“Cənab Prezident bununla qeyd etdi ki, biz yalnız ölkəmizin daxilini təmin etmirik, eyni zamanda ölkəmizdən kənarda da humanitar və texniki layihələrdə, qrant proqramlarında uğurla iştirak edirik”
Məlum olduğu kimi, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilir. Bu hərəkata üzv dövlətlərin başçılarının, nüfuzlu şəxslərinin, aparıcı gənclərinin iştirakı ilə keçirilən tədbirdə Prezident İlham Əliyev bir sıra vacib məsələlər barədə fikirlər səsləndirib. Ölkə başçısı dövlətimizin saysız layihələrə, o cümlədən də humnatar istiqamətdə bir sıra beynəlxalq layihələrə dəstək verdiyini qeyd edib, Azərbaycanın 90-dan çox ölkəyə humnitar və texniki yardımlar göstərdiyini deyib. “...2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir”-deyə Prezident İlham Əliyev bildirib.
“Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu istiqamətdə həyata keçirilən bütün işlər Azərbaycanın inkişafının göstəricisidir. “Bilirsiz, cənab Prezident Qoşulmama Hərəkatına üzv dövlətlərin XVIII zirvə görüşündə olduqca ciddi və əhəmiyyətli mövzulara toxundu. Ölkəmizin 2005-ci ildən 90-dan artıq ölkəyə humanitar və texniki yardımlar göstərməsi Azərbaycanın iqtisadi inkişaf perspektivinin göstəricisidir. Cənab Prezident bununla qeyd etdi ki, biz yalnız ölkəmizin daxilini təmin etmirik, eyni zamanda ölkəmizdən kənarda da humanitar və texniki layihələrdə, qrant proqramlarında uğurla iştirak edirik. Bu, ölkəmizin nüfuzuna böyük dividendlər gətirən bir amildir. Çünki bu qrant layihələrinin həyata keçirilməsində şərtlərdən biri Azərbaycanın lobbiçiliyinin edilməsi və çətin vəziyyətdə olan ölkələrə yardımlar göstərilməsidir. Təbii ki, bu da ölkəmizin iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına çox müsbət təsir edən faktordur. Bu göstərici həm də tək Azərbaycanın daxili sabitliyi yox, həmçinin xarici ölkələrdə də nüfuzunun daha da artmasını, nüfuz dairəsinin genişlənməsini təmin edən bir amildir”-deyə Ş.Ağayev bildirdi.
İradə SARIYEVA