Bu gün Azərbaycan dövləti bəşəriyyət üçün gərəkli olan bir sıra yeniliklərlə beynəlxalq aləmin diqqətini çəkir. Müxtəlif yeni ideya və təkliflərlə çıxış edən Azərbaycanın bu ideya və təklifləri başqa dövlətlər tərəfindən də qəbul edilir, maraqla qarşılanır.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə toplantısı zamanı Bakıda bir sıra maraqlı qərarlar qəbul edildi. Bakı Sammitində Qoşulmama Hərəkatına üzv dövlətlərin tarixində əhəmiyyətli rol oynayan yeniliklər yaşandı. Önə çəkilən məsələlərdən biri isə gənclərlə bağlı oldu.
Azərbaycanın sədrliyi dövründə ən çox diqqət ediləcək prioritet sahələrdən biri kimi gənclərin səlahiyyətlərinin artırılması vurğulandı. Azərbaycanın uğurlu gənclər siyasəti həyata keçirdiyi məlumdur. Cəmiyyətin davamlı inkişafının təmin olunmasında gənclərin mühüm rol oynadığı şübhəsizdir.
Zirvə toplantısı çərçivəsində Qoşulmama Hərəkatına üzv dövlətlərin Gənclər Sammiti keçirildi. Eyni zamanda da Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradıldı. Bunu isə Qoşulmama Hərəkatının bütün fəaliyyətinə gənclərin dəstək verməsi kimi qiymətləndirmək olar.
“Bu şəbəkənin fəaliyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əlaqələrin daha da möhkəmləndirilməsinə səbəb olacaq”
Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə “Bakı-Xəbər”ə bildirdi ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. K.Qubadzadənin sözlərinə görə, əsası Azərbaycanda, Bakıda qoyulan Gənclər Şəbəkəsinin fəaliyyəti çox geniş olacaq. “Gənclər Şəbəkəsinin yaradılmasının çox mühüm əhəmiyyəti var. Qoşulmama Hərəkatının Zirvə toplantısında belə mühüm bir məsələnin reallaşdırılması müsbət haldır. Bu şəbəkənin yaradılmasında mühüm məsələ gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həll edilməsidir. Eyni zamanda da Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi gənclər siyasətinin müxtəlif aspektlərini əhatə edəcək. Gənclər Şəbəkəsinin yaradılmasında məqsəd Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərin ictimai-siyasi həyatda rolunu təmin etməkdir. Bilirsiniz ki, Zirvə görüşü çərçivəsində Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirdi. Eyni zamanda, burada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradıldı. Bu ideyanın gerçəkləşməsinin Azərbaycanın özü üçün də böyük əhəmiyyəti var. Bu şəbəkənin fəaliyyəti Qoşulamama Hərəkatına üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əlaqələrin daha da möhkəmləndirilməsinə səbəb olacaq. Gənclərin qarşılıqlı və faydalı əməkdaşlıqları nəticəsində Azərbaycan həqiqətləri bir daha beynəlxalq aləmin diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi genişlənəcək. Bütün dünyaya məlumdur ki, Azərbaycan dünya mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzlərindən biridir və bu sahədə zəngin, ən üstün təcrübəyə malikdir”.
Azərbaycanda həyata keçirilən gənclər siyasətinin unikal bir model kimi Qoşulmama Hərəkatına üzv dövlətlər üçün bir örnək olduğunu vurğulayan K.Qubadzadə hesab edir ki, Gənclər Şəbəkəsinin formaşdırılmasına da ölkəmiz kifayət qədər dəstək verir. Bu şəbəkənin yaradılmasını Qoşulmama Hərəkatına üzv dövlətlərin tarixində yeni dövr kimi xarakterizə edən K.Qubadzadə hesab edir ki, bu gün gənclərin kütləvi olaraq böyük dövlət vəzifələrinə təyin edilməsi, onlara yüksək postlar etibar edilməsi bu prosesin məntiqi nəticəsidir.
İradə SARIYEVA