09/12/2019 19:48
728 x 90

Ərdoğan ABŞ-ın Qüds qərarına görə İƏT-i fövqəladə toplamışdı, “genosid” qərarına görə İƏT-in səsi çıxmadı...

Elman Nəsirov: “Fikrimcə, hələlik Türkiyə İƏT-in belə bir təşəbbüslə çıxış etməsinə lüzum görmür”

img

Məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul edib. Sözügedən qərar tamamilə ədalətsiz və qərəzlidir. Çünki bu qərarın heç bir  hüquqi və tarixi əsası yoxdur. ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib.

ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarı təkcə Türkiyəyə qarşı yönələn bir qərar deyil. Bu, bütövlükdə, bütün İslam və Türk dünyasına qarşı yönələn bir qərardır. İslam ölkələrinin mənafeyinə toxunan bir qərardır. Ona görə də İslam dövlətləri birlikdə buna etirazlarını bildirməlidirlər. Azərbaycan həmişə Türkiyənin yanında olduğu üçün, buna öz rəsmi etirazını bildirib. Ancaq, nədənsə, digər müsəlman dövlətlərinin timsalında biz bunu görmürük. Hansısa aktivlik bununla bağlı nəzərə çarpmır.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərar verdi. Buna etiraz əlaməti olaraq Türkiyə Prezidenti Rəcab Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Zirvə toplantısı keçirildi. İƏT ölkələri yekdilliklə ABŞ-ın qərarını pislədilər. Ancaq Nümayəndələr Palatasının saxta genosidlə bağlı qərarından sonra İƏT-in timsalında buna hansısa etiraz, fövqəladə toplantının çağırılması baş vermədi.

Maraqlıdır, bu cür passivlik nə ilə bağlıdır?

  • “Qondarma “soyqırım” qətnaməsi Senatda da təsdiqlənərsə, o zaman...”

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov bunu bir sıra amillərlə əlaqələndirdi. Onun fikrincə, Nümayəndələr Palatasının məlum qərarı qondarma “erməni genosidi”nin ABŞ tərəfindən rəsmən tanınması demək deyil: “Konqresin məlum qərarı siyasi olmaqla yanaşı, bir siyasi sifarişdir. Ancaq bu qərarın qüvvəyə minməsi üçün Senat onu təsdiq etməlidir. Senatda təsdiqin tapsa belə, yenə yetərli deyil. Ona görə ki, ABŞ Prezidenti qətnaməni təsdiq etməlidir. Yəni qarşıda iki ciddi instansiya var. Türkiyə NATO-da ABŞ-la ciddi müttəfiq olduğuna görə çox güman ki, sözügedən bədnam qətnamə həmin instansiyalardan keçməyəcək. Birləşmiş Ştatlardakı türk lobbisi və diasporu bu yöndə fəal iş aparır. Görünür, indiki vəziyyətdə Türkiyə İƏT-in bununla bağlı xüsusi toplantı keçirməsini məqsədəuyğun hesab etmir. Çünki Nümayəndələr Palatasının məlum qərarı, qeyd olunduğu kimi, qüvvəyə minməyib. Fikrimcə, bu səbəbdən İƏT bir qədər gözləmə mövqeyindədir. Hesab edirəm ki, bu yöndə proseslər mürəkkəb ssenari üzrə inkişaf etsə, qondarma “soyqırım”ın Senatda təsdiqi aktuallaşarsa, o zaman İƏT müvafiq addımlar ata bilər. Bununla bağlı təşkilatın xüsusi toplantısı çağırıla bilər. Fikrimcə, hələlik Türkiyə İƏT-in belə bir təşəbbüslə çıxış etməsinə lüzum görmür. Hər şey hadisələrin bundan sonrakı inkişafından asılı olacaq. Qondarma “soyqırım” qətnaməsi Senatda da təsdiqlənərsə, o zaman ABŞ Prezidentinin mövqeyinə təsir etmək üçün İƏT xüsusi fövqəladə toplantı keçirə bilər. Zənnimcə, belə bir toplantının keçirilməsi istisna deyil. Hesab edirəm ki, indiki məqamda hələlik buna zərurət yoxdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər