12/12/2019 09:17
728 x 90

Ermənistan rejiminin xalqı yeni aldatma üsulu özünə qarşı çevrilir – hərbi büdcə artımının dondurulması Paşinyanı yeni ittihamlarla üzləşdirir…

img

Azərbaycanın müdafiə xərclərini davamlı şəkildə artırması təkcə Ermənistanda yox, onun havadarları arasında da ciddi təşvişə yol açıb və bu da əbəs deyil. Ən azı o baxımdan ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli zamanı Azərbaycanın üstünlüyünün daha böyük fərqlə artmasına xidmət edir. Bunlara paralel olaraq Azərbaycan onu da açıq bəyan edir ki, münaqişə həllini tapmayana qədər müdafiə sahəsinə böyük diqqət ayırmaqda davam edəcək, eyni zamanda konfliktin hərbi həlli də daim gündəmdə olacaq.

2020-ci ilin büdcə müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də bu xüsusda maraqlı fikirlər səsləndirib: “Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri artır. Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb. Əlavə artımlar nəticəsində daha çox artacaq. Hərbi xərclərin çoxalması obyektiv zərurətdən irəli gəlir”. Komitə sədri bildirib ki, bu sahəyə bundan sonra da diqqət yönəldiləcək: "Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan həm müdafiə qabiliyyətini gücləndirməsi, həm özünün iqtisadi təhlükəsizliyini, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltmək istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.
Bu açıqlamalardan aydın görünür ki, Azərbaycan, kənardan səslənən bütün tənqid və iradlara baxmayaraq, müdafiə sahəsində müəyyən etdiyi siyasəti davam etdirəcək. Ermənistanın “Pastinfo” nəşri yazır ki, bu hal Bakının hərbi üstünlüyünün yüksəlməsini təmin edir və İrəvanın buna qarşı çıxması getdikcə mümkünsüzləşir: “Azərbaycanda müzakirəsi başlanan 2020-ci ilin dövlət büdcəsinin layihəsinə görə bütün dövlət büdcəsi xərcləri 1.7% artdığı halda, müdafiə xərclərinin büdcəsi xeyli, yəni 20.9% artıırılmaqla, 2.267 milyard dollara çatıb. Bunun 945 milyon dolları silah alışı və hərbi-sənaye sərmayəsi üçün nəzərdə tutulub. Bu faktlar göstərir ki, Bakı Qarabağ məsələsində istəyinə, güc yolu ilə olsa belə, nail olmaqda israrlıdır və Azərbaycan açıq şəkildə müharibəyə hazırlaşır. Rəqibin gözümüzün önündə bu istiqamətdə konkret addımlar və hərəkətlər etdiyini görməklə Ermənistan hökumətinin 2020-ci ildə dövlət büdcəsini 14% artırdığı bir vaxtda hərbi xərclərin artımını dondurmasını xəyanət və ya şüursuz qayğı adlandırmaq olar. Eyni zamanda, bunlara cavab olaraq, diqqətsiz hökumət kimi, diqqətsiz parlament çoxluğu kimi, həm də diqqətsiz və bir qrup insanın şüursuzca baş naziri təriflədiyini görürük. Təəssüf ki, nə Paşinyan, nə də erməni xalqının böyük bir hissəsi “Ali Baş Komandan” ifadəsinin adi bir söz birləşməsi olmadığını başa düşür. Ancaq tam fərqli təzahürlərin şahidiyik – festivaldan festivala yeməklərdən dadmaq, nümayişkarcasına bəyanatlar, selfilər, flaş-mob və canlı yayımlara şahidlik edirik. Burada “iqtisadi inqilab”a çatmaq uğrunda təmtəraqlı bəyanatlardan başqa heç bir şey görmədik, bu, baş nazirin və komandasının Ali Komandan məqamının ciddiliyini dərk etmədiyindən xəbər verir. Bu diqqətsizliyə son qoymasaq və müharibə şəraitində yaşayan bir ölkənin qaydaları ilə yaşamağı öyrənməsək, bu dəfə Qarabağ üçün müharibədə, çətin ki, yeni nəsə qazana bilək. Əksinə, Bakının və İrəvanın addımlarının müqayisəsi Azərbaycanın Qarabağı öz nəzarətinə daha tez qaytaracağını söylməyə əsas verir”. Erməni psixoloq Samvel Xudoyan da bildirir ki, Paşinyan dəbdəbənin dalınca düşdüyü bir vaxtda Azərbaycan real addımlar atır: “Dəbdəbələrin arxasınca gedən adam xalq üçün işləməyəcək, bu, dəyər sistemi məsələsidir.  Ermənistan baş naziri üçün bahalı təyyarənin alınması vəziyyəti daha aydın təsvir etməyə imkan verir.  Əgər sən kasıb, müharibə aparan dövlətdə silah əvəzinə təyyarələr alırsansa, mövqelərin səmimi olub-olmamasını qiymətləndirməyimiz üçün bu, böyük problemdir”.

Ermənistanda bir çoxlarını narahat edən digər məsələ budur ki, gələn il ölkə hərb sahəsinə hökumətin vəd etdiyi həcmdə də vəsait ayıra bilməyəcək. Buna əsas səbəb hərb üçün nəzərdə tutulan xərclərin pisləşən sosial sahəyə yönəldilməsi ehtimalının artmasıdır. Nikol Paşinyan hakimiyyəti Ermənistanın rifah səviyyəsinin artırılması ilə bağlı bir sıra vədlər versə də, bu özünü doğrultmayıb. Əlverişsiz geosiyasi vəziyyət, işğalçılıq siyasəti elan edilən inkişaf yolunun ancaq kağız üzərində qaldığını göstərir. Bu isə sosial narazılığı artırır və Paşinyan belə vəziyyəti özü üçün ciddi təhdid sayır. Ona görə də, yayılan məlumatlara görə, Paşinyan hakimiyyətini qorumaq üçün hərbi xərcləri azaldaraq bunu sosial sferaya yöənltmyi düşür. Bu isə o deməkdir ki, gələn il ölkənin hərbi xərcləri artmaq əvəzinə azalacaq. Hadisələrin məhz bu səpkidə inkişafını Azərbaycan ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov da istisna etmir. O bildirib ki, Ermənistanda büdcədən ayrılan vəsaitlə ordunun heç 10-15 faizini saxlamaq mümkün deyil: “Ermənistan ordusu heç hərbi təlimlərə belə vəsait tapa bilmir. Orada əhalinin sosial vəziyyəti həddindən artıq ağırdır. Xarici yardımlar hesabına həm ordunun, həm də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün deyil. Ona görə də xarici yardımlar Ermənistanın nə ordusunu xilas edəcək, nə də iqtisadiyyatının inkişafına təkan verəcək. Bunun üçün böyük miqdarda vəsait lazımdır”.

Y.Aydəmirov hesab edir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycana qaytarsaydı, inkişafı da çox yüksək səviyyədə olardı: “Həmçinin təkcə Dağlıq Qarabağda deyil, hətta Ermənistan ərazisində yaşayan bütün ermənilərin ərzaq və digər təminatları, ölkənin iqtisadiyyatı və gəlirləri artardı. Bu bir zarafat deyil, reallıqdır. Ermənistanın başqa çıxış yolu yoxdur. Bir ölkəyə nə qədər yardım edəcəklər? Yardım verən bunu bir dəfə, iki dəfə və ya üç dəfə edər. Amma yardımla nə ordu, nə də iqtisadiyyatı saxlamaq olar. Axı, beynəlxalq maliyyə qurumları krediti qaytarmaq iqtidarında olan dövlətlərə verir. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları çox gözəl bilirlər ki, Ermənistan onlara pul qaytarmaq gücündə deyil”.

Xatırladaq ki, Ermənistan mətbuatında yayılan məlumatlara görə, ölkədə büdcə kəsirinin aradan qaldırılması məqsədilə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə danışıqlar davam etməkdədir və ilin sonunadək təxminən 150 milyon ABŞ dolları məbləğində kreditin alınması planlaşdırılır. Yeni hökumətin ilyarımlıq fəaliyyəti nəticəsində dövlət borcunun miqdarı artmaqda davam edib. Erməni müxalifəti isə hökuməti artan borclanmalara qarşı qeyri-konstruktiv fəaliyyətdə günahlandırır. Y.Aydəmirov qeyd edir ki, yaranmış vəziyyətdən sadə bir çıxış yolu var, o da Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə üzərindəki yükün azaldılması və ağır sosial-iqtisadi vəziyyətdə olan ermənilərin güzəranının yaxşılaşdırılması üçün maliyyə vəsaitinin məqsədyönlü xərclənməsidir:“Düşünürəm ki, Ermənistanda gələn ilin büdcə xərcləmələrində müdafiə sektoruna ayrılan maliyyə vəsaiti azaldılacaq. Çünki Ermənistanda əhali hökumətdən narazıdır. Əhalinin narazılığı artdıqca hökumət də müdafiə xərclərini azaltmağa məcbur olacaq. Ermənistanın yeganə xilas yolu Dağlıq Qarabağ probleminin həllindən keçir. Yəni Ermənistan yalnız Dağlıq Qarabağı Azərbaycana qaytarandan sonra inkişaf edə bilər. Dağlıq Qarabağı qaytardıqdan sonra özlərinin yaşayışına baxsalar, nə qədər inkişaf etdiklərini görərlər. Hesab edirəm ki, hətta Ermənistan əhalisinin vəziyyəti çox sürətlə yaxşılaşacaq. Çünki işğal etdikləri torpaqları təhvil versələr, Azərbaycan onların yeməyini də, çörəyini də verəcək. Hesab edirəm ki, Ermənistanın başqa çıxış yolu yoxdur. Yeganə yolu ancaq və ancaq budur. Hamı bilir ki, Azərbaycan ordusu Ermənistan ordusu ilə müqayisəolunmaz səviyyədədir. Çünki bizim orduda əsas silahlar, yardımçı silahlar, böyük silahlar, aviasiya sahəsi, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri təkmilləşdirilir və müasirləşir. Silahlı Qüvvələrimiz üçün yeni silahlar alınır. Ermənistanda isə ordunun silah-sursatını modernləşdirməyə imkanları yoxdur”. Bütün bunlar Azərbaycan və Ermənistan ordularının inkişaf səviyyəsinin yenə fərqli müstəvidə olacağını, ölkəmizin düşmən üzərində hərbi üstünlüyünü bundan sonra da artıracağıın deməyə əsas verir. Xatırladaq ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış böyük həcmdə ən müasir, dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Xüsusən də son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistanla Azərbaycan arasında hərbi balansı ölkəmizin xeyrinə əhəmiyyətli dərəcədə dəyişib. İndinin özündə də düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir. Azərbaycan  müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları və digər texnikalar alır. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur. Ermənistan isə bütün bunlardan məhrumdur. Gələn il üçün bu ölkədə hərbi xərclərin azalmasının qaçılmaz orlması fonunda düşmən ordusunu daha rəzil vəziyyətə düşməsi gözlənilir. Bütün bunlar isə nəticə etibarı ilə Qarabağ münaqişəsinin gedişinə də ciddi təsir edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər