Aqşin Əliyev: “Bizi narahat edən başqa bir məsələ isə belə səfərlərin əks istiqamətdə də reallaşmasıdır”
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu deyib.
O bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Senatın sədri, həmçinin, Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışıb, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Senatın sədri vurğulayıb ki, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.
Fransa ilə bağlı Azərbaycanı narahat edən məsələlərdən biri də oradakı erməni lobbisinin təsiri ilə fransız vətəndaşları olan ictimai-siyasi xadimlərin, sənət adamlarının işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanusuz səfərlərinin daha çox təşkil olunmasıdır. İlham Əliyevin Fransa Senatında keçirdiyi görüşlər işğal altındakı ərazilərimizə Fransa vətəndaşlarının etdiyi qanunsuz səfərlərin qarşısının alınmasında nə kimi rol oynayacaq?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu olduqca vacib bir mövzudur: “Şübhə ola bilməz ki, görüşdə bu mövzuya da toxunulub. Danılmaz faktdır ki, erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri də Fransadır. Məhz həmin ölkədən Dağlıq Qarabağa qanunsuz səfərlər daha çox təşkil olunur. Azərbaycan bu məsələ ilə bağlı ciddi mübarizə aparır. XİN belə şəxslərin adını “qara siyahı”ya salır, sonra barələrində beynəlxalq axtarış elan edir. Hətta bu cür əməllərə görə məsuliyyətə cəlb edilənlər də olub. Fransaya edilən rəsmi etirazlara çox vaxt belə cavab verilirdi ki, o səfərlər Fransa hökumətinin istəyi ilə reallaşmır və yerli subyektlərin şəxsi təşəbbüsü ilə baş tutur. Ancaq bizə məlumdur ki, belə səfərlər Fransada fəaliyyət göstərən erməni lobbi dairələri tərəfindən yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmağa hesablanır. Bizi narahat edən başqa bir məsələ isə belə səfərlərin əks istiqamətdə də reallaşmasıdır. Təəssüflə qeyd edə bilərik ki, qondarma qurumun nümayəndələri Ermənistan Respublikasının diplomatik pasportu ilə Fransaya səfər edə bilib, hətta orada bir sıra görüşlər də keçiriblər. Bizim etirazlarımızdan sonra məlum olub ki, Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara təlimatlar göndərilib. Həmin təlimatda yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qanunsuz rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur. Prezident İlham Əliyevin Fransada keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra əminik ki, bu sahədə daha da irəliləyiş olacaq və biz Fransa vətəndaşlarının Azərbaycana səfər istəklərinin ölkəmiz vasitəsilə həllinin tapılacağının şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ