Dünyanın iqtisadi, hərbi, siyasi cəhətdən ən güclü ölkələrindən biri sayılan ABŞ-ın xarici isyasətdə bir sıra hallarda ciddi yanlışlıqlara, ikili standartlara yol verməsi də birmənalı həqiqətdir. Bunun real təsdiqi kimi son dövrlərdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərdə yol verdiyi bəzi yanlışlıqları göstərmək olar. Məsələn, radikal müxaliflərlə ABŞ səfirliyinin rəsmiləri arasında hələ də müəyyən görüşlər heç də ikitərəfli əlaqələrin ruhuna uyğun gəlmir. Eləcə də ABŞ-dakı erməni lobbisinin fəaliyyəti ilə ərsəyə gələn 907-ci Düzəlişin hələ də tam ləğv edilməməsi barədə eyni fikirləri səsləndirmək olar.
Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında atılan addımlar da qəbuledilən amil deyil. Xatırladaq ki, Türkyə ilə yanaşı, məsələyə Azərbaycan da sərt reaksiya verib. Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu xüsusda bildirib: “ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik. Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib. Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır". Həqiqətən də baş verənlər bu qənaətə gəlməyə əsas verir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Belə vəziyyət ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə demokratiyanın prinsiplərinə ziddir. İndiki vəziyyətdə erməni lobbisi ABŞ-ın xarici isyasətində ciddi təhdid mənbəyinə çevrilir. Məhz bu lobbinin fəaliyyəti nəticəsində oktyabrın 29-da Nümayəndələr Palatasında Türkiyəyə qarşı iki sənəd qəbul olunub. Onlardan biri “erməni soyqırımı”nın tanınması ilə bağlı layihədir. Xatırladaq ki, qanun layihəsini ermənipərəst konqresmen Adam Şiff təqdim edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə belə münasibət bildirib: "Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynayacaqlar". Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Tarixdən siyasi məqsəd üçün istifadə etməkdən ötrü qəbul edilən bu utancverici qərarın hakimiyyətimiz və xalqımız üçün heç bir hüquqi əsası yoxdur”. Yeri gəlmişkən, son 40 ildə Ağ Ev ilk dəfə bu məsələ ilə bağlı Konqresə heç bir tövsiyə verməyib. Əvvəllər belə təşəbbüslərin qarşısı Konqresə çıxmadan alınardı. Digər qəbul edilən sənəd isə Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. İndiiki vəziyyətdə baş verənlər ABŞ-ın Türkiyə kimi önəmli bir müttəfiqi erməni lobbisi üzündən itirməkdə olduğunu göstərir. Bunu Türkiyənin “T24” xəbər portalında yer alan fikirlər də təsdiq edir:“ABŞ Nümayəndələr Palatası “erməni soyqırımı” iddiasını böyük çoxluqla qəbul edib. Üstəlik, Türkiyəyə iqtisadi sanksiya tətbiqini ehtiva edən təklifi də. İndi Senat və prezident Trampın qərarı gözləniləcək. Bu zamana qədər ABŞ “erməni soyqırımı” iddiasını rədd edərək bunun “böyük fəlakət” olduğunu söyləsə də, iddianın qəbul edilməsinin səbəbi əsla yeni sənədlər və ya məlumatlar deyil.
Nümayəndələr Palatasının bu qərarı qəbul etməsinin səbəbi Türkiyənin “Sülh çeşməsi” əməliyyatıdır. Bu, uzun müddət Türkiyəni oyalayaraq ləngitdirdiyi əməliyyatın reallaşmasına, YPG-nin sərhəddən 30 kilometr geriyə çəkilməsinə təpki olaraq alınmış qərardır. ABŞ-ın dəstəyi ilə PKK-PYD-YPG-nin Türkiyə ilə sərhəddə yaratdığı kantonların birləşməsilə bütünləşəcək dövlətcik layihəsinin hələlik çökməsi ABŞ-ı narahat edib və o, Nümayəndələr Palatasında Türkiyəni “soyqırımçı” adlandırıb. Şübhəsiz, köçürülmə ağrılı bir hadisədir. Ancaq bu illər ərzində çox böyük sürgünlərə məruz qalan təkcə ermənilər deyil ki... Türklər də böyük əzablara düçar olub və ermənilərin qırğınlarına məruz qalıblar. Tarixi faktlar göstərir ki, türkləri və Türkiyəni “soyqırımçı” elan etmək gerçəklərin təkzib etdiyi iddiadır.
Soyqırımı hesab etmək üçün bir fəlakətin müəyyən şərtləri olmalıdır. Türklər etnik erməniləri yox etmək və ya kökünü qurutmaq məqsədi ilə hərəkət etməyiblər. 1915-ci il hadisələrini bu cür şərh etmək yalnız siyasi cəhddir. Türkləri və Türkiyəni soyqırımçı elan etmə cəhdi. Halbuki, türklərin tarixində soyqırımı deyilən bir şey yoxdur. “Erməni soyqırımı” iddialarını rədd edən daha bir mühüm hadisə məşhur Malta hadisəsidir. İttihad və Tərəqqi Komitəsinin rəhbərləri niyə Maltaya aparılıb? Malta hadisəsinin mənası nədir? İngilislərin İttihad və Tərəqqi Komitəsinin 141 hərbi və mülki məmurunu Maltaya aparmalarının və 1919-1921 illəri arasında həyata keçirilən dindirilmələrin səbəbi “erməni soyqırımı” iddiasını araşdırmaq idi. Bu araşdırmanı İngiltərənin baş prokuroru aparıb. Baş prokuror dəlil tapmaq üçün çox səy göstərib.
İngiltərə Baş Prokurorluğu ABŞ, Misir, Qafqaz və İraqda “erməni soyqırımı” iddiasına dair çoxlu dəlil axtarıb, lakin tapa bilməyib. Uluç Gürkanın “Erməni Problemini Anlamaq” kitabında vurğuladığı kimi, Kral Britaniya baş prokuroru “erməni soyqırımı” iddiaları üçün heç bir hüquqi dəlil tapmayıb. Məhkəmə işinə ehtiyac olmadığı qənaətinə gəlinib. Baş Prokurorluğun qərarı ilə Maltada tutulanlar sərbəst buraxılıb. Malta istintaqında soyqırımına dair hər hansı bir dəlil olsaydı, almanların Holokosta görə mühakimə olunması üçün qurulan Nürnberq məhkəməsinə bənzər bir şey baş verərdi. Millətlər Liqasında bu yöndə hazırlıq görülüb, lakin Krallığın Baş Prokurorluğu cinayət məsuliyyətinə cəlb olunmamaq barədə qərar qəbul edib, yəni məhkəmə araşdırması olmayıb. Gürkanın sənədlərə əsaslanan kitabını oxumağa davam edək: “Bəzi amerikalı missionerlərin hesabatlarından göründüyü kimi, ermənilər deportasiya qərarından əvvəl ələ keçirdikləri kəndlərdə zülmlər ediblər. Osmanlı torpaqlarını işğal edən Rusiyanı xilaskar sandılar və nəinki onu dəstəklədilər, həm də onun tərəfində vuruşdular. Bu vəziyyət Osmanlı hökumətini problemi uzun müddət istifadə etdiyi köçürmə üsulu ilə həll etmək qərarına yönləndirdi. Ancaq Osmanlı hökumətinin erməni millətini məhv etmək planı və qərarına dair ciddi bir dəlil yoxdur”.
Uluç Gürkan tez-tez vurğulayır ki, ingilislər Malta sənədlərini elan etsə, “erməni soyqırımı” iddiasının əsassızlığı ortaya çıxacaq. ABŞ Nümayəndələr Palatası, ondan əvvəl eyni qərarı qəbul etmiş ölkələr kimi, türkləri ”soyqırımçı”olaraq göstərmək və bir milləti günahlandırmaqla nifrət cinayəti törədib”. Bütün bu qeyd edilənlər “erməni soyqırımı” barədə səslənən fikirlərin sadəcə quru iddialar olduğunu təsdiq etməklə yanaşı, ABŞ-ın erməni lobbisi üzündən türk dünyasında önəmli müttəfiqlərini itirmək üzrə olduğunu da aydın nümayiş etdirir.
Tahir TAĞIYEV