14/12/2019 11:42
728 x 90

Paşinyan İrəvandakı ABŞ laboratoriyalarının sirlərini Rusiyaya “satdı”...

Mübariz Əhmədoğlu: “Rusiya mütəxəssislərinin ora cəlb edilməsi Ermənistan-ABŞ münasibətlərini gərginləşdirəcək”

img

Noyabrın 10-11-də Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Baş nazir Nikol Paşinyan, Prezident Armen Sarkisyan, xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşlər keçirib.

Mediaya sızan məlumatlardan bəlli olur ki, Lavrov erməni rəsmilərlə ikitərəfli münasibətləri, anti-Rusiya missiyası daşıdığı deyilən Amerikanın biolaboratoriyalarına rusların girişinin təmin edilməsini və inqilabdan sonra Moskvanın Ermənistandakı təsir imkanlarına, xüsusilə rus kapitalına qarşı elan olunmuş “müharibə”ni müzakirə edib.

Məlumata görə, səfər zamanı Ermənistandakı ABŞ maliyyəsi hesabına yaradılan biolaboratoriyalara Rusiya mütəxəssislərinin girişinə zəmanət verən memorandum əsas müzakirə mövzularından biri olub. Paşinyan hakimiyyəti Rusiya mütəxəssislərinin sözügedən laboratoriyaya girişinə razılıq verib. Əslində, bununla Moskva işğalçı ölkədə özünə təhlükə saydığı Amerika obyektini nəzarətə götürmək istəyir. Paşinyanın buna razılıq verməsi fonunda, buna Vaşinqtonun hansı reaksiya verəcəyi maraq doğurur. O baxımdan maraqlıdır, bu qərar ABŞ-Ermənistan münasibətlərinə necə təsir edəcək?

  • “O baxımdan bunun mənfi fəsadları qaçılmazdır”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, bu qərar ABŞ-Ermənistan münasibətlərinə mənfi təsir edəcək: “Lavrovun Ermənistana gəlməsinin bir məqsədi də bununla bağlı idi. Lavrov bu səbəbdən Ermənistanı təriflədi. Hansı ki, bu biolaboratoriya ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. ABŞ-ın Ermənistandakı səfirliyindəki mütəxəssislərin yazdığına görə, artıq Ermənistanla İran sərhədindəki dağlarda hədsiz çoxsaylı bioloji sınaq keçirilib. Ancaq bütün bunlara baxmayaraq, İranın Ermənistana münasibəti mənfi mənada dəyişmir. Hansı ki, ABŞ Ermənistanda sözügedən biolaboratoriyanı məhz İrana görə açıb. Görünən odur ki, sözügedən laboratoriyalardan İrana qarşı tam istifadə edilir. Rusiya mütəxəssislərinin ora cəlb edilməsi Ermənistan-ABŞ münasibətlərini gərginləşdirəcək. Paşinyan hələlik müəyyən manevrlər edərək istəyir bundan taktiki olaraq yayınsın. Ancaq bu cür siyasi gedişlər bir yerə qədər olacaq. Yəni davamlı olaraq belə siyasət aparmaq mümkün deyil. O baxımdan bunun mənfi fəsadları qaçılmazdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər