Baş nazir Nikol Paşinyanın bütün cəhdlərinə baxmayaraq, İrəvan və Moskva arasında münasibətlər sürətlə pisləşmyə doğru gedir. Belə görünür ki, Paşinyanın istənilən addımlarına baxmayaraq, Moskva ona etimad etmir və Ermənistanın indiki baş naziri ilə işləmək niyyətində deyil. Ermənistan mediası yazır ki, belə bir vaxtda iki ölkə arasında yeni silah qalmaqalı Kremlin Paşinyana qarşı mövqeyinin daha da sərtləşməsi ilə müşayiət olunacaq.
Xatırladaq ki, Rusiya ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana etiraz notası ünvanlayıb. Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev tərəfindən Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanan notada vəziyyətin nizama salınması istənilir. ORSIS şirkətinin nümayəndəsi “RİA Novosti”yə bildirib ki, onların da qatıldığı bir neçə milyon dollarlıq silah tədarükü ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin tenderinin ləğvindən sonra ölkədə “xidmətə qarşı laqeydlik” maddəsi ilə cinayət işi başlanıb. Sonradan bu məlumat nazirlik tərəfindən də rəsmi olaraq təsdiqlənib. Bildirilir ki, ORSIS şirkəti cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib və Ermənistan Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərinə səhlənkar yanaşma" maddəsi ilə cinayət işi açılıb.
Sənəddən həmçinin görünür ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gəlsəydi və müqaviləni imzalamaqdan imtina etsəydi belə, kompensasiya ödəməli idi. Qeyd edək ki, "Promtexnoloqii" şirkətlər qrupunun bir hissəsi olaraq ORSIS illər boyu Ermənistanı silah, güllə, optik cihazlarla təchiz edir. Şirkətdən bildirilib ki, yaranmış vəziyyət Ermənistanda güllə istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihənin taleyini də sual altında qoyur. Müəssisəyə Rusiya tərəfindən bir neçə milyon ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulurdu. Amma bütün bunlar, həmçinin Rusiyanın Ermənistana hərbi texnika alışı üçün kredit verməsi artıq ciddi sual altına düşüb. Erməni ekspert Armen Hovasapyan bildirir ki, baş verənlər Kremlin Paşinyana qarşı daha sərt mövqe sərgiləməsinə səbəb olacaq. Onun sözlərinə görə, məhz Paşinyanın gəlişi ilə Rusiya-Ermənistan münasibətlərində böhran başlanıb: “Ermənistan son illər bir sıra daxili və xarici geosiyasi dəyişikliklərə şahid oldu. Bu müddət ərzində ölkə ictimai-siyasi silkələnmələr, konstitusiya və siyasi sistemdə dəyişikliklər yaşadı, Qarabağda hərbi əməliyyatların yenidən başlaması ilə qarşılaşdı, xarici strateji prioritetlərinə yenidən baxıldı və ən əsası, Ermənistanda hakimiyyət dəyişikliyi, daha doğrusu, hakimiyyətin ələ keçirilməsi baş verdi. Bunun da nəticələri Ermənistanın xarici vektorlarına açıq-aşkar təsir etməyə səbəb oldu.
Buna qədər Ermənistanın Rusiyanın yeganə müttəfiqi, Rusiya hərbi bazası olan yeganə ölkə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan, Rusiya Federasiyası tərəfindən yaradılan Avrasiya İqtisadi Birliyinə üzv olan yeganə Cənubi Qafqaz ölkəsi kimi bölgədə özünəməxsus rol oynayırdı. Lakin bu kontekstdə Ermənistandakı bu “inqilab”ın ilk növbədə Ermənistan-Rusiya münasibətlərinə təsir etdiyini bildirmək vacibdir və bu, Paşinyanın bütün siyasi karyerası boyu daxili-siyasi sahədə anti-Rusiya xadimi olaraq seçilməsi ilə bağlıdır. Onun baş nazir olması Rusiya tərəfi üçün kifayət qədər arzuolunmaz idi”. Bununla yanaşı, ekspert vurğulayır ki, Paşinyan komandasının bəzi üzvlərinin müxtəlif məqamlarda səsləndirdiyi anti-Rusiya ifadələri Ermənistandakı hazırkı siyasi komandanın Rusiya tərəfi ilə siyasi gündəmə çox da sadiq olmadığını göstərir: “Son bir il yarım ərzində Paşinyan və komanda yoldaşları mümkün olan hər variantda Rusiya tərəfinə olan münasibətlərini (Gürcüstan parlamentindəki anti-Rusiya hərəkətləri zamanı salonu tərk etmək, Rusiya ilə bağlı AŞPA-dakı məlum səsvermə, anti-Rusiya rəsmilərinin açıq-aşkar vəzifələrə təyin edilməsi, erməni rəqəmsal telekanalları siyahısından rus dövlət telekanallarının ehtimal edilən çıxarılması və sairə) nümayiş etdirirlər. Bütün bunlarla yanaşı, Rusiya liderinin ümumi geosiyasi marağı nəzərə alması və hər hansı bir tədbir görməzdən əvvəl bütün mümkün risqləri qiymətləndirməsi məntiqlidir. Buna görə də Cənubi Qafqaz Dəmir Yollarının istismarının məlum problemi kimi mövzuların erməni reallığında dolaşması təsadüfi deyil, bu halda, deyilən məqam reallıq olduğu təqdirdə Ermənistan həqiqi təhlükəsizlik təhdidi ilə üzləşə bilər. Yaxud deyək ki, hər zaman haqqında söhbət edilən qazın satınalma qiymətinin yaxın gələcəkdə 30-35%-ə kimi bahalaşma ehtimalı bunlardan biridir. Bunlar heç vaxt təsadüf sayıla bilməyən məsələlərdir, çünki siyasətdə heç nə unudulmur”. Hesab edilir ki, bu gedişlə Moskva üçün İrəvan regionda hədəfə çevriləcək. Bunu rus hərbi təhlilçi İqor Korotçenko da istisna etmir: “Biz Paşinyanın anti-Rusiya xarakterli şərhlər etdiyini müstəqil şəkildə görürük. Burada gizli anti-rus alt konteksti var. Buna görə də erməni xalqı onun fəaliyyətlərini qiymətləndirəcək və siyasi taleyinə qərar verəcək, çünki xalq Paşinyanın hakimiyyətə gəlməyindən əvvəlki vəziyyətlə sonrakı vəziyyət arasında nəticə görməsə, yeni rəhbər istəyəcək. Əslində, proseslər elə bu istiqamətdə də cərəyan edir. Təəssüf ki, Paşinyan Rusiya ilə münasibətləri korlayıb. Onun addımları Moskvanı getdikcə daha çox narazı salır”. Bu vəziyyətdə gözlənir ki, Kreml Paşinyanın mövqelərini laxlatmaq üçün daha radikal addımlar atacaq. Bura ilk növbədə Ermənistana qarşı iqtisadi təzyiq rıçaqlarının işə salınması, satılan qazın qiymətinin qaldırılması, rus kapitalının Ermənistandan çəkilməsi, Rusiyadan pul transfertlərinin kəsilməsi, kreditlərin verilişinin dayandırılması və digər belə məqamlar daxildir. Bunun ardınca Paşinyana qarşı Qarabağ məsələsi üzərindən də təzyiqlərin işə salınması gözlənilən hal sayılır.
Nahid SALAYEV