarixçilər tərəfindən az tədqiq olunduğunu, iki dövlət arasındakı siyasi gündəmə çıxarılacaq bir məsələ olmadığını vurğulayıb: “Qeyd etmək istərdim ki, XX əsrin əvvəlində bir çox xalqlar böyük məşəqqətlərə düçar olublar. Odur ki, o vaxt kim əziyyət çəkibsə, hamısının soyqırımını tanımaqla ifratçılıqla məşğul olmaqdansa, keçmişdəki səhvləri üzə çıxararaq müasir dövrdə təkrarlanmaması üçün ibrət götürsək, daha yaxşı olar”.

Nahid SALAYEV

Son xəbərlər