Azərbaycanda mahiyyətcə özünün yeni mərhələsinə qədəm qoyan islahatlar, xüsusən də iqtisadi müstəvidə atılan addımlar ölkənin dünya miqyasında da xüsusi diqqət mərkəzinə gəlməsinə səbəb olmaqdadır. Məsələn, dövlət idarəçiliyi sistemində aparılan islahatlar çərçivəsindəki dəyişikliklər barədə danışan rusiyalı ekspert Oleq Kuznetsov bildirir ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafına yeni təkan verəcək: “Artıq əhalinin güzəranını yaxşılaşdırmaq, həm də təkmil vergi sistemi vasitəsilə dövlət büdcəsini doldurmaq üçün qeyri-xammal sahələrini inkişaf etdirməyə meylli yeni idarəçilər nəsli gəlir. Bu da bütövlüklə Azərbaycanın inkişafında ciddi bir sıçrayışa gətirib çıxara bilər”.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev də eyni mövqeyni bölüşür: "İndi söhbət sadəcə hökumətdən yox, bütövlükdə ölkə iqtisadiyyatından gedir. Hökumətin iqtisadi qolunun nizamlanmasında atılan son addımlar zəruridir. Sistemli artıma istiqamətlənmiş iqtisadiyyata malik ölkələrin hamısı bu mərhələdən keçib. Hələ bir neçə il əvvəl Azərbaycanın ticarət nümayəndəlikləri Xarici İşlər Nazirliyi tabeliyindən çıxarılaraq İqtisadiyyat Nazirliyinə verildi. Və cəmi iki il ərzində müxtəlif ölkələrdə bir çox ticarət nümayəndəlikləri yarandı. Bu da ixracatı genişləndirməyə diqqəti cəmləmək üçün nazirlik çərçivəsində çox ciddi alətdir”. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bildirir ki, ölkəsi Azərbaycanda aparılan islahatları dəstəkləyir: “Elə prezident də açıq-aydın buna çox diqqət yetirir. Bu günə qədər tanış olduğum gənc və enerjili nazirlərə heyran qalmışam, onlar ölkədəki vəziyyəti dəyişmək istəyir. Onların çox müsbət baxışı, çox müsbət gündəmi var. Beləliklə, bir sıra sahələrdə birlikdə işləyə və daha çox iş görə bilərik”.
Azərbaycanda islahatlar və bunun müsbət nəticələri nüfuzlu beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Bunu Dünya Bankının son hesabatı da təsdiq edir. Qeyd edək ki, Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb. Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatları yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlar bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına sektorun göstəriciləri yaxşılaşıb.
Hesabatda, xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi Prezident İlham Əliyev tərəfindən 2019-cu il fevralın 28-də imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının mühüm rol oynadığı vurğulanıb. Həmçinin 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəldiyi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub. Eyni zamanda vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.
Bundan əvvəl isə “Doing Business 2020” hesabatına görə Azərbaycan, ötən il olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb. Özü də Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib. Ekspertlər bildirir ki, “Doing Business 2020” hesabatında Azərbaycanın öncül mövqeyi məhz Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən kompleks islahatlarla bağlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bu xüsusda bildirir:“Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin inşasına və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi bir prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar. Bundan başqa, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmasının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir”. Bütün bunlar o deməkdir ki, ölkədə həyata keçirilən kompleks islahatlar nəticəsində gələn il “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşması gözlənir.
Xatırladaq ki, bu günlərdə Dünya İqtisadi Forumunun nəşr etdiyi “Qlobal Rəqabətlilik İndeksi”ndə də ölkəmiz 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb. Bu da, ekspertlərin fikrincə, ölkə Prezidentinin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi islahatların, o cümlədən institusional islahatların nəticəsidir. Həyata keçirilən institusional islahatlar da reytinqlərdə öz əksini tapır. Ümumiyyətlə, Azərbaycanın “Qlobal Rəqabətlilik İndeksi”ndə irəliləməsi də böyük nailiyyətdir. Həmin indeksin əsas indikatorları, iqtisadi idarəetmə ilə yanaşı, ölkədə dövlət orqanlarının fəaliyyəti, nə dərəcədə effektiv işləməsi, insanlarla dövlət orqanları arasında münasibətlərin hansı səviyyədə olması, ölkənin makroiqtisadi vəziyyətidir. Burada 100-dən çox göstərici nəzərə alınır. 141 ölkəni əhatə edən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycandan sürətli irəliləyən olmayıb. Bu da ölkədə aparılan islahatların kifayət qədər əhatəli olması ilə bağlıdır. Onu da xatırladaq ki, “Qlobal Rəqabətlilik İndeksi” dünyada ölkələrin böhranlara dözümünü və digər ölkələrlə rəqabətdə hansı çağırışlara cavab verə bilməsini göstərən mühüm göstəricidir. Bu, ölkə iqtisadiyyatının sabitliyini, gələcəyə baxışını, tətbiq edilə biləcək yenilikləri, eyni zamanda inkişaf istiqamətlərini göstərir. Bu indeksdə yüksək yer tutmaq xarici investisiyanın Azərbaycana uzunmüddətli gəlməsinə yol açır.
Tahir TAĞIYEV