Siyasi, diplomatik, iqtisadi, hərbi və digər mühüm istiqamətlərdə Azərbaycanın işğalçı Ermənistanı dəfələrlə üstələməsi fonunda Dağlıq Qarabağ münaqişəsinin artıq yaxın tezlikdə həlledici mərhələyə daxil olması da qaçılmaz sayılır. Çünki Ermənistan üzərində hərtərəfli üstünlüyə malik Azərbaycan ərazi bütövlüyünün bundan sonra da pozulmuş şəkildə qalmasına imkan vermək niyyətində deyil.
Əslində, indi Ermənistanda da etiraf olunur ki, Azərbaycan artıq Qarabağ məsələsi üzərindən İrəvana təzyiqlərini daha da artırır. Erməni tərəfini narahat edən başlıca məqamlardan biri də budur ki, Azərbaycanın mövqeyi dünya miqyasında dəstəklənir və Bakının tərəfdarları, erməni lobbisinin bütün müqavimətinə baxmayaraq, artır. Məsələn, Ermənistanın “Qraparak” qəzeti yazır ki, İrəvan yerində saydığı halda Bakı özünə yeni tərəfdarlar qazanır, mövqelərini daha gücül hala gətirir: “Biz daxili-siyasi qarşıdurmalarla məşğul olduğumuz halda, ətrafımızda bizim üçün faydalı olmayan hadisələr baş verir”. Qəzet buna əyani misal kimi qeyd edir ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan məsələsi üzrə yeni məruzəçi təyin edib: “Bu, İlham Əliyevin ən yaxın adamlarından biri və “Nabukko” qaz kəmərinin lobbiçilərindən olan Ruminiyanın sabiq prezidenti Trayan Baseskudur. Avropa Parlamentinin əsas məruzəçiləri ən azı ildə bir dəfə siyasi qiymətləndirmələr təqdim edirlər. Qarabağ məsələsində öz mövqeyi ilə məşhur olan məruzəçi halında yaxın 5 ildə Trayan Basesku tərəfindən hazırlanacaq Avropa Parlamentinin hesabatlarında Ermənistan üçün xoşagəlməz sürprizlər gözlənilir. Səbəb Ermənistan hakimiyyətinin fəaliyyətsizliyidir. Məlum olur ki, Ermənistan may ayından sonra formalaşdırılmış Avropa Parlamenti ilə heç bir rəsmi əlaqə qurmayıb, iş aparmayıb və səfərlər olmayıb. Nə Ermənistan XİN, nə də parlament Baseskunun təyin olunmasına mane olmağa çalışıb”. Qəzet daha sonra yazır ki, baş verənlər İrəvanın əleyhinə işləyir və Bakı hər bənd üzrə İrəvanı qabaqlayır, siyasi arenada Qarabağla bağlı qlobal uğurlar əldə edir:“ Baseskunun seçilməsi, sözsüz ki, siyasi arenada Bakının növbəti diplomatik uğurudur. O, tam olaraq azərbaycanyönümlü siyasətçidir. Təsəvvür edin, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Ermənistan üzrə məruzəçisi Qarabağda baş verən hər bir prosesə siyasi qiymət verəcək. Bunun İrəvan üçün nəyə gətirib çıxaracağını anlamaq çətin deyil”.
Erməni mediası onu da xüsusi olaraq vurğulayır ki, ümumiyyətlə, son illərdə Azərbaycan diplomatiyası Avropa istiqamətində fəal işləyib. Elə bunun nəticəsidir ki, Avropa Parlamenti və Avropa İttifaqı Qarabağ məsələsində son illərdə Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr və digər sənədlər qəbul edib. Bu xüsusda erməni tərəfi hələ 2017-ci il noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində qəbul edilən Birgə Bəyannaməni qeyd deilənlərə real nümunə qismində göstərir. Xatırladaq ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, həmin Birgə Bəyannamədə “Şərq Tərəfdaşlığı”nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib. Özü də Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. O vaxt Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxdı. Brüssel Sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilərək Ermənistanın işğal siyasətinə növbəti zərbə oldu. Bundan cəmi bir ay sonra Avropa Parlamenti illik "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi"ni qəbul etdi. Özü də bu sənəd “Şərq Tərəfdaşlığı” ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqlədi. Bu mənada, indinin özündə də həmin sənəd Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə münasibətinə dair prinsipial əhəmiyyətə malikdir. Çünki burada “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünə dəstəyə sadiqlik ilk dəfə bütün bu dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində göstərilir. Bundan əvvəl ötən ilin sonuna qədər belə konkretlik yalnız Ukraynaya münasibətdə nümayiş etdirilirdi. Amma artıq vəziyyət dəyişib. Digər tərəfdən, ərazi bütövlüynə sadiqlik ilk dəfə Avropa İttifaqının öhdəlikləri qismində ifadə olunub. Üçüncüsü, ilk dəfə bu şərh ümumi planda deyil, “Şərq Tərəfdaşlığı”ölkələrində yer almış bütün münaqişələrin nizamlanması kontekstində istifadə olundu. Avropa Parlamentinin cari ilin martında qəbul etdiyi və Avropa Şurasına, Avropa Komissiyasının vitse-prezidentinə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinə yolladığı rəyi də ermənilər üçün ciddi zərbə oldu. Çünki burada Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bu xüsusda sənəddə deyilir: “Şərq tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasını və gələcək dezinformasiya təhdidlərini diqqətə almaq; insanlar arasında əlaqələrə diqqət yönəltməklə və icmalar səviyyəsində dayanıqlılıq mənbəyi olan mövcud vətəndaş cəmiyyəti şəbəkələri ilə işləməklə, “Şərq tərəfdaşlığı” ölkələri ilə uzunmüddətli strateji yanaşmanın və qarşılıqlı fəaliyyət proqramının hazırlanmasına prioritet diqqət ayırmaq əsas məqsədlər sırasında yer alır”.Eləcə də Avropa Parlamentinin qəbul etdiyi “ Avropa İttifaqının tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyə sadiqliyi” adlı qətnamə də Ermənistan üçün ciddi diplomatik məğlubiyyət sayılır. Məhz bütün bunlar fonunda Trayan Baseskunun Avropa Parlamentində Ermənistan məsələsi üzrə yeni məruzəçi təyin edilməsi İrəvanda böyük təşviş doğurub. Çünki Ermənistanda hesab edirlər ki, bu hal Qarabağ məsələsində Azərbaycanın Ermənistana Avropada daha ciddi zərbələr vurması ilə müşayiət ediləcək. Bütün bunlardan Ermənistan və havadarları indi çox narahatdırlar. Çünki onlar artıq heç bir bəhanə ilə təcavüzkar ordunun işğal etdiyi torpaqlardan çəkilməməsinə hüquqi don geydirə bilmirlər. Digər tərəfdən, belə vəziyyətdə BMT-nin dörd məlum qətnaməsinin də reallaşması üçün əlavə imkanlar yaranır.
Bununla yanaşı, o da faktdır ki, erməni tərəfi təkcə Avropada işğal siyasətinə görə tənqid və təzyiq hədəfinə çevrilmir. Erməni mediası yazır ki, Avropa ilə yanaşı, Rusiya ilə əlaqələrdə də çöküş davam edir. Bunun sübutu kimi qeyd olunur ki, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə silah satışı davam edir. Bu məsələyə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı yenidən toxunub. Paşinyan Ermənistanda bütün siyasi qüvvələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin, xüsusilə Rusiyanın Azərbaycanla silah satışına qarşı olduğunu bildirib: “Ermənistanda bütün siyasi güclər bu məsələdə həmfikirdir, hətta mövqelərimizi dəqiqləşdirməyə ehtiyac yoxdur”. Paşinyan qeyd edib ki, Ermənistan Rusiya tərəfi ilə danışıqlarda, müxtəlif platformalarda bu məsələni hər zaman qaldırır. Amma Paşinyanın bu dediklərinə rəğmən, erməni mediası yazır ki, Rusiya Azərbaycanla hərbi əməkdaşlığı genişləndirir və bura Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri, xüsusən də Belarus daxil edilir. Rusiyalı ekspert Yuri Mavaşyev isə bildirir ki, Moskva Bakı ilə münasibətləri bundan sonra da dərinləşdirmək niyyətindədir: “Moskva üçün İrəvanın mövqeyi maraqlı deyil. Rusiya, Erəmnistanın narazılığına baxmayaraq, Azərbaycan və Türkiyə ilə əməkadaşlığı genişləndirir, onlara müasir hərbi texnika satır. Ermənistan və erməni lobbisi Moskvanın Bakı və Ankara ilə münasibətlərində problem yaratmaqda maraqlıdır. Amma bu alınmayacaq. Xüsusən də Paşinyanın xarici siyasəti fonunda bu alınmayacaq. Digər tərəfdən, geosiyasi dəyişikliyi, Rusiya və Türkiyənin Suriya analaşmasını diqqətdən qaçırmaq olmaz. Ermənistanda düşünürlər ki, növbəti onlardır. Kürdlərlə olduğu kimi, onlarla da elə davranacaqlar. Bilirlər ki, Qarabağ məsələsini həll etmək, Azərbaycanla ortaq dil tapmaq lazımdır. Bundan sonra heç bir problem olmayacaq. Biz Rusiya tərəfindən Ermənistana razılaşmanın vacibliyi ilə bağlı çağırışları eşitmişik. Və Suriya məsələsinə qayıdaraq qeyd edim ki, əlbəttə, bölgədəki bütün ölkələr Suriya probleminin həll yolunda maraqlı olmalıdır. Ancaq problem ondadır ki, hər kəs “münaqişənin həlli” konsepsiyasına fərqli şəkildə yanaşır. Bax, Ermənistan da burada öz istəyini ortaya qoyur. Amma artıq onunla hesablaşan yoxdur”. Bütün bunlar fonunda Ermənistanda hesab edirlər ki, İrəvan xarici siyasət sferasında Bakıya daha böyük hesabla məğlub olur və bu da Qarabağ məsələsinə öz təsirini göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.