BMT-dən sonra üzv ölkələrin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatıdır. Sözügedən hərəkat ölkələrində dünya əhalisinin 55 faizi yaşayır. İşğalçı Ermənistan Qoşulmama Hərəkatının üzvü deyil. Sözügedən ölkə QH-də müşahidəçi statusla təmsil olunan 17 dövlətdən biridir.
Haçansa Ermənistanın QH-yə üzv olmaqla bağlı istəyinin üzv ölkələr tərəfindən necə qarşılanacağı maraq doğurur. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilən sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirirlər. Həmçinin, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.
Bununla belə, yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Bütün bunların fonunda maraqlıdır, Ermənistan QH-yə üzv olmaq istəyərsə, bu nə ilə nəticələnəcək?
“Sözügedən dövlətin Qoşulmama Hərəkatında müşahidəçi statusuna baxmayaraq, artıq təşkilat daxilində rəsmən işğalçı ölkə kimi tanındı”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan belə bir təşəbbüslə çıxış etsə, üzv ölkələrin müqaviməti ilə üzləşəcək: “Ermənistanın Qoşulmama Hərəkatında müşahidəçi statusuna baxmayaraq, artıq təşkilat daxilində rəsmən işğalçı ölkə kimi tanındı. Azərbaycanın sədrliyi dönəmində Ermənistan bu təşkilat vasitəsilə daha da izolyasiya olunacaq. Artıq 120 dövlət bu ölkəni işğalçı ölkə kimi tanıdı. Hesab edirəm ki, bundan sonra Ermənistanın bu təşkilata üzv olması mümkün olmaya bilər. Azərbaycanın apardığı uğurlu siyasət və prinsipial mövqeyi ölkələr arasında Qarabağla bağlı mövqeyinin güclənməsinə gətirib çıxarıb. Məhz QH-yə Azərbaycanın sədrliyi beynəlxalq arenada ölkəmizin imicinin daha da güclənməsinə gətirib çıxaracaq. Ermənistan artıq öz işğalçılıq siyasəti ucbatından bir sıra beynəlxalq təşkilatlarda aktiv şəkildə iştirak edə bilməyəcək. Azərbaycan kifayət qədər bu istiqamətdə çalışır ki, Ermənistanı belə mötəbər təşkilatlardan kənarda qoysun. Məhz Qoşulmama Hərəkatında Azərbaycanın tutduğu mövqe və apardığı siyasət Ermənistanın uzun illər bu təşkilatdan kənar qalmasına gətirəcək. Hesab edirəm ki, Ermənistanın BMT-dən sonra ikinci böyük bir təşkilatdan kənarda qalması Azərbaycanın uğurudur. Hesab edirəm ki, QH-də təmsil olunan ölkələr bundan sonra Ermənistanın hərəkata üzv olmasına qarşı çıxacaqlar”.
Vidadi ORDAHALLI