Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə edib. Prezident Qəbələ rayonuna səfəri çərçivəsində bir sıra istehsalat və infrastruktur obyektlərin açılışında iştirak edib.
Baki-xeber.com dövlət başçısının saytına istinadən xəbər verir ki, Prezident Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
Qəbələdə 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib, Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Qəbələnin içməli su təchizatı və kanalizasiya sistemləri də istifadəyə verilib. Eyni zamanda Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimində iştirak edib. Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident müəssisənin kollektivi ilə görüşüb.
Qəbələnin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun da yenidənqurmadan sonra açılışı olub.
Prezident İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib. Prezident Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılış mərasimində iştirak edib.
Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həmçinin Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.
Ağdaşda Biyan Sənaye Parkının da açılışı olub.
Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayaraq, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayırıb.
Prezident Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında da sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, sənaye məhsulunun həcmi 40,2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 92,1 dəfə, o cümlədən tikinti quraşdırma işləri 99,2 dəfə artıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN xidmət” mərkəzi inşa edilib, müasir turizm və mədəniyyət obyektləri istifadəyə verilib, 45 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılıb. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X40 MVA gücündə “Qəbələ” yarımstansiyası yenidən qurulub, Qəbələ Dekorativ Qızılgüllər İstixanası, xalçaçılıq və digər iri istehsal və emal müəssisələri yaradılıb, 16 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamda qeyd edilir ki, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.