Azərbaycanın beynəlxalq nüfuzunun artması istər ölkə ictimaiyyəti, istərsə də xarici dövlətlərin siyasi analitikləri tərəfindən birmənalı şəkildə qəbul edilən həqiqətdir. Son illər Azərbaycanın bir çox beynəlxalq tədbirə evsahibliyi etməsi, dünya ölkələri liderlərinin, nüfuzlu siyasət, iqtisadiyyat, elm-sənət və mədəniyyət adamlarının bu tədbirlərdə iştirakı bunu bir daha təsdiq edir.
Oktyabrın 25-dən ölkəmiz daha bir möhtəşəm beynəlxalq tədbirə evsahibliyi edir. Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçirilir. Tədbirdə çoxsaylı dövlət rəsmisi iştirak edir. Azərbaycan 3 il QH-ya rəhbərlik edəcək.
Qeyd edək ki, Qoşulmama Hərəkatı “soyuq müharibə” dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. QH ilkin olaraq 1956-cı ildə təşkilat kimi yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulmama” ifadəsi ilk dəfə 1953-cü ildə BMT-də səslənib. Hərəkatın rəsmi şəkildə 1961-ci ildə, “soyuq müharibə” dövründə hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən dünyadakı gərginliyi azaltmaq məqsədilə yaradıldığı bildirilir. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmurlar. 2012-ci ildə təşkilata üzv olan dövlətlərin sayı 120-yə çatıb, müşahidəçi ölkələrin sayı isə 17 olub. Özünün beynəlxalq təhlükəsizliyini möhkəmləndirməyə çalışan Azərbaycan bu hərəkata 2011-ci ildə qoşulub.
Məlum olduğu kimi, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb. Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi ölkəmizin bu sahədə zəngin təcrübəsindən xəbər verir. Bununla belə, Azərbaycan evsahibliyi etdiyi tədbirlərdə müxtəlif beynəlxalq təşkilatları, orada təmsil olunan ölkələri bir araya gətirir. Bu ilin martında keçirilən VII Qlobal Bakı Forumu buna əyani sübutdur. Bu baxımdan Azərbaycan QH ilə digər beynəlxalq təşkilatlar arasında əlaqələrin yaradılmasında, əməkdaşlığın qurulmasında nə kimi işlər görə bilər?
“Xüsusən də İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi perspektivi böyükdür”
Məsələyə münasibət bildirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycan QH ilə digər beynəlxalq təşkilatlar arasında əlaqələrin qurulmasını təşkil edə bilər: “Azərbaycan bunun üçün lazım olan bir sıra parametrlərə malikdir. Əvvəla Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi ölkənin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu göstərir. Çünki müstəqil olmayan dövlət QH-yə qoşula bilməz. Məsələn, Ermənistan kimi marionet dövlət bu cür hərəkata qoşula bilməz. Ona görə ki, Ermənistan forpost ölkədir. Formal şəkildə qoşulsa da, söz sahibi ola bilməz. Çünki bu dövlətin sahibi var. Azərbaycan müstəqil dövlət olduğu üçün belə təşkilatlara rəhbərlik edə bilir. Bununla belə, Azərbaycan elə bir statusa sahibdir ki, sədrlik etdiyi dövrdə QH-nin digər beynəlxalq təşkilatlarla əlaqələrini qura bilər. Xüsusən də İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi perspektivi böyükdür. O cümlədən, digər beynəlxalq təşkilatlarla da əlaqələr qurula bilər. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzunu nəzərə alsaq, qarşıdakı 3 ildə bunun mümkün olacağı ehtimalı böyükdür”.
Vidadi ORDAHALLI