“Novoe vremya” qəzeti yarandığı gündən rusdilli oxucuların informasiya tələbatını təmin edə bildi” “Bu gün çap mətbuatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hesabına yaşayır”
Çağdaş media orqanları sırasında özünəməxsus yeri olan, öz dəst-xəttinə, fəaliyyətinə görə rusdilli nəşrlər arasında xüsusilə seçilən “Novoe vremya” qəzeti 20 yaşını arxada qoydu. “Novoe vremya” qəzetinin 20 illiyi münasibətilə nəşrin baş redaktoru, tanınmış ictimai xadim Şakir Habiloğlu (Ağayev) ilə görüşdük. Həm qəzetin keçdiyi yola nəzər saldıq, həm də onun müasir mediada oynadığı roldan danışdıq.
- Şakir müəllim, 20 illik bir yol qət etmisiniz. Özü də rusdilli qəzet nəşr etməyin özü çətindir. Bu 20 illik uğurlu yolçuluğa nail olmağınız nəyin hesabına baş verdi?
- 20 il tarix üçün qısa bir müddət olsa da, bir mətbu orqan, qəzet üçün böyük tarixdir. Nəzərə alsaq ki, Azərbaycanın dövlət müstəqilliyinin 28 yaşı var və bizim qəzetin yaşı da dövlət müstəqilliyimizin yaşından 8 yaş kiçikdir, “Novoe vremya” az qala dövlət müstəqilliyimizlə yaşıddır. Bilirsiniz ki, dövlət müstəqilliyinin ilk illərində ölkəmizdə çox ciddi problemlər mövcud olub, saysız çətinlik yaşamışıq. Sözsüz ki, bu problemlər dövri mətbuata da öz təsirini göstərib. Bütün bunlara baxmayaraq, biz başladığımız yolu davam etdirdik və artıq 20 ildir oxucularımızla, bizi arzu edənlərlə görüşə gəlirik. Siz yaxşı bilirsiniz ki, bu 20 il ərzində ölkəmizdə nə qədər qəzet nəşr edilib, sonra bağlanıb.
- Şakir müəllim, Siz bu qəzetin nəşrinə başladığınız dövrdə kifayət qədər rusdilli qəzet mövcud idi. Amma onların çoxu bu gün tarixə qovuşub. Bu nəşrlərdən fərqli olaraq, “Novoe vremya” bu gün yaşayır...
- Tamamilə razıyam. Bizim nəşrə başladığımız dövrdə nə qədər rusdilli qəzet nəşr edilməyə başladı, lakin onlar çətinliklərə davam gətirə bilmədilər. Çox rusdilli populyar qəzet bağlanıb. Dövlət qəzeti olan “Bakinskiy raboçiy”i çıxmaq şərtilə, rusdilli qəzetlər sırasında “Novoe vremya” sabit dəsti-xətti olan, daim bir ideologiyaya, bir məqsədə qulluq edən bir nəşr kimi çətinlikləri dəf edərək fəaliyyətini indiyə qədər davam etdirməyə nail olub. Düzdür, bu gün başqa rusdilli qəzetlər də var, amma onlar daha çox əyləncə xarakterli nəşrlərdir və onların ictimai-siyasi dəst-xətti yoxdur. Hesab edirəm ki, bundan sonra da fəaliyyətimizi uğurla davam etdirəcəyik.
- Bayaq dediniz ki, digər populyar rusdilli qəzetlər çətinliyə dözə bilməyib nəşrlərini dayandırdılar. Çətinlik deyəndə nəyi nəzərdə tutursunuz? Burada söhbət rəqabətə davam gətirməməkdən gedir, yoxsa daha ciddi səbəblər var idi?
- Biz 20 il əvvəl qəzet açanda tutduğumuz xətdə bir boşluq var idi. O nədən ibarət idi? Birincisi, 20 il əvvəl Azərbaycan mətbuatı çox siyasiləşmişdi. İki qütb vardı - qəzetlər ya iqtidarın, ya da müxalifətin maraqlarını müdafiə etməli idi, orta xətt mövcud deyildi. Gerçəklik bundan ibarət idi ki, həmin dövrdə ölkəmizdə müstəqil mətbuat yox idi. Hamı bu dövrü yaşayıb. Bir neçə mətbuat orqanı yalnız müxalifəti tərifləyirdi, bir neçəsi isə ancaq iqtidarı. Ölkə daxilində müstəqil mövqe tutan mətbuat orqanı yox idi. Amma həmin dövrdə “Novoe vremya” tamimilə müstəqil bir dəst-xətt tutdu. Bizim üçün həmin dövrdə iqtidar və müxalifət yox idi, yalnız Azərbaycan dövlətinin maraqları, dövlət müstəqilliyinin qorunması, Dağlıq Qarabağ probleminin daha böyük auditoriyalara çatdırılması vardı. Biz müxalifəti də, iqtidarı da tənqid etmişik. Bu gün müxalifət haqqında deyilənləri biz 20 il bundan əvvəl demişik ki, müxalifətin filan ciddi səhvləri, nöqsanları var.
Bilirsiniz ki, keçən əsrin 90-cı illərində müxtəlif qüvvələrin Azərbaycan uğrunda mübarizəsi, Azərbaycanda mövqe bərkitmək prinsipləri vardı. Rusiya artıq zəifləmişdi və iri dövlətlər Azərbaycanda öz mövqelərini bərkitmək istəyirdilər, onların burada çox böyük maraqları vardı. Həmin dövrdə Azərbaycan mətbuatına ən çox dəstək göstərmək istəyən xarici qurumlar meydana çıxmışdı. Qərb təşkilatları, fondları müxtəlif layihələrlə Azərbaycan mediasına “dəstək” göstərirdilər. Soros Fondundan tutmuş, digər fondlara qədər mətbuata “yardımlar” vasitəsilə Azərbaycanın daxili işlərinə qarışmaq, burada qarışıqlıqlar yaratmaq niyyəti güdürdülər. Yəni onların niyyətləri saf deyildi.
Biz Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı müxtəlif yazılar, araşdırmalar dərc edirdik. “Novoe vremya” Azərbaycanın xarici siyasətilə bağlı mediada bir yenilik etdi. O vaxt biz o yolu tutduq ki, Rusiya ilə vuruşmaq yox, onunla dost olmaq lazımdır. Hesab edirdik ki, Azərbaycan-Rusiya əlaqələrini inkişaf etdirmək lazımdır, Rusiyanın bizə qarşı münasibəti tam mənfi ola bilməz. Putin hakimiyyətə gəldikdən sonra bu əlaqələrin inkişafa doğru getməsi özünü bir daha doğrultdu. Rusiya-Azərbaycan prezidentlərinin münasibətləri bir daha onu sübut etdi ki, bu əlaqələrin tarixi kökləri var, bu əlaqələr bu gün də yüksək səviyyədə davam etdirilir. Azərbaycanın həm xarici siyasətində, həm də iqtisadi təməllərində Rusiya-Azərbaycan münasibətləri çox mühüm rol oynayır. Biz onu göstərdik ki, bizim vətəndaşlar, soydaşlarımız ən çox Rusiyadadır. Rusiya ilə Azərbaycanın əlaqələrinin yaxşı olması onların orada rahat yaşamasına şərait yaradacaq. Deyim ki, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olması, Putin-İlham Əliyev münasibətləri Rusiyada yaşayan soydaşlarımızın həyatına, fəaliyyətinə çox müsbət təsir edib. Bizim qəzet vasitəsilə gördüyümüz işlər Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət üçündür. Bugünkü münasibətlər sübut etdi ki, bizim tutduğumuz yol düzgün yol olub. Təbii ki, bu amil də bizə kömək etdi. Saysız insan, oxucu var idi ki, onlar üçün müxalifət, iqtidar yox, Azərbaycan və dövlətçilik vardı. Biz Sovetlərdən ayrılmış respublika idik və respublikamızda kifayət qədər rusdilli oxucu vardı. Onlar da müstəqil düşüncəli, vahid ideologiyaya xidmət edən bir mətbu orqanın olmasını arzu edirdilər. “Novoe vremya” qəzeti yarandığı gündən rusdilli oxucuların informasiya tələbatını təmin edə bildi.
- Sizin qəzet nəşrə başladığı dövrdə Azərbaycan SSRİ-nin tərkibindən bir neçə il idi ki, çıxmışdı. Yalnız Azərbaycanda deyil, keçmiş ittifaq ölkələrinin çoxunda rus dilinə münasibət elə də xoş deyildi. Belə bir dövrdə “Novoe vremya”nı nəşr etmək çətin olmadı ki?
- Çox maraqlı məsələyə toxundunuz. Təbii ki, o dövrdə bizə çox böyük təpki var idi. Çox təəssüflər olsun ki, bizə qarşı təpki göstərən insanların çoxunun özü rus dilində təhsil almışdı, övladları da rus sektorunda oxuyurdu. Onlar küçələrdə “rus dilini dayandırmaq lazımdır” deyə qışqırır və öz uşaqlarını isə rus sektorunda oxudurdular. Bu, kütləyə yönəlmiş bir fikir idi. Bu insanlar kütləyə belə deyir, tribunalardan rus dilini söyür, evdə isə həyat yoldaşı və uşaqları ilə rus dilində danışırdılar. Bu çox ağır proses idi. Belə bir şəraitdə işləmək çətin idi. Amma biz buna baxmayaraq, fəaliyyətimizi davam etdirirdik. Azərbaycanın daxilində insanlar var idi ki, onlar bizim qəzeti mütəmadi olaraq izləyir, alırdılar. Bilirsiniz ki, Bakı həmişə beynəlmiləl şəhər olub. Əsası uzun əsrlər əvvəl qoyulan multikulturalizm və tolerantlıq ənənələri bu gün Azərbaycanda uğurla davam etdirilir. Multikulturalizm Azərbaycanda özünün ən yüksək inkişafını tapıb. Həmin dövrdə insanlar vardı ki, rus dilində informasiya almaq, oxumaq istəyirdilər. Bizim yazdıqlarımıza tələbat böyük idi. Kimin nə deməsindən və danışmasından asılı olmayaraq, əsas odur ki, oxucunun, xalqın rəğbətini qazanasan. Biz də bu rəğbəti qazana bildik.
Biz o zaman həm Azərbaycan, həm də rus dilində qəzet çap edirdik - “Yeni zaman” və “Novoe vremya”. Deyim ki, 2004-cü ilə qədər iki dildə həftəlik və gündəlik qəzet nəşr edən ilk redaksiya olmuşuq. Sadəcə olaraq, 2004-cü ildə maddi çətinliklər üzündən seçim qarşısında qaldıq. Bilirsiniz ki, o zaman qəzetlərdə söyüş, şər kampaniyası baş alıb gedirdi, çox təəssüf ki, Azərbaycandilli oxucular daha çox onları oxuyurdular. Amma rusdilli oxucular üçün belə qalmaqallı yazılar, şər-böhtan, söyüş kampaniyası maraqlı deyildi, onlar daha çox intellektual yazılar, analizlər, şərhlər tələb edirdilər. Biz də qərara gəldik ki, qəzetin rus dili variantını saxlayaq. Çünki Qarabağ probleminin rus dili vasitəsilə beynəlxalq aləmə çatdırılması daha vacib olduğu üçün, biz bu yolu tutduq. Biz əvvəldən qarşımıza məqsəd qoymuşduq ki, nə müxalifətin, nə də iqtidarın tərəfindəyik, bizim yolumuz maarifçilik yoludur. Azərbaycan variantında başqa qəzetlərin getdiyi yolu gedə bilmədik, kimlərinsə tapşırıqlarını icra edə bilmədik. Qəzetin rus dili variantını saxlamaqda peşman deyilik. Allah imkan versə, qəzetimizin Azərbaycandilli variantını da bərpa etmək niyyətindəyik. Biz azərbaycanlıyıq və öz dilimizi çox sevirik, amma bizim dilimizin auditoriyası rus dilinin auditoriyası qədər geniş deyil. Böyük bir ərazidə insanlar rus dilində oxuyub, yaza bilirlər. Azərbaycan dövlətinin, xalqının çox ağır problemi olan Dağlıq Qarabağ problemi haqqında Azərbaycan dilində hamı yazırdı və bu yalnız Azərbaycandilli auditoriyaya çatırdı. Amma bu problem haqqında rus dilində yazanda onu daha çox oxucu oxuyurdu. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarda təmsil olunanlar da rus dilini bilirlər. Bizim üçün Azərbaycanın qlobal problemi olan Dağlıq Qarabağ probleminin dünyaya çıxması və dünyada yayılması üçün rus dilinin böyük əhəmiyyəti var. Bizim qəzetdə Qarabağ problemi, Azərbaycanın ədalətli mövqeyi, erməni terrorizmi, erməni terror təşkilatlarının təhlükəsi haqqında silsilə yazılar, araşdırmalar, analizlər nəşr edilib. Bu yazılar Rusiyada və digər xarici ölkələrdə oxunub, bu gün də oxunur.
- Şakir müəllim, qəzetinizin 20 illik yubileyi münasibətilə çox mötəbət təşkilatlardan, şəxsiyyətlərdən təbriklər almısınız. Sözsüz ki, bu həm Sizin gördüyünüz işlərə verilən qiymətdir, eyni zamanda, sizin fəaliyyətinizə stimul verən bir amildir...
- Bəli. Həqiqətən də biz çox nüfuzlu qurumlardan, insanlardan çoxlu sayda təbrik aldıq. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Putin tərəfindən yaradılan “Rus Fondu”nun rəhbərliyi, Rusiyanın xaricdə yaşayan rus icmalarına rəhbərlik edən qurumunun rəhbərliyi, Rusiyanın Azərbaycandakı icmasının rəhbəri deputat Mixail Zabelin, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimr Solovyov, Ukrayna, Moldova Jurnalistlər birliklərindən təbriklər almışıq. Onlar bizim qəzeti oxuyan qurumların, şəxslərin qəzetimizə münasibətinin təzahürüdür. Azərbaycandan da kifayət qədət təbrik almışıq. İTAR-TASS agentliyi və “Komsomolskaya pravda” qəzeti də bizi təbrik etməyi unutmayıb. Bu təbriklər bizim 20 illik fəaliyyətimizə verilən qiymətdir.
- Bu gün ölkədə nəşr edilən nüfuzlu qəzetlərin çapında dövlət dəstəyinin xüsusi rolu var. Bu barədə nə deyərdiniz?
- Azərbaycan Prezidentinin mətbuata göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Bu gün Azərbaycan qəzetlərinin davamlılığına səbəb Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Bəzən bu qurum haqsız tənqidlərə məruz qalır. Amma iş olan yerdə nöqsan da olur. 9 il bundan əvvəlki ilə müqayisədə qəzetlər qarşısına daha mühüm şərtlər qoyulur ki, o şərtləri ödəməyən nəşrlərin çapına maliyyə ayrılmır. Bu çox yaxşı bir haldır. Ələnmə getməlidir ki, Prezidentin mediaya ayırdığı vəsaitdən yararlananlar həqiqətən də effektiv iş görmüş olsunlar. Bu gün çap mətbuatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hesabına yaşayır. Mənə bu qurumdan nə tapşırıq verilir, nə də kimsə deyir ki, filan məsələni bu cür yaz. Əsla. Bu günə qədər mən belə məsələ ilə üzləşməmişəm. “Novoe vremya” qəzeti ictimai rəydə olan qəzetdir və Fonda da ona maliyyə ayırıb. Qəzetlər bu vəsaitlə yaşayır, amma bu da əbədi ola bilməz. Qəzetlərin gəlir yeri olmalıdır. Bu gəlir yeri də reklamla bağlıdır. Qəzetlərin reklam bazarı olduqdan sonra KİV-in fəaliyyəti daha geniş və sərbəst olur. Təəssüf ki, bizdə reklam bazarı yoxdur.
- İstərdim ki, sonda qəzetin kollektivi haqqında danışaq. Sizinlə birgə bu uzun yolu gələnlər varmı?
- Deyim ki, bizim qəzet bir məktəb olub. Əvvəllər 60-a yaxın işçimiz vardı. Məni sevindirən odur ki, “Novoe vremya” məktəbindən çıxanlar arasında baş redaktor, müxtəlif dövlət qurumlarının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırlar. Mənə zövq verən odur ki, onlar hansı məktəbdən çıxdıqlarını unutmurlar. Bütün bunlarla bərabər, bu 20 ildə bu yolu mənimlə addım-addım gələn əməkdaşlarımız var. Onlar qəzetin nüvəsdir. Yeni işçilərimiz də var, amma qəzetin 20 illik əsas nüvələri var ki, biz bu gün birgəyik. Bir baş redaktor olaraq həmişə işçilərimlə maraqlanmışam, onların qayğılarına diqqət yetirmişəm.
Əl-ələ verib oxucuların maraqlarını təmin edən, onların tələblərinə cavab verən qəzet buraxırıq. Bizim məqsədimiz qərəzdən uzaq, Azərbaycanın dövlət maraqlarına xidmət edən bir mətbu orqanın fəaliyyətini davam etdirməkdir.
İradə SARIYEVA