Elşən Həsənov: “Qeyd edim ki, Avropa Birliyinin elə bir ölkəsi tapılmaz ki, Azərbaycanla sazişin imzalanmasına qarşı çıxsın”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransaya etdiyi rəsmi səfər çərçivəsində Parisdə Senatın sədri Jerar Larşe ilə görüşüb.
Həmin görüşdə İlham Əliyev bildirib ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, aparılan müzakirələr Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib. Vurğulanıb ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır. Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırılıb. Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, aparılan müzakirələr Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini necə verə bilər?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Avropa Birliyi fərqli ölkələrdən təşkil olunan bir siyasi klubdur: “Bu günlərdə İtaliya Prezidenti ilə olan görüşdə də bu məsələyə xüsusi olaraq toxunuldu. Hiss edildi ki, İtaliya da hər vəchlə Azərbaycanla Avropa arasında sazişin imzalanmasında maraqlıdır. Fransada keçirilən görüşdə də bu məsələyə xüsusi toxunulub. Hətta qeyd edilib ki, oradakı müzakirə bu sazişin imzalanmasına sürətli təkan verə bilər. Bu inandırıcıdır. Çünki Fransa sıradan bir ölkə deyil. Avropa Birliyinin onurğa sütununu təşkil edir. Həmin təsisatın siyasi paytaxtı statusunu daşıyır. Avropa Birliyinə aid bir sıra önəmli müzakirələrə məhz Fransa evsahibliyi edir. Bundan əlavə, həmin ölkənin Azərbaycanla sıx siyasi, iqtisadi və mədəni əlaqələri mövcuddur. Fransa uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Minsk Qrupu formatına həmsədrlik edir. Bu baxımdan da hesab edirəm ki, Fransa ilə təmasları bu istiqamətdə məqbul saymaq olar. Qeyd edim ki, Avropa Birliyinin elə bir ölkəsi tapılmaz ki, Azərbaycanla sazişin imzalanmasına qarşı çıxsın. Onlar hamısı bilir ki, Azərbaycan Avropanıın vacib tərəfdaşı və mühüm iqtisadi partnyorudur. Azərbaycanın reallaşdırdığı iqtisadi layihələr onlar üçün çox önəmlidir. Buna görə də bizi yanlarında görmək istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ