Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı rəsmən tanıyan qanun layihəsini təsdiq edib. Azərbaycan dövləti ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərarı sərt tənqid edərək bununla bağlı rəsmi bəyanat verib.
ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərara Azərbaycan dövləti ilə yanaşı, elmi qurumlar, ictimai təşkilatlar kəskin etirazlarını bildiriblər. Lakin hələ də radikal müxalifətin ABŞ Konqresinin atdığı bu addıma hər hansı bir reaksiyası yoxdur. ABŞ Konqresinin bütün Türk dünyasının əleyhinə qəbul etdiyi qərara, çıxardığı qətnaməyə radikal müxalifətin reaksiya verməməsi təəccüb doğurur. Zaman-zaman özünü Türk dünyasının “təəssübkeşi” olaraq qələmə verməyə çalışan radikal müxalifətin Türk dünyasının sınağa çəkildiyi bir dövrdə qaçıb gizlənməsi, ABŞ-a xoş gəlmək üçün susması dolayısı ilə qəbul edilən qərara dəstək verməsi kimi dəyərləndirilməlidir. Çünki bunun başqa bir adı yoxdur. Uzun illərdir heç bir sosial bazası olmayan, tərəfdarlarını itirən radikal müxalifət hakimiyyət sevdasının baş tutmamasında ABŞ-ı da günahkar bilir, amma bunu açıq etiraf etmir.
Azər Həsrət: “Radikal müxalifətin ABŞ-ın Nümayəndələr Palatasının çıxardığı bədnam qətnaməyə etiraz etməməsi, ümumiyyətlə, bu hadisəyə münasibət bildirməməsi onların ermənilərin və ermənipərəst qüvvələrin mövqeyini bölüşməsinə xidmət edir”
Tanınmış media eksperti, Əməkdar jurnalist Azər Həsrət isə hesab edir ki, radikal müxalifət ABŞ Nümayəndələr Palatasının çıxardığı qətnaməyə etiraz bildirməməklə, faktiki olaraq, ermənilərin və ermənipərəst qüvvələrin yanında yer aldığını göstərir. “Biz həmişə demişik ki, radikal müxalifət antimilli, antitürk mövqeyindən çıxış edir. Radikal müxalifət həmişə bizi onlara şər atmaqda ittiham edib. Lakin həmişə milli məsələlər, Türk dünyasının taleyi ilə əlaqədar hadisələr müzakirə ediləndə radikal müxalifət susmağa üstünlük verir, yaxud da bu və da digər şəkildə açıqlama verməkdən yayınır. Bu dəfə də eyni cür davrandılar. ABŞ-ın Nümayəndələr Palatası yalnız Türkiyəyə deyil, bütövlükdə, Türk dünyasına qarşı bir sənəd ortaya qoyub. Lakin radikal müxalifət buna öz münasibətini bildirmir. Bu, hakimiyyət məsələsi deyil, millət, dövlət məsələsidir. Bu adamlar da dövlət və millət məsələsində susqunluğa üstünlük verirlər. Hesab edirəm ki, radikal müxalifətin ABŞ-ın Nümayəndələr Palatasının çıxardığı bədnam qətnaməyə etiraz etməməsi, ümumiyyətlə, bu hadisəyə münasibət bildirməməsi onların ermənilərin və ermənipərəst qüvvələrin mövqeyini bölüşməsinə xidmət edir. Bunun başqa adı yoxdur” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA