19/10/2019 22:27
728 x 90

ABŞ ermənilərinin konqresi Heydər Əliyevin adından görünməmiş yalan məlumat yaydı

Fikrət Sadıqov: “Qarabağdakı separatçıların danışıqlarda tərəf kimi iştirak etməsi barədə deyilənlər həqiqətə uyğun deyil”

img

ABŞ-dakı “Hay Dat” Erməni Milli Komitəsi belə bir məlumat yayıb ki, guya Azərbaycanın mərhum prezidenti Heydər Əliyev üçtərəfli formatda danışıqların tərəfdarı olub. Amerika Erməni Milli Komitəsi bunu onunla əsaslandırmağa çalışır ki, ABŞ-ın sabiq prezidenti Bill Klinton ilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev arasında 1 avqust 1997-ci ildə Oval kabinetdə keçirilən görüşdə bu məsələ müzakirə olunub. Onlar iddia edirlər ki, guya baş tutan görüşdə sözügedən söhbəti ətraflı şəkildə əks etdirən məxfi sənədi Ağ Ev nəşr edib.

“Hay Dat”ın “Twitter” hesabında yayımladığı məlumatda deyilir ki, Heydər Əliyev separatçı qurumun Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in himayəsi altında danışıqlarda tərəf kimi iştirak etməsinə qarşı olmadığı barədə maraqlı məlumatlar var. Daha sonra Heydər Əliyevin adından belə yazılıb: “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ Minsk Qrupu prosesində birbaşa danışıqlarda təmsil olunur. Bunu davam etdirəcəyik...”

Məlum məsələdir ki, bu, ermənilərin növbəti uydurmasıdır. Ona görə ki, mərhum prezident Heydər Əliyev heç vaxt separatçı qurumun danışıqlarda tərəf olmasının tərəfdarı olmayıb. Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılıb. Heydər Əliyev böyük siyasətçi olaraq heç vaxt separatçı tərəfin danışıqlarda tərəf kimi iştirakına razı olmayıb.

Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?

  • “Heydər Əliyev heç vaxt belə bir fikir səsləndirməyib”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu, ermənilərin növbəti uydurmasıdır: “Uydurmadır ona görə ki, onlar ardıcıllığı səhv salıblar. Məsələ ondadır ki, birinci mərhələdə işğal olunmuş torpaqlar azad edilməlidir. İkinci mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam  edir və müzakirə aparılır. Dağlıq Qarabağ o zaman danışıqlarda iştirak edə bilər ki, orada həm azərbaycanlı, həm də erməni icması tərəf kimi iştirak etsin. O da yalnız sözügedən şərtlər daxilində mümkündür. Ona görə də Dağlıq Qarabağdakı separatçıların danışıqlarda tərəf kimi iştirak etməsi barədə deyilənlər həqiqətə uyğun deyil. O üzdən, bunu ciddi və eyni zamanda, düzgün qəbul etmək mümkün deyil. Heydər Əliyev heç vaxt belə bir fikir səsləndirməyib. Ona görə ki, o, kifayət qədər müdrük və təcrübəli dövlət xadimi idi. Bu baxımdan deyilənlər həqiqəti əks etdirmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər