Xəbər verildiyi kimi, Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçirilir. İki gün davam edəcək sammit “Bandunq prinsipləri əsasında müasir dünyanın çağırışlarına birgə və adekvat cavabın verilməsi” mövzusunda baş tutur. Qeyd edək ki, sammitdə sədrlik 3 il müddətinə Venesueladan Azərbaycana keçib.
Venesuela Prezidentinin təklifi yekdilliklə dəstəklənib və Azərbaycan Prezidenti İlham Əliyev 18-ci Zirvə görüşünün sədri seçilib. “Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri seçilir və Azərbaycan Respublikası 3 il müddətinə təşkilata sədrlik edəcək”, - deyə Nikolas Maduro bildirib. N.Maduro rəmzi çəkici ölkə başçısına təqdim edib.
Azərbaycanın təşkilata qısa müddət əvvəl üzv olmasına baxmayaraq - 26 may 2011-ci ildə Bakı onun tamhüquqlu üzvü olub və 2019-cu ilin oktyabr ayından QH-yə sədrlik Azərbaycana keçib. Hərəkatın 2016-cı ilin sentyabrında Venesuelada keçirilmiş 17-ci Zirvə görüşündə Azərbaycanın quruma sədrliyi ilə bağlı qərar qəbul olunub.
1961-ci ildə qurulan QH bu gün beynəlxalq səviyyədə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. 120 dövlət Hərəkatın tamhüquqlu üzvləridir, daha 17 ölkə müşahidəçi qismində təmsil olunur. QH-də bu statusa 10 beynəlxalq təşkilat da malikdir. Bu gün dünya əhalisinin 55 faizi QH üzvü olan ölkələrdə yaşayır. Müstəqil təhlükəsizlik siyasəti yürüdən Azərbaycan hər hansı hərbi-siyasi bloka qoşulmayıb. Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan, eyni zamanda, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün səmərəli şəkildə faydalanıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin prioritetləri QH üzvü olan ölkələr arasında birlik və həmrəyliyin, təşkilatın beynəlxalq aləmdəki nüfuzunun möhkəmləndirilməsidir. Bütün bunların fonunda, Azərbaycan 3 illik sədrliyi dövründə beynəlxalq münasibətlər sistemində QH-nin mövqelərinin daha da güclənməsində nə edə bilər?
“Sözügedən təşəbbüslər, bu və ya digər formada, QH-nin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə öz təsirini göstərəcək”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan bu yöndə bir sıra işlər görə bilər: “Qoşulmama Hərəkatının 120 üzvü var. Dünya üzrə bir sıra qitələri birləşdirən böyük bir hərəkatdır. Azərbaycan 8 ildir QH-nin üzvüdür. Buna baxmayaraq, belə bir hərəkata sədrlik etmək Azərbaycana həvalə olunub. Bu, ölkəmizə göstərilən böyük etimaddır. Azərbaycan qarşıdakı 3 il ərzində QH-nin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirəcək. Qarşıdakı 3 il ərzində siyasi prioritetlərimizə müəyyən əlavələr edəcəyik. Çünki biz beynəlxalq münasibətlər sistemində, dünya siyasətində stabilliyin və təhlükəsizliyin tərəfdarıyıq. Biz terrorizmə və xüsusən də separatizmə qarşı mübarizə məsələlərini gündəmə gətirəcəyik. Çünki bu problemlər təkcə Azərbaycanı deyil, son illər digər dövlətləri də narahat edir. Belə proseslər digər qitələrdə də gedir. Artıq separatizm bir sıra ölkələr üçün böyük bir problemə çevrilib. Azərbaycan əlindən gələni edəcək ki, daim bu məsələlər gündəmdə olsun. Bütün bu təşəbbüslər, bu və ya digər formada, QH-nin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə öz təsirini göstərəcək”.
Vidadi ORDAHALLI