ABŞ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər, Bəhreyn, Misir və İordaniyanın daxil olduğu yeni bir hərbi ittifaq qurur. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, İrana qarşı qurulan yeni ittifaq “Ərəb NATO-su” adlandırılacaq.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp səssiz sədasız şəkildə Yaxın Şərqdə yeni bir hərbi ittifaq üzərində çalışır. Bu layihənin məqsədi isə, İranın bölgədə artan hərbi və siyasi nüfuzuna qarşı yeni bir blok yaratmaqdır. Ərəb və ABŞ rəsmiləri, planın NATO-nun ərəb versiyası şəklində bir ittifaq qurulmasına hesablandığını deyir.
“Reuters” yazır ki, İrana qarşı qurulan yeni siyasi və təhlükəsizlik ittifaqının yaradılması istiqamətində işlər davam edir. Ağ Ev və Yaxın Şərqdəki mənbələr də, gizli həyata keçirilən bu layihəyə "Ərəb NATO-su" adının verildiyini bildirir.
Trampın sözügedən planı, Körfəz ölkələrindən başqa, Misir və İordaniyanı da əhatə edəcək. Yeni ittifaq çərçivəsində, üzv ölkələr raketdən müdafiə, hərbi təlim və terrorla mübarizədə daha təsirli və dərin əməkdaşlıq edəcək. Ərəb ölkələri arasında, regional iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsi də ittifaqın məqsədləri sırasındadır.
Sözügedən planın ötən il Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı gündəmə gəldiyi bildirilir.
Qeyd edilir ki, qısa adı MESA olan “Middle East Strategic Alliance” (Yaxın Şərq Strateji İttifaqı) layihəsi, 12-13 oktyabr tarixlərində Vaşinqtonda keçiriləcək bir zirvədə geniş müzakirəyə çıxarılacaq.
Ağ Ev isə bölgədə tarazlığı dəyişəcək sözügedən "ittifaq" haqqında son bir neçə aydır regional tərəfdaşlarla plan üzərində çalışıldığını bildirib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü isə, "MESA, İranın təcavüzkarlığı, terrorizm və radikalizmlə mübarizə aparacaq və Orta Şərqə sabitlik gətirəcək" deyə bildirib.
Məsələ ilə bağlı “Reuters”ə açıqlama verən adı açıqlanmayan İran rəsmisi isə, Amerika və regional müttəfiqlərinin, Yaxın Şərqdə sabitliyi təmin etmək bəhanəsilə, bölgədə gərginliyi qızışdırdığını bildirib.