Şəmsəddin Əliyev: “Birlikdə mübarizə aparmaq bu cinayətlərin qarşısının alınmasında səmərə verir”
Prezident İlham Əliyev MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə ölkə Prezidenti bir sıra məqamlara toxunub.
Eyni zamanda, sözügedən əməkdaşlığın əhəmiyyəti vurğulanıb: “Bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir.
Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin etmişdir. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artmışdır. Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar”.
Həqiqətən də müasir dövrdə beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı kollektiv mübarizə daha effektiv vasitədir. Bu baxımdan sözügedən məsələni ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin sözügedən ifadəsində çox ciddi məqamlar var: “Çünki burada mütəşəkkil, transmilli cinayətkarlıqla birgə mübarizədən söhbət gedir. Mütəşəkkil cinayətkarlıq digər cinayət növlərindən, cinayətkarlıq fəaliyyətindən daha ağırdır. Burada mütəşəkkil dəstə kifayət qədər təchiz və təmin edilmiş vasitələrlə hərəkət edir. Bu da artıq dövlət sərhədini aşmış olur. Yəni bütövlükdə insan alveri ilə bağlı cinayətlərə, narkomanlığa və terrorçuluğa qarşı mübarizədə beynəlxalq normalara uyğun və hamı tərəfindən tanınmış qaydalarla mübarizə aparmaq lazımdır. Yəni birlikdə mübarizə aparmaq bu cinayətlərin qarşısının alınmasında səmərə verir. Bu baxımdan Azərbaycan hökuməti və Daxili İşlər Nazirliyi bu istiqamətdə olan beynəlxalq normaları ratifikasiya ediblər. Nəzərə almaq lazımdır ki, terrorçuluq 21-ci əsrin ən təhlükəli cinayət növlərindən biridir. İnsan alveri və narkomanlığa qarşı mübarizədə Azərbaycan əməkdaşlığı yüksək səviyyədə həyata keçirir. Bu, beynəlxalq tribunalarda da dəfələrlə səsləndirilib. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov BMT-nin müvafiq tribunalarında çıxış edərkən orada Azərbaycana qarşı məmnunluq ifadə olunub. O baxımdan düşünürəm ki, bütün bunlarda əsas var və Azərbaycan hökuməti sözügedən istiqamətdə mübarizəni inamla davam etdirir. Əsas niyyət də bundan doğur. Biz bu istiqamətdə heç vaxt səhlənkarlığa yol verməmişik və arxamızı çevirməmişik. Əksinə, Azərbaycan bu mübarizənin önündə olan tərəf kimi iştirak edib. Proses məhz bu şəkildə davam edir”.
Vidadi ORDAHALLI