14/12/2019 12:42
728 x 90

Perunun Azərbaycanda Səfirliyini bağlaması bizdən asılı səbəblərlə əlaqəlidirmi?

Leyla Abdullayeva: “Peru Azərbaycandakı Səfirliyini müvəqqəti olaraq bağlamaq barədə qərar verib”

img

Perunun Azərbaycandakı Səfirliyinin fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlar yayılıb. Bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən mətbuata verilən məlumata görə, bununla əlaqədar inzibati prosedurlara başlanıb və ilk addım olaraq, Perunun Bakıdakı Səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

Səfirlikdən onu da bildiriblər ki, səfirlik Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq: “Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı Səfirliyi ilə əlaqə saxlamalıdırlar”.

Qeyd edək ki, Azərbaycanda Peru Səfirliyi 2017-ci ilin iyun ayında açılıb. İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin iyun ayının 25-də qurulub.

Hər iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılıb. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Peru Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin, Peru Respublikasında da akkreditə olunub.

Parlamentlərarası əlaqələrə gəlincə, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Perunun Azərbaycandakı Səfirliyi fəaliyyətini niyə dayandırır?

  • Bu qərar ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır”

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Bakı-Xəbər”ə bildirdi ki, Perunun Səfirliyinin mart ayından fəaliyyətini dayandırması bu ölkənin daxili vəziyyəti ilə bağlıdır: “Perunun Azərbaycandakı Səfirliyinin bağlanması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır”.

L.Abdullayevanın sözlərinə görə, səfirliyin müvəqqəti bağlanması Azərbaycan-Peru əlaqələrinə, münasibətlərinə heç bir mənfi təsir göstərməyəcək.

  • Qabil Hüseynli: “...burada hər hansı bir başqa səbəb görmürəm”

Politoloq Qabil Hüseynlinin fikrincə, Perunun Azərbaycanda öz səfirliyini bağlaması Azərbaycanla diplomatik sahədə hər hansı bir gərginliklə bağlı deyil: “Perunun öz səfirliyini gələn ildən bağlayacağı ilə bağlı verdiyi qərar bu ölkədə yaşanan ciddi maliyyə böhranı və daxildəki problemlərlə bağlı ola bilər. Çünki Peru kiçik dövlətdir və o qədər də varlı deyil.

Hesab edirəm ki, bu yalnız maliyyə amili ilə bağlıdır, burada hər hansı bir başqa səbəb görmürəm”.

İradə SARIYEVA

Son xəbərlər