Rusiya və Ermənistan arasında getdikcə gərginləşən münasibətlərin perspektivi, bunun nəticələrinin İrəvanın regionda mövqeyinə necə təsir edəcəyi xüsusi maraq doğuran məqamlardan birinə çevrilib. Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyanın Rusiya siyasəti birmənalı şəkildə iflasa uğrayıb və ORSIS şirkəti ətrafında baş verənlər də bunun növbəti təzahürü qismində çıxış edib.
Xatırladaq ki, Rusiyanın ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü üzrə tenderi pozduğuna görə Moskva İrəvana etiraz notası ünvanlayıb. Etiraz notasında deyilir ki, ORSIS firmasının müraciəti heç bir əsas olmadan rədd edilib və erməni tərəfi onu bu iş üçün uyğun olmayan tədarükçülər siyahısına daxil edib. Sənəddə müdafiə naziri Tonoyanın məsələni araşdırması tələb olunur. Amma erməni mediası yazır ki, ORSIS şirkəti problemləri göstərən adi epizodlardan biridir. İndiki gedişlə Rusiyanın iqtisadi müstəvidə Ermənistanı daha çox əzməyə başlaması proqnozlaşdırılır. Bunlardan biri “Rusiya Dəmir Yolları” şirkətinin Ermənistanı tərk etməsi ilə bağlıdır.
Xatırladaq ki, bu günlərdə Ermənistanın Gümrü şəhərində ölkənin dəmir yollarını idarə edən “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin maşinistləri tətil edib. “Cənubi Qafqaz Dəmir Yolları” QSC “Rusiya Dəmir Yolları” şirkətinin 100 faizlik törəmə şirkətidir və Ermənistanda dəmir yollarının idarəsi ilə məşğul olur. Tətildə maşinistlər əmək haqlarının 30 faiz artırılmasını tələb edirlər. Ermənistanın “jamnyus” portalı yazır ki, tətildə iştirak etmiş lokomotiv deposunun maşinistləri maaşlarının 30 faiz artırılmasını tələb ediblər və şirkətdən sonda müsbət cavab alıblar. Amma əslində vəziyyət tamam fərqlidir: “Dəmir yolu işçilərinin tətili üzündən oktyabrın 22-dən etibarən qatarların hərəkəti, o cümlədən neft məhsullarının və taxılın daşınması tamamilə dayandırılmışdı. “Rusiya Dəmir Yolları”nın rəhbərliyi tətilin üçüncü günündə etiraz edən dəmiryolçularla görüşdü. Görüşdən sonra şirkətin rəhbərliyi məlumat yaydı və həmin məlumatda deyilir: 2019-cu ilin 9 ayı ərzində yüklərin və sərnişinlərin daşınması həcmi xeyli yüksəlib və bu, “Cənubi Qafqaz Dəmir Yolları”na imkan verir ki, maşinistlərin maaşlarını orta hesabla 19 faiz artırsın. Eyni zamanda, dayanmalara görə şirkət 140 milyon dram (təxminən 290 min dollar) gəlirini itirib. Bu o deməkdir ki, şirkətin illik planları yerinə yetirməsi çətin olacaq və bu, öz növbəsində, bütün əməkdaşların maaşlarının artırılmasını şübhə altında qoyur.
“Cənubi Qafqaz Dəmir Yolları” əməkdaşlarının tətili “Rusiya Dəmir Yolları” ətrafında baş verən yeganə intriqa deyil. Artıq məlumdur ki, şirkət Ermənistan hakimiyyəti ilə müqaviləyə xitam verməyə hazırlaşır. Halbuki, Ermənistan dəmir yollarının “Rusiya Dəmir Yolları”nın konsessiya idarəçiliyinə verilmə müddəti 30 il təşkil edir, yəni onun sonuna hələ 19 il qalıb. Amma ruslar Ermənistandan gedir. Bu qərara səbəb Ermənistanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin işinə maneə yaratmasıdır. Güman edildiyinə görə, söhbət sonuncuya qarşı cinayət işindən gedir. Şirkətin ofisində bu ilin avqust ayında vergilərin ödənilməməsi şübhəsi ilə axtarışlar keçirilib. İstintaq komitəsi şirkətin son 10 il ərzində fəaliyyətinin yoxlanmasını davam etdirir və müqavilə üzrə vəd edilmiş investisiyaların effektivliyini nəzərdən keçirir. Bunlar isə rusları narazı salır. Rusiyanın Ermənistan dəmir yollarının istismarı ilə bağlı güzəştli müqavilədən imtina etmə ehtimalı Moskvanın Ermənistan kommunikasiyalarına geopolitik marağını itirməsilə bağlı ola bilər. Hazırda regionda durum və Rusiyanın öncəlikləri 2006-cı illə müqayisədə köklü şəkildə dəyişib və mümkündür ki, Moskva artıq Ermənistan dəmir yollarına görə məsuliyyət daşımaq istəmir. Rusiya hələ də Ermənistanda çoxlu aktivə sahibdir. Lakin regiona çıxış olmadan, bu aktivlər çox vaxt Rusiya üçün bir yük olur. Görünür, Kremldə hesab edirlər ki, “öz üzərlərindən Ermənistan dəmir yollarının yükünü atmağın vaxtı çatıb”. Belə olarsa, Ermənistan dəmir yollarından yalnız dəmir relslər qalacaq, çünki sürmə avadanlıqları, qatar ehtiyatları Ermənistan tərəfinə aid deyil, hamısı ruslar tərəfindən gətirilib. Elə erməni politoloq Robert Qevondyan da məsələnin onlar üçün acı sonluğa gətirib çıxaracığını ehtimal edir: “Rusiya ilə münasibətlər pisləşir. Ölkədə isə Rusiyaya münasibətdə fərqli əhval-ruhiyyə hakimdir. Ermənistan daxilindəki hər hansı bir parçalanma bizim mövqeyimizi zəiflədir. Burada nəzərə almaq lazımdır ki, bizim Rusiya himayəsinə ehtiyacımız var. Həmkarım Mher Sedrakyanın dediyi kimi, Ermənistan hər halda kiminsə çəkməsi altında olmalıdır və hansının bizə ən çox sərf etdiyini seçməliyik. Lakin indiki hakimiyyətin hazırkı siyasəti problemlidir və Ermənistanın dağılmasına rəvac verir. Çoxlarının da fikrincə, Ermənistan kiminsə çəkməsi altında olmalıdır. İndiki halda Rusiya daha yaxşı seçimdir”.
Qevondyan bildirib ki, Moskvanın qəzəbi təkcə dəmir yolu məsələsində özünü göstərməyib, qazın qiyməti ilə nəticələrini büruzə verəcək. Ermənistanın "Jamanak" nəşri də yazır ki, Moskva qaz təzyiqlərini işə salacaq: "Hazırda isə Rusiya Ermənistana qazı min kubmetrə görə 165 dollara satır. Amma qiymətlər artacaq. Bizim məlumatımıza görə, Rusiya tərəfi 1 yanvar 2020-ci ildən etibarən qaz qiymətlərini 200 dollara qədər artırmaq niyyətindədir”. O da bildirilir ki, bu halda Ermənistan tərəfinin həmin qiymətə qaz alması müşkülə çevriləcək və belə vəziyyət rus qazının vintilinin bağlanmasına, Ermənistanın isə daha acınacaqlı duruma düşməsinə gətirib çıxara bilər. Eləcə də Rusiya silahlarının Ermənistan üçün yolunun bağlanması, bu ölkəyə qoyulan sərmayələrin geri çəkilməsi istisna olunmur. Hər halda, baş verənlər Kremlin Paşinyanı daha sərt şəkildə əzməyə başlayacağını istisna etmir.
Nahid SALAYEV