Azərbaycanla Ermənistan arasında saxlanan şəxslərin dəyişdirilməsi ilə bağlı vəziyyət daha az nikbindir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Lavrov xatırladıb ki, o, aprel ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb: “Çox yaxşı, formal xarakter almamış və açıq müzakirə keçdi və bunun nəticəsində bir sıra humanitar tədbirlərin reallaşdırılması üçün perspektivlər yarandı. O zaman saxlanan şəxslərin dəyişdirilməsi, həlak olan şəxslərin meyitlərinin dəyişdirilməsi və vəziyyəti bir qədər yumşaltmaq, etimad mühitini artırmaq üçün jurnalistlərin qarşılıqlı səfərləri barədə tədbirlər müzakirə olunmuşdu. Jurnalistlərlə bağlı ATƏT Katibliyi vasitəsilə dialoq davam edir, ümid var. Saxlanan şəxslərlə bağlı vəziyyət isə az nikbindir. Biz hesab edirik ki, bu istiqamətdə hərəkət etmək lazımdır”.
S.Lavrov onu da əlavə edib ki, mövqeləri daha da yaxınlaşdırmaq və kompromis əldə etmək üçün həmsədrlərin ardıcıl səyləri vacibdir.
O da məlumdur ki, əsir və girovların dəyişdirilməsində Azərbaycan hər zaman maraqlı olub. Bu işdə hansısa problem yaratmır. Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistan zaman-zaman bununla bağlı aparılan danışıqları yoxuşa sürükləyib. Bu səbəbdən indiyə qədər sözügedən məsələ öz həllini tapmayıb. O üzdən, bütün bunların günahkarı Ermənistan deyilmi?
“Rəsmi İrəvan bununla bağlı beynəlxalq çağırışlara məhəl qoymur”
Məsələyə münasibət bildirən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidovun sözlərinə görə, Ermənistanın destruktiv siyasət aparması səbəbindən problem həllini tapmayıb: “Əsir və girovların dəyişdirilməsi ilə bağlı son həftələr ərzində kifayət qədər intensiv iş aparılır. Azərbaycan dövləti bu məsələ üzərində çox ciddi işləyir. Bir sıra beynəlxalq təşkilatlar prosesə cəlb olunublar. Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT-in Minsk Qrupunun üzvləri də əsir və girovların dəyişdirilməsi ilə bağlı çağırışlar ediblər. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov da bu məsələ ilə bağlı öz münasibətini bildirib. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hələ də bu yöndə konstruktiv addım atmır. Sözügedən məsələ ilə bağlı beynəlxalq çağırışlara məhəl qoymur. Ancaq buna baxmayaraq, Azərbaycan tərəfi əsir və girovların dəyişdirilməsi ilə bağlı öz fəaliyyətini davam etdirir. Azərbaycanın rəsmi qurumları nə mümkündürsə, onu edirlər. Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, vətəndaş cəmiyyətinin üzvləri olaraq biz bu gün də beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq. Sözügedən məsələ bizim gündəmimizdədir. Bu məsələ Prezident İlham Əliyevin diqqətindədir. İnanıram ki, bu fəaliyyətin nəticəsində rəsmi İrəvan geri addım atacaq. Ancaq hələ ki, bu yöndə müsbət nəticənin əldə olunmamasının yeganə səbəbi və günahkarı Ermənistandır. Ermənistan hakimiyyətinin yeritdiyi destruktiv siyasət üzündən əsir və girovların dəyişdirilməsi baş tutmur. Rəsmi İrəvan bununla bağlı beynəlxalq çağırışlara məhəl qoymur”.
Vidadi ORDAHALLI