“Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür”. Bunu Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Rayon İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.
Ölkə başçısının sözlərinə görə, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır: “Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik”.
Prezidentin sözlərinə görə, bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır: “Hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq”.
Həqiqətən də zaman-zaman bəzi icra başçıları rayonlarda mövcud olan nöqsanları gizlədərək mərkəzə yalan məlumatlar ötürürlər. Bunun nəticəsində yaranan problemlər öz həllini tapmır. Ümumilkdə, bəzi icra başçılarının yalan məlumatlar verməsi hansı mənfi nəticələrə səbəb olur?
“Belə xoşagəlməz hallar məhz bəzi icra başçılarının qeyri-şəffaf fəaliyyəti və yuxarıya yalan məlumatlar ötürməsi səbəbindən yaranır”
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, icra başçıları tərəfindən yalan məlumatların ötürülməsi rayonlarda bir sıra mənfi fəsadlara yol açır: “Belə məlumatlar dövlət strukturlarında arxayınçılığa səbəb olur. Məsələ ondadır ki, bu zaman illərlə yığılıb qalan problemlər bir az da artır. Bəzən bu ona gətirib çıxarır ki, rayonlarda sosial narazılıqlar ciddi fəsadların baş verməsinə yol açır. Belə xoşagəlməz hallar məhz bəzi icra başçılarının qeyri-şəffaf fəaliyyəti və yuxarıya yalan məlumatlar ötürməsi səbəbindən yaranır. Bu da, nəticə etibarilə, rayonlarda yaşayan insanların sosial qayğılarının, problemlərinin durmadan artmasına səbəb olur. Eyni zamanda, bütün bunlar rayonlarda korrupsiya faktlarının genişlənməsinə gətirib çıxarır. Belə halların qarşısını almaq üçün təkcə icra başçılarının öz insafına ümid etmək olmaz. Ona görə də rayonlarda ictimai nəzarət hərtərəfli təmin edilməlidir. Elə bir sistem yaradılmalıdır ki, şəffaflığı və ictimai nəzarəti təmin etmək mümkün olsun. Ən başlıcası, şəffaflıq təmin edilməlidir. Çünki hesabatlılıq, şəffaflıq cəmiyyətin bir nömrəli güzgüsüdür. Ona görə də ölkə başçısına dəqiq və şəffaf şəkildə bütün informasiyalar doğru çatdırılmalıdır. O cümlədən, digər əlaqədar strukturlara. Belə olarsa, o zaman yaranan nöqsanları tez aradan qaldırmaq mümkün olacaq”.
Vidadi ORDAHALLI