Ermənistanda ötən il baş tutan məlum hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə olan ümidlərin də üzərindən, demək olar, xətt çəkilib. Buna əsas səbəb erməni hakimiyyətinin məsuliyyətsiz hərəkət və açıqlamalarıdır.
Rəsmi Bakı bundan əvvəl dəfələrlə bəyan edib ki, Ermənistan tərəfinin məsuliyyətsiz ritorikası münaqişənin sülh yolu ilə həllinə yönələn bütün səyləri heçə endirə bilər. Eyni zamanda, elə həmin məsuliyyətsiz ritorika fonunda Azərbaycan tərəfi Ermənistanın işğal siyasətinin dünya miqyasında faş olunmasında mühüm nailiyyətlərə imza atıb. Bunu erməni tərəfi də təsdiq edir və o da vurğulanır ki, Ermənistan Azərbaycanın diplomatik hücumları qarşısında getdikcə daha aciz duruma düşür. Eyni zamanda etiraf edilir ki, müasirAzərbaycan diplomatiyası Ermənistanın işğalçı obrazını yarada bilib və İrəvanın bundan qurtulması, özünü müdafiə etməsi getdikcə daha çox müşkülə çevrilir. Konkret sübut kimi isə son günlərdə ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın BBC telekanalının “HardTalk” proqramında məşhur aparıcı Stiven Sakurun Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı bəyanatları barədə suallarını cavablandırmaqda aciz qalması göstərilir. Qeyd edək ki, bu məsələ işğalçı ölkədə ciddi mübahisələrə səbəb olub. Bir çoxları onu qeyri-peşəkarlıqda və jurnalistin “təxribatçı” (əslində, ədalətli və obyektiv) sualları qarşısında çarəsiz qalmaqda günahlandırıb. Xüsusən, Mnatsakanyan britaniyalı jurnalistin “Ermənistanın yeni hökuməti erməni qoşunlarının Qarabağda törətdiyi vəhşilikləri etiraf edə bilərmi” sualına cavab verə bilməməməsi və eyni sözləri təkrar etməklə vəziyyətdən çıxmağa çalışması əsas tənqid obyektidir. Respublika Partiyasının sədr müavini Armen Aşotyan yenidən bu məsələyə qayıdaraq bildirib ki, xarici işlər nazirinin BBC-yə verilmiş qalmaqallı müsahibəsi gülüncdür: “Nazir siyasi və ictimai dairələrin sərt reaksiyasını, yumşaq dillə desək, zəif, hazırlıqsız şərhlərində Ermənistanda plüralizm və demokratiyanın mövcudluğuna aid edir. Nazir xəsis şəkildə unudur ki, hakimiyyət dəyişikliyinə qədər “Serjin Ermənistanı”nda bu cür plüralizm və azadlıqlar çoxdan mövcud idi. Müxaliflər isə o zaman damğalanmırdı və “millət xaini” elan edilmirdi. Buna görə də, cənab, mənim azad danışmaq hüququmu və peşə hazırlığımı ayağınıza yazmayın. Nə qədər ki, mən Nikol və onun komandasının büdcə hesabına milyonlarla dollarlara çatan “kayf”larlayam, siz o qədər bununla əlaqəlisiniz. Qarabağ məsələsində yaranmış partlayış təhlükəli qarışıq vəziyyətin günahkarı Nikoldur. Mnatsakanyanın isə onun dediklərini müdafiə etməyə çalışması vəziyyəti qəlizləşdirir və Ermənistanı gülünc vəziyyətə salır. BBC-yə verilmiş müsahibədə də məhz bunu gördük”.
Elə erməni diplomat Arman Navasardyan da eyni mövqeyni bölüşür. O bildirir ki, Mnatsakanyan məlum müsahibəsində yanlışlıqlara yol verib. Navasardyan Mnatsakanyanın Qarabağda 150 min erməninin yaşaması ilə bağlı bəyanatını yanlış bəyanat kimi qiymətləndirib: “Qarabağ 150 min erməninin yaşadığı bir ərazidir” ifadəsi kobud səhv idi. Əlbəttə, bu heç vaxt yol verilməyəcək siyasi səhv idi... Mnatsakanyan burada düzgün yönəlməli idi”. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistanın xarici siyasəti uğurlu deyil və yenidən nəzərdən keçirilməyə ehtiyacı var, lakin yenilənmə də sistemli şəkildə olmalıdır. Navasardyan əlavə edib ki, Ermənistan XİN-in islahatlara ehtiyacı var. Daha bir erməni politoloq Robert Gevondyanın fikrincə də, məlum müsahibə Ermənistanın diplomatiyasının uğursuzluğunu üzə çıxarıb: "Xarici İşlər Nazirliyi daim yayınır, qorxulu cavablar verirdi və bu, yeni Ermənistan şəraitində o qədər də anlaşılan deyil".
O bildirib ki, ilk baxışdan, məsələn, Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdə olduqca "düzgün" müşahidələr olsa da, Qarabağ münaqişəsinə gəldikdə, Mnatsakanyanın sözləri kifayət qədər qəribədir: "Jurnalist deyir ki, erməni qüvvələri insan hüquqlarının pozulmasına gətirib çıxarıb, lakin xarici işlər naziri tərəfindən əks cavab yoxdur". Gevondyanın sözlərinə görə, buradan Ermənistanın xarici işlər nazirinin jurnalistin suallarına hazır olmaması barədə doğru təəssürat yaranır: "Biz konkret olaraq Qarabağ məsələsində bu cür yayındırıcı danışıqırıqsa, maraqlarımızı nümayiş etdirmiriksə, bu problemdir".
“İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan isə məsələyə belə münasibət bildirib:“Zöhrab Mnatsakanyanın BBC televiziyasının “HardTalk” verilişinə müsahibəsini izlədim, nazirin cavabı çox zəif idi”. O qeyd edib ki, nazirin aparıcı Sakurun tərəfimizdən Azərbaycan tərəfinə hücumlar həyata keçirilməsi ilə bağlı çıxışına cavabı olduqca zəif idi və bu da Ermənistanın Qarabağ məsələsində haqsızlığını meydana qoyur. Erməni politoloq Stepan Danielyan bildirib ki, artıq hakimiyyətin xarici siyasətdə uğursuzluqları özünü qabarıq formada büruzə verir: “Ermənistanın xarici işlər nazirinin BBC televiziyasına müsahibəsi olduqca uğursuz idi, lakin bu təkcə Mnatsakanyanın yox, həmçinin erməni xarici siyasətinin uğursuzluğu idi”. Onun sözlərinə görə, bu müsahibəni adi müsahibə kimi qəbul etmək olmazdı: “Hər kəs bu müsahibənin sözlərini izləyirdi və hər bir sözün danışıqlar prosesində təsiri var. Bu müddət ərzində səslənən bəyanatlar Ermənistan Respublikasının xarici siyasəti kimi müşahidə olunur. Fikrimcə, qeyd etmək lazımdır ki, Zöhrab Mnatsakanyan elə bir təcrübəli siyasi xadim olmayıb. Bir çoxları deyir ki, o yaxşı diplomatdır, lakin o, elə bir siyasi xadim olmayıb, çünki verilən siyasi suallara siyasi xadim kimi ümumiyyətlə cavab verə bilmirdi”. Onun sözlərinə görə, müsahibənin uğursuz olması həm də Paşinyanın Qarabağla bağlı ziddiyətli bəyanatları ilə əlaqədardır. “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan Mnatsakanyanın BBC-yə müsahibəsi ilə bağlı “Facebook” səhifəsində bildirib ki, Ermənistanın xarici siyasəti olduqca uğursuzdur və ən qısa zamanda Mnatsakanyan vəzifəsindən uzaqlaşdırılmalıdır: “Bir çoxunuz artıq Mnatsakanyanın BBC-nin jurnalisti Stiven Sakurla bədnam müsahibəsini dinləmisiniz və ya ən azından reaksiyaları görmüsünüz. İndi təəccüb edirsiniz ki, xarici işlər nazirimiz cəmi bir yaxşı hazırlaşmış jurnalistin qarşısında necə bu qədər məzlum və köməksiz vəziyyətdə çıxış edə bilər. Bu münasibətlə cəmi bir neçə sadə sual səsləndirmək istəyirəm. Nə üçün baş nazir Paşinyan iki həftə fərqlə bir yerdə “Qarabağ Ermənistandır, vəssalam” deyir, başqa bir yerdə isə “Dağlıq Qarabağ məsələsi Azərbaycan xalqının da razılığı ilə həll edilməlidir” bildirir? Bununla da sözün əsl mənasında bütün dövlət rəsmilərini bu açıq-aydın ziddiyəti izah etmək üçün absurd zərurət qarşısında qoyur, rəqibə və hətta vasitəçilərə bizi prinsipsiz olmaqda ittiham etməyə fürsət verir. Və nəhayət, nə üçün son zamanlar Minsk Qrupunun vasitəçi ölkələri müxtəlif vasitələrlə Ermənistan hakimiyyətinə qarşı öz narazılıqlarını bildirirlər və onu qeyri-konstruktiv olmaqda ittiham edirlər?”.
Beləliklə, qeyd edilən bu reaksiyalardan aydın görünür ki, Ermənistanın Qarabağ siyasətinin ifşa olunması düşmən ölkədə şok effekti yaradıb. Baş verənlərlə bağlı “1in.am” portalı yazır ki, Mnatsakanyanın belə vəziyyətə düşməsi onun azərbaycanlı həmkarı ilə görüşündə də ciddi məğlubiyyətlə üzləşməsini istisna etmir. Ermənilərin bu cür müzakirələr açması və məğlubiyyətlərini etiraf etməsi isə təbiidir. Üstəlik, söhbət Qarabağ münaqişəsinin həlli üzərinə gələndə nə deyəcəklərini bilmirlər. Ona görə ki, deməyə sözləri yoxdur, ortada açıq işğal faktı var ki, bu da bütün dünya tərəfindən pislənir. Bu, həm də dünya miqyasında böyük siyasi təzyiq deməkdir. Məhz bu təzyiq qarşısında erməni hakimiyyətinin rəhbər simaları özlərini itirir, dilləri topuq vurur. Belə vəziyyət həm də Azərbaycan diplomatiyasının qələbəsi sayıla bilər. Digər tərəfdən, son nəticədə erməni ekspertlər öz xarici işlər nazirlərini tənqid edincə, yaxşı olar ki, həm də xarici siyasətin təcavüzkarlığına diqqət yetirsinlər. Çünki onların başına bəla olan Azərbaycana qarşı apardıqları işğalçılıq siyasətidir. Yalnız bu siyasətdən əl çəkməklə erməni diplomatiyası beynəlxalq səhnədə yaşadıqları pərtlikdən qurtula bilər. Əks təqdirdə ermənilər daim diplomaik müstəvidə də zərbə alacaqlar və bunu Zöhrab Mnatsakanyanın BBC biabırçılığından sonra daha bir açıqlaması da təsdiq edir. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda işğalçı Ermənistanın regionda sülhə və sabitliyə təhlükə törətməsi ilə bağlı verdiyi bəyanat, Mnatsakanyan da daxil olmaqla, Ermənistan rəsmilərini təşvişə salıb. Zöhrab Mnatsakanyan Türkiyə rəsmilərinin ritorikasını Ermənistanın təhlükəsizliyinə hədə adlandırıb. Rəsmi Ankaranın növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana dəstəyini ifadə etdiyini diqqətə çatdıran Mnatsakanyan deyib ki, Mövlud Çavuşoğlunun “Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik” sözləri Ermənistanın təhlükəsizliyinə təhdiddir və ermənilər üçün ciddi problemdir. Erməni nazir əlavə edib ki, Türkiyə xarici siyasət idarəsinin rəhbərinin PKK terror təşkilatının tərkibində erməni terrorçuların da olması barədə bəyanatı da İrəvanda ciddi narahatlığa səbəb olub. Halbuki, Mnatsakanyana da yaxşı bəllidir ki, Türkiyə əvvəldən eyni mövqeni ifadə edib və bu səbəbdəndir ki, erməni ekspert Razmik Akopcanyan Mnatsakanyanın dediklərində hansısa yenilik olmadığını vurğulayaraq, nazirin yenə erməni cəmiyyətini təəccübləndirdiyini bildirib.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.