Qarabağ müharibəsində Azərbaycanın komandirləri arasında Şamil Basayevin, Gülbəddin Hikmətyarın da adları var – inanılmaz təhrifin arxasında kim durur…

Virtual ensiklopediya statusunu qazanmış Vikipediada Azərbaycanla bağlı məlumatlar saxtalaşdırılır.“Vikipediya” Açıq Ensiklopediyasında Dağlıq Qarabağla bağlı kifayət qədər təhrif olunmuş məlumatlara rast gəlinir.
Bu məlumatlarda Dağlıq Qarabağın gerçək tarixi saxtalaşdırılır, onunla bağlı həqiqətə uyğun olmayan fikirlər yerləşdirilir. Biz çox zaman belə məqalələrlə rastlaşarkən bunun ermənilər tərəfindən yazılıb yerləşdirildiyini qeyd edirik. Bu bir həqiqətdir. Lakin çox təəssüf ki, bu işdə erməni dəyirmanına su tökən azərbaycanlıların da fəaliyyətinə rast gəlirik. Bu tip məqalələrin azərbaycanlılar tərəfindən hazırlanmasına heç bir şübhə yoxdur.
Vikipediyada yerləşdirilən “Qarabağ müharibəsi” haqqındakı məqalələrdən biri diqqətimizi cəlb etdi. Bu məqalədə Dağlıq Qarabağ müharibəsində Azərbaycan komandirləri sırasında Çeçen lideri Şamil Basayevin və Əfqanıstan Taliban hərəkatının rəhbərlərindən olan Gülbəddin Hikmətyarın adının yer alması həqiqətən də tarixin ciddi şəkildə təhrif olunmasıdır.
Bundan əlavə, məqələ ilə tanış olarkən müəllif separatçı qurumu “Qondarma Dağlıq Qarabağ respublikası” kimi təqdim edir. Məlumdur ki, ermənilər isə heç zaman “qondarma” sözünü işlətmir.
- Firdovsiyyə Əhmədova: “Mütəxəssislərin iştirakı ilə Vikipediyaya yerləşdirilən yanlış materialların qarşısını almaq olar”
Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vikipediyada yerləşdirilən materiallar tam etibarlı mənbə kimi qəbul oluna bilməz. Ancaq informasiya baxımından ciddi təsir imkanına malik məkandır. Nəzərə almaq lazımdır ki, insanlar informasiya əldə etmək üçün ilk növbədə Vikipediyaya üz tutur: “Bu sahədə mütəxəssis olan şəxslər virtual ensiklopediyada yayılan materilların yanlış olduğunu biləndə onu düzəltmək istəyəndə texniki imkanlara malik olmur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, ermənilər qərəzli şəkildə Azərbaycan tarixini saxtalaşdıran xəritə və ya materiallarla Vikipediyada çıxış edirlər. Bu artıq adi hal alıb: “Bu yanlışlığı təkzib etmək və ya müzakirə aparmaqla problemi həll etmək mümkün deyil. Mütəxəssislərin iştirakı ilə Vikipediyaya yerləşdirilən yanlış materialların qarşısını almaq olar”.
- Faiq Ələkbərli: “Vkipediyada çalışanların bir qismi bilərəkdən doğru olmayan məqalələrin yayılmasına səbəb olur”
Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də qəzetimizə açıqlamasında vurğuladı ki, Vikipediyada qeyri-dəqiq informasiyalar mütəmadi olaraq yayımlanır:“Vikipediyada Dağlıq Qarabağın Qondarma Dağlıq Qarabağ Respublikası kimi göstərilməsi onu deməyə əsas verir ki, orada peşəkar kadrlar çalışmır. Onu da bildirim ki, Vikipediyada çalışanların bir qismi bilərəkdən doğru olmayan məqalələrin yayılmasına səbəb olur.
Günel CƏLİLOVA