12/12/2019 03:37
728 x 90

Prezident dünya dini liderlərinə DQ münaqişəsinin tarixi mahiyyətini sadə şəkildə belə təqdim etdi – bolşeviklər Qarabağı “Azərbaycana verdi” yox, Azərbaycanın tərkibində saxladılar... - YENİLƏNDİ

img

Noyabrın 14-də Bakıda Dünya Dini İiderlərinin II Sammiti başlayıb və Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyərək qismən deyib:

- Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır...

... Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir.

Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir.

... Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir.

Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir.

... Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır.

... Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hər il bir neçə ölkədə şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir.

… Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.

Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır.

Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı oxunub.

İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

Sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill çıxış edib.

Patriarx Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq. 

Son xəbərlər