Yaşlı nəslin öz yerini gənclərə verməsi ənənəsinin formalaşdırılması üçün ölkəmizdə ilk addımlar atılıb. Prezident İlham Əliyev yaşı 70-i keçdiyinə görə istefa verən dövlət məmurlarından nümunə götürərək digər yaşlı məmurları da istefa verməyə çağırıb. Bildiyimiz kimi, artıq bir neçə dövlət məmuru bu addımı atıb.
Azərbaycan Respublikasının Milli Məclisində yaşı 70-i, hətta 80-ni keçən millət vəkilləri var. Parlamentdə təmsil olunan bu yaş kateqoriyasına uyğun millət vəkillərinin də deputatlıqdan imtina etməsini zəruri sayanlar var. Ümumiyyətlə, ictimaiyyətdə yaşlı deputatlarla bağlı iki fikir mövcuddur. Bir qisim ekspert hesab edir ki, onların yaşı 70-i, 80-ni keçdiyi üçün özləri könüllü olaraq deputat mandatından imtina etməlidirlər. Bu qənaətdə olanlar hesab edirlər ki, artıq deputatlar da ölkə başçısının çağırışına reaksiya verməli və istefa mədəniyyəti sərgiləməlidirlər. Onların fikrincə, yaşlı deputatların könüllü olaraq deputat mandatından imtina etməsi parlamentin işinə heç bir maneə törətməyəcək, əksinə, gənc nəslin daha da aktiv fəaliyyət göstərməsinə səbəb olacaq. Digər yanaşmalara görə, yaşlı nəsil deputatların könüllü olaraq deputat mandatından imtina etməsi parlamentin işinə mənfi təsir göstərə bilər. Onların dediyinə görə, parlamentdə yaşlı deputatlar kifayət qədərdir və onların kütləvi olaraq istefası parlamentin boşalmasına, ümumiyyətlə, Milli Məclisin buraxılmasına səbəb ola bilər.
Əli Orucov: “Yaşı 70-i keçən millət vəkillərinin hamısı mandatdan imtina etsə, bu, parlamentin işinə ciddi təsir göstərə bilər”
AMİP təmsilçisi, politoloq Əli Orucov bizimlə söhbətində bildirdi ki, yaşı 70-i keçən dövlət məmurlarının Prezidentin çağırışına səs verərək vəzifələrindən istefa verməsini onların istefa mədəniyyətinə malik olması kimi qiymətləndirmək olmaz. “Əgər onların istefa mədəniyyəti olsaydı, onlar Prezidentin çağırışından əvvəl öz vəzifələrindən imtina edər, postlarını gənclərə verərdilər. İstənilən halda, onların istefa verməsi yaxşı haldır. Amma parlamentlə icra strukturlarını qarışdırmamalıyıq. Çünki parlament seçkili orqandır, icra strukturu isə təyinatlı qurumdur. İcra strukturlarında boşalan yerləri, rotasiyaları, yerdəyişmələri, əvəzləmələri operativ şəkildə Prezident sərəncamı ilə reallaşdırmaq olur. Amma parlamentdə bunu etmək olmur. Gərək yenidən seçkiyə gedilə və seçim prosesi davam edilə. Bu baxımdan da məsələyə fərqli yanaşmaq lazımdır. Hesablamalarımıza görə, təxminən 30-dan artıq millət vəkilinin yaşı 70-i keçib. Yaşı 70-i keçən millət vəkillərinin hamısı mandatdan imtina etsə, bu, parlamentin işinə ciddi təsir göstərə bilər. Eyni zamanda da nəzərə alaq ki, parlamentdə boşalan yerlər də var. Bəzi millət vəkillərinin vəzifələrə təyin edilməsi, bəzilərinin vəfat etməsi, digərlərinin bu və ya digər səbəbdən mandatının ləğv edilməsi nəticəsində təxminən xeyli yer boş qalıb. Bu da parlamentin işini pozur. Tutalım, sabah parlamentdə Konstitusiya qanunları qəbul ediləcəksə, hansı ki, 83 səs tələb edir, bu da alınmır”.
O hesab edir ki, növbəti parlament seçkilərində parlamentin tərkibi həm keyfiyyət və həm gəncləşmə baxımından yenilənəcək. Digər tərəfdən, Ə.Orucov qeyd etdi ki, elə deputatlar var, yaşının çox olmasına baxmayaraq, daha fəal, çevik və işgüzardırlar.
Azər Həsrət: “Parlamentdə və digər sahələrdə olan yaşlı insanlar Prezidentin çağırışlarına mümkün qədər çevik, operativ reaksiya versə, bu, işin xeyrinə olar”
Əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrətin sözlərinə görə, o, tanınmış dövlət xadimlərinin Prezidentin çağırışlarına cavab olaraq istefaya getməsini yükək qiymətləndirir. “Mən ağsaqqal dövlət xadimlərinin bu addımını yüksək qiymətləndirirəm, sağ olsunlar, onlar bununla gənclərə imkan yaradırlar ki, öz potensiallarını dövlətin idarə edilməsinə həsr etsinlər. Bu çox yaxşı işdir. İkinci bir tərəfdən, düşünmürəm ki, bütün yaşlı insanlar vəzifədən getməlidir. Xüsusən də elm adamları yaşlandıqca, elm üçün daha faydalı olurlar. Deputatlara gəlincə, əgər yaşı 70-i keçən deputatlar kütləvi istefa verməli olsalar, düşünürəm ki, parlamentin yetərsay problemi ola bilər, say tərkibi azalar və bununla da parlamentin buraxılması zərurəti yaranar. Əlbəttə, onların növbəti seçkilərdə öz namizədliklərini verməməsi, bununla da gənclərə yol açmaları həm dövlətimiz, həm də gənclər üçün çox faydalı ola bilər. Yəni bu addımı yəqin onların böyük əksəriyyəti atacaq. Hesab edirəm ki, 2020-ci ildə formalaşacaq parlamentimizdə əsasən gənclər təmsil olunacaq. Düşünürəm ki, bununla belə, parlamentdə və digər sahələrdə olan yaşlı insanlar Prezidentin çağırışlarına mümkün qədər çevik, operativ reaksiya versə, bu, işin xeyrinə olar. Görürsünüz, Prezident kadrları təzələyir, bu işə adı təmiz insanları cəlb edir. Bəzi yaşlı nəslin nümayəndələri də bundan nəticə çıxarmalı və meydanı gənclərə verməlidirlər. Bu həm dövrün, həm də cənab Prezidentin çağırışıdır. Gərək yaşlı insanlar bunu nəzərə alsınlar. Bunu nəzərə almayanlara da təzyiq edə bilmərik... Parlamentdə təmsil olunan və yaşı 70-i, 80-ni keçən deputatlar arasında mandatdan imtina edənlərin olacağına elə də inanmıram. Mən şəxsən parlamentdə təmsil olunsaydım və yaşım 70-i keçsəydi, mütləq istefa ərizəsi yazıb mandatımı təhvil verərdim, cənab Prezidentin bu çağırışına cavab verənlərin önündə gedərdim” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA