“Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır”. Bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir: “Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə evsahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”.
Həqiqətən də Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ölkəmiz bir çox aparıcı dünya dövlətinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Azərbaycanın müstəqil siyasət yeritməsinin nəticəsidir ki, o cür mühüm görüşlər məhz Bakıda keçirilir.
“Bu, ilk növbədə, Prezident İlham Əliyevin və təbii ki, onun şəxsində dövlətimizin uğurudur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yeritməsi ölkəmizin önəmini artırır: “Bunun nəticəsidir ki, bir çox önəmli görüşlər Bakıda keçirilir. Azərbaycanda dünyada baş verən qlobal proseslərin həlli ilə bağlı həm humanitar, həm də hərbi-siyasi müstəvidə görüşlər keçirilir. Bu səbəbdən dünyanın aparıcı güc mərkəzlərinin görüşləri Bakıda keçirilir. Belə bir etimadın ölkəmizə göstərilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu ilə bağlıdır. Bu həm də ölkəmizin çoxvektorlu xarici siyasət yürütməsi ilə bağlıdır. Ən başlıcası isə ölkə başçısının müstəqil dövlət siyasəti yürütməsi ilə bağlıdır. Burada xüsusi olaraq Prezident İlham Əliyevin şəxsi nüfuzunu da qeyd etmək lazımdır. Hesab edirəm ki, bu amil proseslərdə çox önəmli yerə malikdir. Düşünürəm ki, Azərbaycana olan bu münasibət, o cümlədən, ölkəmizin Qoşulmama Hərəkatına 3 il sədr seçilməsi və Azərbaycanın ərazi bütövlüyünün 120 dövlət tərəfindən müdafiə olunması ciddi hadisədir. Bu, ilk növbədə, Prezident İlham Əliyevin və təbii ki, onun şəxsində dövlətimizin uğurudur”.
Vidadi ORDAHALLI