Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv dövlətlərin XVIII Zirvə görüşündə beynəlxalq əhəmiyyətli bir sıra ciddi məsələlər gündəmə gətirildi və müzakirə edildi.
Zirvə görüşündə yekun sənəd qəbul edildi və bu sənəddə dünya insanını narahat edən bir sıra mühüm məsələlər öz əksini tapdı. Qoşulmama Hərəkatına üzv dövlətlərin XVIII Zirvə görüşündə qəbul edilən yekun sənəddə faşizm, nasizm əleyhinə də diqqətçəkən fikirlər yer alıb.
Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə işbirliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınayıblar. Onu da vurğulayaq ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş Sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.
“Azərbaycan bu dəstəkdən istifadə edərək beynəlxalq səviyyədə Ermənistana qarşı təzyiqi daha da gücləndirməlidir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin XVIII Zirvə görüşündə yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi və burada bütün dünyanı ciddi narahat edən məsələlərin əks olunması Azərbaycan dövlətinin qələbəsidir. V.Abışovun qeyd etdiyinə görə, bir neçə həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Sammitində Ermənistanda nasistlərə, Hitler əlaltılarına heyləl qoyulması, onların adlarının əbədiləşdirilməsi, xalq qəhrəmanı kimi təqdim edilməsi ilə bağlı kəskin fikirlər səsləndirməsi faşizm təhlükəsi haqqında dünyaya bir mesaj oldu. Qoşulmama Hərəkatına üzv dövlətlərin bu məsələdə Azərbaycan Prezidenti ilə həmrəy olduğunu deyən V.Abışov hesab edir ki, Bakı Bəyannaməsində də bu faktın yer alması təsadüfi deyil. “Dünyanın 120-dən artıq dövlətinin təmsil olunduğu Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünün Bakıda keçirilməsi müsbət hadisə idi. Belə bir mötəbər tədbirdə Bakı Bəyannaməsinin qəbul edildi və orada bütün bəşəriyyət üçün təhlükəli olan faşizm, nasizmlə bağlı tənqidi fikirlər yer aldı. Qoşulmama Hərəkatına üzv dövlətlər, faktiki olaraq, Ermənistanın faşizmə meyl göstərməsini, burada nasistlərə abidə qoyulmasını pislədi və Azərbaycanla həmrəy olduqlarını ifadə etdilər. Ermənistan faşizmi açıq şəkildə müdafiə edir. Əlbəttə, bu amil də Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən kəskin şəkildə pislənir. Bakı Bəyannaməsində faşizmi, nasizmi müdafiə edən dövlətlərin, xüsusi olaraq da Ermənistanın bu fəaliyyətinin pislənilməsi təsadüfi deyil. Bu həm də Azərbaycana həmin dövlətlərin yaxından dəstək göstərməsinin, bu məsələdə bizimlə həmrəy olduqlarının təzühürüdür. Qoşulmama Hərəkatına üzv dövlətlərin təmsilçilərinin Bakı Bəyannaməsində bu məsələni kəskin tənqid etməsi və faşizmi müdafiə edən dövlətlərə qarşı etiraz bildirməsi Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir”.
V.Abışov hesab edir ki, Bakı Bəyannaməsində Ermənistan əleyhinə qəbul edilən hər bir məsələ müsbətdir. Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxu hətta Ermənistanın harada yerləşdiyini bilmir. V.Abışovun bildirdiyinə görə, Azərbaycan əlindəki vasitələrdən və Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyindən istifadə edərək Ermənistana qarşı daha kəskin işlər görməli, Ermənistanın faşizmi müdafiə etməsi məsələsini Avropa Şurasının, BMT-nin və digər beynəlxalq qurumların tədbirlərində də qaldırmalıdır. “Bu gün Azərbaycanın dünyada güclü dəstəyi var və Qoşulmama Hərəkatına üzv dövlətlər də bizə bu məsələdə ciddi dəstək verir. Azərbaycan bu dəstəkdən istifadə edərək beynəlxalq səviyyədə Ermənistana qarşı təzyiqi daha da gücləndirməlidir. Çünki artıq dünya dövlətləri Ermənistanın hansı mövqe tutduğunu bilir” - deyə V.Abışov qeyd etdi.
İradə SARIYEVA