Prezident İlham Əliyev vəzifəyə yeni təyin olunan gənc icra başçılarını qəbul edərkən yenidən medianın dövlətin idarə edilməsinə verdiyi töhfə və onun önəmindən danışıb.
Ölkə başçısı bildirib ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır: “Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən, mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçib, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim”.
Göründüyü kimi, ölkə başçısı növbəti dəfə jurnalistləri öz köməkçiləri adlandırıb və medianın, ictimai nəzarətin mühümlüyünə işarə edib. Ölkə başçısının mediaya verdiyi bu önəmin mahiyyətini necə dəyərləndirmək olar?
Yadigar Məmmədli: “Son çıxışı ilə cənab Prezident sübut etdi ki, o, medianın roluna yenə böyük əhəmiyyət verir”
Mətbuat Şurası idarə heyətinin üzvü Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezident mediaya verdiyi böyük önəmlə bağlı ilk dəfə deyil fikir bildirir:
“Prezident hər zaman ictimai nəzarətin gücləndirilməsini tövsiyə edir. Bunu növbəti dəfə vurğulamaqla cənab İlham Əliyev bir sıra məqamlara da aydınlıq gətirmiş oldu. Yadınızdadırsa, bundan əvvəl keçirilən müşavirədə cənab Prezident bəzi məmurların mediaya kobud müdaxiləsinə toxunmuşdu. Təəssüf ki, həmin fikirləri müxtəlif istiqamətə yozub manipulyasiya edənlər də tapıldı. Son çıxışı ilə cənab Prezident sübut etdi ki, o, medianın roluna yenə böyük əhəmiyyət verir. Media da bu önəmə daha məsuliyyətli yanaşma ilə cavab verməlidir. Gözü qıpıq yox, tənqidə üstünlük verməlidir. Ancaq həmin tənqid də qərəzli yox, peşəkarcasına təqdim olunmalıdır”.
Azər Həsrət: “Bu hal, eyni zamanda, jurnalistlərin məsuliyyətini artırır”
Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, cənab Prezident hər zaman aktivliyi ilə seçilib, ancaq son zamanlar onun super aktivliyi nəzərə çarpır: “Mən bir jurnalist, təhlilçi olaraq onun atdığı pozitiv addımları çatdırıb şərh edə bilmirəm. Təəccüb edirəm ki, biz bunu dəyərləndirməyə vaxt tapa bilmiriksə, Prezident bu həcmdə işlərin öhdəsindən necə gələ bilir? Xüsusən də onun media ilə bağlı fikrini bu şəkildə açıq ifadə etməsi bizi sevindirir. Çünki biz onunla görüşlər zamanı etdiyimiz söhbətlərdə də deyib ki, bir çox məlumatı mediadan alır. Daim bildirib ki, məmurlar ondan nəyisə gizlətməyə çalışırlar. Prezident alternativ informasiya kanalı kimi mətbuatı özünə yaxın və dost sayır. Gənc kadrlarla görüşü zamanı bunu bir daha vurğulaması bizə bir daha əminlik verir ki, Prezident xüsusən də tənqidçi medianın ayaqda durmasında maraqlıdır. Bəzən xaricdən deyirlər ki, hakimiyyət tənqidi medianı boğur. Ancaq biz bunun tam tərsini görürük. Prezidentin gənc icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər elə həmin hədyanları yağdıranlara ən gözəl cavabdır. Bu hal, eyni zamanda, jurnalistlərin məsuliyyətini artırır. İstər-istəməz, bundan sonra daha məsuliyyətli davranmalıyıq. Çünki Prezident bizə güvənirsə, ölkədə problemlərin həllində bizə etimad göstərirsə, biz də daha dəqiq olmalıyıq. Nəzərə almalıyıq ki, jurnalistlər bu sürətli islahatlar prosesində daim dövlətin yanında olmalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ