“Ölkə başçısının bu yöndə çağırışı dünyaya bir mesajdır”
İkili standartlar siyasətinə son qoyulmalıdır. Bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub: “Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”. Görünən odur ki, Prezident İlham Əliyev ikili standartlarla mübarizəni Qoşulmayanların siyasətində mühüm istiqamət kimi gündəmə gətirdi. Çünki illərdir dünya siyasətində ikili standartlara yol verilir və bu da beynəlxalq hüquqdan irəli gələn prinsiplərin tətbiq olunmasına mane olur. Halbuki, dünyanın bir sıra dövlətləri, o cümlədən Azərbaycan mövcud ikili standartlardan əziyyət çəkir.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com saytı ilə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ikili standartlarla mübarizədə Qoşulmama Hərəkatının üzvü olan ölkələr səylərini artırmalıdır: “Əvvəla, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin regional siyasətinin daha da güclənməsinə öz töhfəsini verəcək. QH-də təmsil olunan 120 dövlətin bir çoxu digər beynəlxalq qurumların üzvləridir. Eyni zamanda, həmin beynəlxalq təşkilatlarda söz sahibidirlər. Azərbaycanın QH-yə rəhbərlik etməsi ölkəmizə göstərilən etimadın göstəricisidir. Prezident İlham Əliyevin tədbirdə ikili standartlar məsələsini gündəmə gətirməsi kifayət qədər aktual məsələdir. Ölkə başçısının bu yöndə çağırışı dünyaya bir mesajdır. Ona görə də QH ikili standartlarla mübarizədə səylərini artırmalıdır. Güman olunur ki, Azərbaycanın hərəkata rəhbərlik etdiyi qarşıdakı 3 il ərzində bu məsələ gündəmdə olacaq. Bununla belə, ikili standartlara son qoyulması ilə bağlı QH-nin bütün üzvləri səylərini birləşdirməlidir. Yalnız o halda belə xoşagəlməz tendensiyanın qarşısını almaq olar. O baxımdan hesab edirəm ki, üzv ölkələr Prezidentin çağrışına son dərəcə ciddi yanaşmalıdır”.
Vidadi ORDAHALLI