Ermənilərin fürsətcil olduqları, ən kiçik hadisəni öz xeyirləri üçün istifadə etmələri yüz illərdir bütün dünyaya məlumdur. Türkiyənin “Sülh çeşməsi” əməliyyatından öz çıxarları üçün istifadə etmək də bu çoxəsrlik xəstə təxəyyülün əlamətlərindən biridir.
Bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfər edən ABŞ konqressmeni Frenk Palonenin erməni lobbisinin maliyyələşdirməsi nəticəsində anti-Azərbaycan və anti-Türkiyə mövqeyi geri döndükdən sonra da davam edir. Ermənilər Türkiyənin Suriya sərhədlərində antiterror əməliyyatını birmənalı qarşılamayan Qərbin Türkiyəyə olan soyuq münasibətindən yararlanaraq, “genosid” oyununu yenidən gündəmə gətirməyə çalışırlar.
Erməni mətbuatı yazır ki, ABŞ Konqresinin aşağı instansiyası olan Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinə baxmağa hazırlaşır. Məlumata görə, Nümayəndələr Palatası Palonenin təklifi ilə qondarma “erməni genosidi”ni tanımaq haqqında qətnaməni səsverməyə çıxaracaq. Qondarma “soyqırım” məsələsi səsverməyə çıxarılsa, bu, 1984-cü ildən bəri ilk dəfə olacaq. Erməni mətbuatı qeyd edir ki, sonuncu dəfə ABŞ Nümayəndələr Palatası 1984-cü ildə qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni səsverməyə çıxarıb. Ermənistan müstəqillik əldə etdikdən sonra dəfələrlə qondarma “genosid”lə bağlı layihə hazırlanıb, amma Nümayəndələr Palatasında səsverməyə çıxarılmayıb.
Suriya məsələsinə görə Türkiyə ilə ABŞ arasında yaşanan soyuqluğu fürsət bilən ermənilər ümid edirlər ki, bu həftə qondarma “soyqırım” məsələsi Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.
O da məlumdur ki, qondarma “soyqırım” məsələsinin səsverməyə çıxarılması təkcə Türkiyəyə qarşı yönələn bir siyasət deyil. ABŞ Konqresi bu addımı atacaq olarsa, o zaman bu, Azərbaycanla olan münasibətlərə də mənfi təsir edəcək. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?
“Rəsmi Vaşinqton Türkiyə ilə yanaşı, Azərbaycanın da maraqlarını nəzərə alır”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, erməniləin bu yöndə aktivliyini artırmasına rəğmən, ABŞ-ın Nümayəndələr Palatasında qondarma “soyqırım”la bağlı qətnamənin səsverməyə çıxarılacağı real görünmür: “Nəzərə almaq lazımdır ki, Türkiyə ABŞ-ın strateji müttəfiqidir. NATO blokunda Türkiyə çox önəmli strateji mövqeyə malikdir. Türkiyə həm də regionda çox böyük rola, nüfuza malik bir ölkədir. İraqda, Suriyada Türkiyənin yardımı olmadan sabitliyə, inkişafa nail olmaq mümkün deyil. Suriyada gedən son proseslər də bir daha göstərdi ki, Türkiyənin yardımı olmadan ciddi dönüş yaratmaq mümkünsüzdür. Bəli, Suriya ilə bağlı ABŞ-la Türkiyə arasında müəyyən fikir ayrılıqları var. Neçə vaxtdır ki, bu fikir ayrılıqları iki ölkə münasibətlərinin gərginləşməsinə səbəb olub. Ancaq bu heç də ona əsas vermir ki, Birləşmiş Ştatlar bu səbəbdən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin səsverməyə çıxarılmasına şərait yaradacaq. Hesab edirəm ki, indiki situasiyada ABŞ buna getməyəcək. Rəsmi Vaşinqton Türkiyə ilə yanaşı, Azərbaycanın da maraqlarını nəzərə alır. Bu gün ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Türkiyəyə yönəlik belə bir qətnamə qəbul edilsə, əlbəttə ki, bu, Azərbaycanda da mənfi qarşılanacaq. O baxımdan sözügedən məsələni real hesab etmirəm”.
Vidadi ORDAHALLI