Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü zamanı söylədiyi nitqdə Azərbaycan Prezidenti Xocalı soyqırımı faktına da toxunub.
Cənab Prezident bildirib ki, bununla Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım törədilib: “Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var. Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür.
Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.
Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”.
Qoşulmama Hərəkatı çox geniş bir platforma sayılır. Dünyadakı ölkələrdən təxminən yarısını öz ətrafında cəmləyir. Bu platformada təbliğatın güclənməsi və Azərbaycanın apardığı iş Xocalı genosidini tanıyan ölkələrin sayını dəfələrlə artıra bilərmi?
Şamil Sabiroğlu: “Məhz həmin ölkələrin sırasından daha çox dövlət Xocalı soyqırımını tanıyacaq”
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu qəzetimizə açıqlamasında bildirdi ki, Xocalı faciəsinin soyqırımı kimi tanıdılması Azərbaycan dövlətinin prioritetlərindən biridir: “Təsadüfi deyil ki, bu istiqamətdə müntəzəm işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu baxımdan xüsusi yer tutur. Bu kampaniyanın əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək, onu törədənlərin məsuliyyətə cəlb olunmasına nail olmaq və bu faciədən əziyyət çəkən ailələrə dəstək olmaqdır. Bütün bu görülən işlərin nəticəsində Amerikanın 22 ştatı və 15 ölkənin parlamenti Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyır. Ancaq bu insanlıq faciəsinin dünyaya daha geniş tanıdılması üçün işlər hələ bitməyib. Dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Bu isə 2004-cü ildən başlayaraq, bu faciənin dünyada tanıdılması üçün həyata keçirilən sistemli tədbirlər nəticəsində mümkün olub”.
QHT sədrinin sözlərinə görə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib: “Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunub, kitablar nəşr edilib və filmlər çəkilib.Xocalı faciəsinin dünyada tanıdılmasında ən vacib təbdirlərdən biri isə 2012-ci ldə Türkiyənin İstanbul şəhərində 60 min insanın iştirak etdiyi böyük yürüş olmuşdu. Bu barədə nəinki Türkiyə mediası, hətta dünya mətbuatı da geniş yazılar dərc etmişdi. Faciənin tanıdılması üçün xaricdə aparılan təbliğat və təşviqat prosesləri öz nəticəsini verməkdədir.
57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib. Təbii ki, biz işləri bununla bitmiş saymırıq. Qoşulmama Hərəkatı platforması çərçivəsində bu təbliğatın güclənməsi Xocalı soyqırımını tanıyan ölkələrin sayını artıra bilər. Bir sözlə, kimin əlindən nə gəlirsə, bu istiqamətdə etməlidir. Qoşulmama Hərəkatı özündə dünyanın həddən artıq çox sayda ölkəsini birləşdirir. Ümidvarıq ki, məhz həmin ölkələrin sırasından daha çox dövlət Xocalı soyqırımını tanıyacaq”.
Məhəmmədəli QƏRİBLİ