Ölkədə aparılan struktur və kadr islahatları fonunda diqqəti çox vacib olan bir məqam çəkir. Cənab Prezidentin vəzifədən çıxarılan nisbətən yaşlı məmurlarla olan davranışlarının bəlkə də dünyada analoqu yoxdur. Məlumdur ki, həmin məmurları işdən azad etmək hüququ Konstitusiya ilə Prezidentə verilib.
Həmin şəxsləri heç qəbul etmədən də əmrlərini imzalayıb, işdən azad edə bilər. Ancaq İlham Əliyev tam fərqli davranış nümayiş etdirir. Onların hər birini yanına dəvət edir, həmin şəxslərlə fərdi söhbət aparır. Ən başlıcası isə, vəzifəsi ilə vidalaşan şəxslərə dövlətçilikdə göstərdikləri xidmətlərinə görə təşəkkür edir, hətta onlar ən ali mükafatlarla da təltif olunurlar.
Qeyd edək ki, Prezident tərəfindən məmurlara göstərilən bu sayğı jesti dünyanın heç bir ölkəsində bu şəkildə həyata keçirilmir. Ölkə başçısının bu addımını ekspertlər necə dəyərləndirirlər?
Elman Nəsirov: “Bütün bunlar Prezidentin nümayiş etdirdiyi gözəl idarəetmə mədəniyyətinin göstəricisidir”
Millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, aparılan islahatların anonsu cənab Prezident tərəfindən verilmişdi: “2018-ci ilin 11 aprel tarixində o yenidən dövlət başçısı seçiləndən sonra, aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi oldu. Həmin vaxt ölkə başçısı bu ilin əvvəlindən başlayaraq və hazırda atmış olduğu addımların anonsunu verdi. Proqram xarakterli çıxış etdi. Çıxışında bütün sahələri əhatə edəcək islahatların anonsunu verdi. Bu il artıq iki sosial islahat paketi həyata keçirilib. Bu islahatların məntqi nəticəsi olaraq ciddi kadr islahatları da həyata keçirilir. Yeri gəlmişkən qeyd edim ki, Rusiyanın nüfuzlu KİV-i ölkədə aparılan kadr islahatlarını inqilabi yenilik kimi təqdim edir. Bütün dünyada cənab Prezidentin həyata keçirdiyi islahatlar diqqətlə izlənməkdədir. Müasir tələbləri nəzərə alan Prezident həm də kadr bankının yenilənməsi, xüsusilə cavanlaşmasının zəruriliyini bildirib. Diqqəti cəlb edən amil idarəçilik mədəniyyəti ilə bağlıdır. Biz dünyanın başqa ölkələrində görmüşük ki, dövlət başçıları vəzifədən çıxarılan şəxslərə bu şəkildə ehtiram göstərmirlər. Ancaq cənab Prezident yaşa görə vəzifəsindən ayrılan məmurları şəxsən qəbul etdi, onlara fəal mövqelərinə görə xüsusi təşəkkürünü bildirdi. Bununla ölkə başçısı böyük bir idarəetmə mədəniyyəti ortaya qoydu. Uzun illər Ümummilli Lider Heydər Əliyevin və özünün rəhbərliyi altında fəaliyyət göstərmiş şəxslərə böyük ehtiramını bildirdi. Eyni zamanda, bu sahədə xüsusi xidmətləri olan şəxsləri ali dövlət mükafatları ilə təltif etdi. Bu kontekstdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə göstərilən diqqəti xüsusi qeyd etmək lazımdır. Onun dövlətçiliyimizin inkişafında olduqca səmərəli olan fəaliyyətini qeyd etməklə yanaşı, həm də dövlətimizin ən ali təltifi sayılan “Heydər Əliyev” ordenini verdi. Bütün bunlar Prezidentin nümayiş etdirdiyi gözəl idarəetmə mədəniyyətinin göstəricisidir. Eyni zamanda, gözəl bir ənənənin əsasını qoymuş olur. Bu və ya digər insanlar görür ki, onların göstərdikləri xidmətə böyük önəm verilir”.
Məhəmmədəli QƏRİBLİ