Oktyabrın 21-22-də Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan BBC telekanalının “Hard Talk” verilişində iştirak edib. BBC-də mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrindən olan siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar.
Z.Mnatsakanyan da bu cür suallar qarşısında çıxılmaz və çaşqın vəziyyətdə qalıb. Verilişin aparıcısı Stefen Sakur Ermənistanı "strateji əhəmiyyətli kiçik dövlət" adlandırıb və verilişin əsas mövzusunu "siyasi mənada Ermənistan Qərb, yoxsa Şərqə baxır?" formasında qoyub. İlk suallar Ermənistanda ötən il baş verən "məxməri inqilab"la əlaqədar olub. Aparıcı hazırkı Ermənistan hökumətinin tamamilə yeni Ermənistan üzrə çalışdığını iddia etməsinə baxmayaraq, skeptiklərin isə bunun əksinə, heç bir dəyişikliyin baş vermədiyini deməsinə istinad edərək, bu barədə Z.Mnatsakanyanın fikirlərini soruşub. Çətin vəziyyətdə qalan Ermənistan xarici işlər naziri "dəridən-qabıqdan çıxaraq" aparıcını inandırmağa çalışıb ki, guya dəyişikliklər edilməsi və ölkədə korrupsiyanın tamamilə ləğv edilməsi üzrə siyasi iradə mövcuddur, lakin institusional təcrübənin qurulması vaxt aparan amildir.
Daxili siyasət məsələlərində gözlənilən dəyişikliyin baş verməməsi ilə bağlı suallardan sonra S.Sakur Ermənistan xarici işlər nazirinə Dağlıq Qarabağ məsələsində də dəyişikliklərin gözlənilən olduğunu, lakin Ermənistan hökumətinin münaqişəyə münasibətdə yeni təsəvvür ortaya qoymadığını deyib. Z.Mnatsakanyan çaşqınlığını gizlətməyə çalışaraq və tosta bənzər çıxış edərək sülh, sülhün faydaları barədə danışmağa başlayıb. Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün Baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda, bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.
Böyük Britaniyanın timsalında Qarabağ məsələsinin bu cür gündəmə gətirilməsi ciddi marağa səbəb olub. Adətən, Böyük Britaniya sözügedən məsələdə neytral mövqedən çıxış edir. O baxımdan BBC kimi aparıcı media kanalında Qarabağ həqiqətlərinin dünyaya bəyan olunması çox ciddi hadisədir. Beynəlxalq ictimai rəydə bunun gündəmə gətirilməsi və Mnatsakanyanın seytnot vəziyyətdə qalması nə deməkdir?
“Beynəlxalq ictimaiyyət gördü ki, Dağlıq Qarabağ münaqişəsinin həllini kim yubadır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, BBC-nin timsalında Qarabağ məsələsinə belə yanaşma bir sıra mətləblərdən xəbər verir: “Bu onu göstərir ki, dünya dövlətlərinın Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə və uydurduğu yalanlara münasibəti getdikcə dəyişməkdədir. Ermənilərin əsl iç üzünü tanıyan Qərb ölkələri də reallığı dərk etməyə başlayıblar. Biz bunun daha bir nümunəsini Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyanın Böyük Britaniyaya son səfəri zamanı gördük. Çoxmilyonlu İngiltərə auditoriyasına çıxan nazir BBC kimi beynəlxalq nüfuza sahib bir telekanalda özünü gülünc və ironiya hədəfinə saldı, çıxılmaz vəziyyətdə qaldı. İnsanların gözünün içinə ağ yalan danışmaqla vəziyyətdən çıxış yolu tapa bilməyərək, nitqini də itirdi. Dünyaya guya sülhpərvər kimi görünmək və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin faydasını danışmaq cəhdləri aparıcının məntiqi qarşısında darmadağın oldu. Z.Mnatsakanyanın belə aciz duruma düşməsi Böyük Britaniya ictimaiyyətində erməni kimliyinin tanınmasında faydası dəydi. Özünüifşa ən tutarlı vasitədir. Ermənilərin hər dəfə bu kimi özünüifşaları beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb cəmiyyətinin onları daha yaxından tanımasına köməklik edir. Beynəlxalq ictimaiyyət gördü ki, Dağlıq Qarabağ münaqişəsinin həllini kim yubadır. Ermənistanın ifşası baxımından bu, faydalı bir veriliş oldu”.
Vidadi ORDAHALLI