Ölkədə aparılan islahatlarla bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Xüsusilə də yaşla bağlı həyata keçirilən kadr islahatları əhali tərəfindən rəğbətlə qarşılanır. Struktur islahatları ilə yanaşı, kadr islahatlarının da paralel həyata keçirilməsi yaxşı nəticələrin olacağına dair ümidləri artırmış olur.
Prezident Hacıbala Abutalıbovu qəbul edərkən onun yaşına görə istefa ərizəsini təqdim etməsini müsbət hal kimi dəyərləndirdi və hətta dedi ki, onun addımı digərləri üçün də örnək olmalıdır, çünki biz gənc nəslə yol açmalıyıq. Həmin görüşdən sonra biz bəzi iriçaplı məmurların yaşlarına görə istefa ərizəsi təqdim etdiyini gördük. Bu hadisələrdən sonra cəmiyyətdən gələn çağırışlar çoxaldı. Bəzi yaşı çox olan məmurlar və deputalardan da istefa vermələri tələb edildi. Diqqətçəkən məqamlardan biri də bu oldu ki, heç də bütün yaşlı məmur və deputatlar cəmiyyətdən gələn çağırışı normal qəbul etmədi. Hətta bunu aqressiya ilə qarşılayanlar da oldu. Bəziləri isə yaşlarının çox olmasına baxmayaraq, sağlıq durumlarındakı üstün keyfiyyətləri sadalayraq, gedən prosesə açıq müqavimət mövqeyi ortaya qoydular.
Aparılan kadr islahatlarına verilən və daha çox müqavimət mahiyyəti daşıyan reaksiyaları necə dəyərləndirmək olar?
“Ölkəyə xidmət yalnız vəzifədə işləməklə olmur”
Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə Prezidentinin apardığı mütərəqqi islahatlar əhalinin böyük hissəsi və vətəndaş cəmiyyəti sektoru tərəfindən böyük rəğbətlə qarşılanır: “Bundan da belə nəticəyə gəlmək olar ki, islahatlar davamlı xarakter daşıyacaq. Azərbaycanın gələcəyini təmin edən bu prosesin qarşısını almaq mümkün olmayacaq. Ölkəmizin inkişafı üçün kim özündə təpər, peşəkarlıq, güc hiss edirsə, buyursun, Azərbaycanın gələcəyinə yönəlik proseslərdə iştirak etsin. Ölkə Prezidentinin çağırışına müsbət yanaşanlar buyursunlar öz səmimiyyətləri ilə buna reaksiya verib, yerlərini müəyyən etsinlər. Bununla aparılan islahatlara öz töhfələrini vermiş olarlar. Mən sağlamam deməklə, ömürlük hansısa vəzifəni özününküləşdirmək də olmaz. Kimsə demir ki, vəzifədə çalışmaq üçün bu keyfiyyətlər nəzarətdən keçirilməlidir. Burada məcburi bir prosedur da yoxdur. Sadəcə, ölkə başçısı yaşı 70-dən artıq olan məmurları bir səmimiyyətə dəvət etdi. Bununla cənab İlham Əliyev demək istədi ki, yalnız kreslonu deyil, ölkənin taleyini də düşünsünlər. Fikir verdinizsə, dövlətçiliyin qorunmasında böyük xidmətləri olan bəzi məmurlar həmin çağırışa hamıdan tez cavab verdilər və onların bu təşəbbüsünə Prezident böyük ehtiramla cavab verdi. Bu nöqteyi-nəzərdən mən də Prezidentin müraciətinə dəstək verirəm. Hesab edirəm ki, proses davam etməlidir. Heç kim fikirləşməsin ki, Prezident dedi, bir azdan yaddan çıxıb gedəcək. Kimsə düşünməsin ki, bu, gündəmdən düşəcək və kadr islahatlarının zəruriliyi unudulacaq. Media və vətəndaş cəmiyyəti bu məsələni daim gündəmdə saxlamalıdırlar ki, ortada əməli nəticələr olsun. Gənc kadrlara imkan yaratmaq lazımdır ki, onlar ölkəmizin gələcəyinə töhfələrini versinlər. Əlbəttə, təcrübəli insanlar da bu prosesə dəstək verməlidirlər. Həmin təcrübəli insanlar ölkəmizin inkişafına özəl sektorda, təhsildə, vətəndaş cəmiyyətində də öz töhfələrini verə bilərlər. Ölkəyə xidmət yalnız vəzifədə işləməklə olmur”.
Məhəmmədəli QƏRİBLİ