Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək. Ermənistan KİV-nin verdiyi məlumata görə, səfər çərçivəsində rusiyalı mütəxəssislərin Ermənistanda yerləşən və Pentaqonun pulu ilə yaradılan biolaboratoriyalara girişini təmin edən memorandum imzalanacaq. Hətta sənədin mətninin hazır olduğunu və qurumlararası razılaşdırmadan keçdiyi də bildirilir. Qeyd olunur ki, memorandum iki ölkə arasında tibbi-bioloji sahədə əməkdaşlığı nəzərdə tutur.
ABŞ-ın vəsaiti ilə modernləşdirilmiş, bioloji tədqiqatlar aparılan, ştamm və virusların öyrənildiyi laboratoriyalar MDB məkanında Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda fəaliyyət göstərir. Rusiya dəfələrlə ABŞ-a onun sərhədlərində görülən bu tip işlərlə bağlı narazılığını ifadə edib. Bununla, faktiki olaraq, Paşinyan hakimiyyəti ABŞ-ın hərbi əhəmiyyət daşıyan laboratoriyalarını Rusiyanın üzünə açır. Başqa sözlə desək, ABŞ-ın sirlərini tərəddüd etmədən Rusiyaya təqdim etməyə hazır olduğunu deyir. Bəllidir ki, ABŞ Paşinyanı ciddi qəbul etmir. Ermənistan Baş nazirinin ciddi səylərinə baxmayaraq, rəsmi Vaşinqton onunla təmas qurmağa maraq göstərmir. Görünür, buna görədir ki, Paşinyan əlini üzdüyü ABŞ-ı belə asanlıqla Rusiyaya satmağa hazır olur. Bu prosesin sonu nə ilə yekunlaşa bilər?
“Yəqin ki, bundan sonra ABŞ həmin layihəni dayandıracaq”
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, bu qalmaqla ötən ilin sonunda başlayıb: “Həmin vaxt Ermənistanın yeni rəhbərliyi bir-birini təkzib edən açıqlama ilə çıxış edirdi. Yadınızdadırsa, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan keçirdiyi brifinqdə açıqlama verərək bildirmişdi ki, Ermənistanda ABŞ laboratoriyalarının mövcudluğu ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. O demişdi ki, Ermənistanda Amerika və ya digər xarici ölkələrin laboratoriyaları yoxdur. Onların hamısı birbaşa olaraq Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərir və həmin laboratoriyalarda çalışanlar Ermənistan vətəndaşlarıdırlar. Bundan bir qədər sonra isə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya mətbuatına verdiyi müsahibədə öz diplomatlarını təkzib edərək demişdi ki, belə laboratoriyalar mövcuddur. Hətta bildirimişdi ki, onun şəxsi göstərişi ilə rusiyalı mütəxəssislər ABŞ laboratoriyalarına buraxılıb və əmin olublar ki, orada qorxulu nəsə yoxdur. Həmin vaxt Paşinyan əminliklə dedi ki, həmin laboratoriyalar heç bir şəkildə Rusiyaya qarşı istifadə edilə bilməz. Qeyd edək ki, bundan əvvəl Rusiya XİN keçmiş SSRİ məkanında, xüsusən də Ermənistandakı ABŞ laboratoriyalarının humanitar məqsədlə deyil, Pentaqonun hərbi-bioloji maraqlarına uyğun şəkildə istifadə edildiyini bildirərək, Moskvanın narahatlığını ifadə etmişdi. Ermənistanda Amerikaya məxsus və Pentaqonun pulları ilə yaradılan laboratoriyalar şəbəkəsi bioloji materialların tədqiqatı ilə məşğul olduğunu bildirsə də, Rusiya kəşfiyyatının əlindəki etibarlı məlumatlara görə, Gürcüstan və Ukraynada da “uğurlu” fəaliyyət göstərən bu laboratoriyalar bioloji silah yaradılması üzərində işləyirlər. Ermənistan artıq Rusiya mütəxəssislərini ora buraxmağa razılıq veribsə, bu, ABŞ-ı satdığı anlamına gəlir. Yəqin ki, bundan sonra ABŞ həmin layihəni dayandıracaq”.
Məhəmmədəli QƏRİBLİ